Sizin reklam burada

“Heç kim hadisələrin necə inkişaf edəcəyini bilmir”

Baxış Sayı:336


Pandemiyanın çox böyük ziyan vurduğu yarışlardan biri də “Formula-1” üzrə dünya çempionatıdı. Başqa liqalarda mübarizə yarımçıq qalıbsa, avtoidman həvəskarları hələ də yeni mövsümün startını gözləyir. “Haas”ın rəhbəri Günter Ştayner son müsahibəsində “Formula-1” ilə bağlı bir çox aktual sualları cavablayıb.
- Hazırda “Haas”da durum necədi?
- Martın 19-da komandanın bazasını bağlamışıq. FIA rəhbərliyinin avqust fasiləsini mart və aprelə keçirməsini bəyənirəm, bu qərar vaxt qazanmağa imkan verir. Dünyanın koronavirusun öhdəsindən gəlib-gəlməyəcəyini anlamaq zəruridi. Alınmayacaqsa, bazaların qapalı qaldığı müddəti uzadacağıq, çünki adamların sağlamlığı ilə risk etməyin mənası yoxdu.
- “Formula-1” komandalarının sonrakı işini proqnozlaşdırmaq mümkündümü?
- Qətiyyən mümkün deyil, ona görə ki, heç kim hadisələrin necə inkişaf edəcəyini bilmir. Bildiyiniz kimi, martın 19-da keçirilən iclasda yeni reqlamentə keçidi 2022-ci ilə təxirə saldıq. İndi isə trassa mümkün qədər tez dönmək üzərində işləyirik. Problem ondadı ki, yüzlərlə ssenari fikirləşə bilərik, ancaq heç kim bunlardan hansının reallaşacağını bilmir. Biz yalnız virusun nəzarət altına alınacağı günü gözləyirik ki, trassa çıxmağa hazırlaşaq. İlin sonuna qədər imkan daxilində daha çox yürüş keçirmək istəyirik. Bundan başqa, maliyyə təhlükəsizliyinə də əmin olmaq lazımdı. Bu il bütün yürüşlərdə iştirak edə bilməyəcəyimizə görə az pul alacağıq. Gələn il bütün komandaların ayaqda qalacağı da dəqiqləşməlidi.
- Yürüş sayı nə qədər azdısa, mükafat məbləği də aşağıdı. Bu məqam “Haas”a necə təsir edəcək?
- Belə şəraitdə “Haas”ın mövcudluğu sual altına düşür. Ancaq hesab edirəm ki, çətinlikləri nikbin qarşılamaq lazımdı, çünki onlar yeni imkanlar yaradır. Biz, yəni bütün 10 komanda birlikdə işləsək, bu şəraitdən yaxşı vəziyyətdə çıxmağımız mümkündü.
- Nəyi nəzərdə tutursuz? 2021-də 175 milyon dollar təşkil etməli olan büdcəni daha da aşağı salmağı? Bu yöndə düşünürsüz?
- Düzdü. Qənaət yollarını axtarırıq. İndiki vəziyyətə heç cür təsir edə bilmərik, olanlara real baxmaq lazımdı. Az pul alacağıq, ancaq hamımız biznesdə qalmaq istəyirik. Bu idmanı gələcəkdə daha maraqlı edəcək ixtisarları razılaşdırmaq lazımdı. Hər şeydə neqativi yox, pozitivi axtarmalıyıq.
- Komandalar mərhələlərin ləğvi və ya təxirə salınması ilə bağlı qərarların qəbulunda iştirak edirlərmi?
- Yox. Bu məsələdə komandaların qərarı lazım deyil. Qərarı FIA, “Formula-1” rəhbərləri və yerli promouterlər qəbul edirlər.
- Sponsorlardan daxilolmaya görə itkilər nə dərəcədə böyükdü?
- Hələ ki bəlli deyil. Axı bu il neçə yarış keçirə biləcəyimiz dəqiqləşməyib. Mövsümün nə vaxt başlayacağını bilmirik. Ən azı mən bilmirəm. Vəziyyətə nəzarət etmirik, bu məqam bizdən asılı deyil. Düşünürəm ki, sponsorlar bir neçə mərhələni təxirə salmalı olacağımızı anlayırlar.
- Güman edək ki, çempionat ilin ikinci yarımilində başlayacaq. İndiki formatda qısa müddət ərzində çoxlu mərhələ təşkil etmək mümkün olacaqmı?
- Bəzi yarış həftəsonlarının 3 yox, 2 gün ərzində keçirilməsi üzərində işləyirik. Düzdü, bununla bağlı həllini tapmayan çoxlu sual var. Müxtəlif təkliflər alırıq, bu və ya başqa formatı sınaya bilərik. Əvvəllər razılaşdıra bilmədiyimiz variantları da gözdən keçirməliyik. Yaşamaq üçün bəzi yeniliklər etməliyik. İndi adamlar güzəştlərə daha çox meyillənib.
- Komanda ayaqda qalmaq üçün neçə “Qran-pri”yə qatılmalıdı?
- Bu suala dəqiq cavab verə bilmərəm. Çünki televiziya müqavilələrindən və ya sponsorlardan nə qədər alacağımız aydın deyil. Odu ki, neçə yürüşə qatılmalı olduğumuz və onların hər birində nə qədər qazanacağımız ilə bağlı anlayışım yoxdu.
- Mövsüm baş tutmasa, necə olacaq?
- Onda əksər komandaların varlığı sual altına düşəcək.
- Komandanızın sahibi Cin Haas ona eyham vurub ki, “Haas”ın sonrakı mövcudluğu mövsümün əvvəlini necə keçirəcəyinizdən asılı olacaq. İndiki vəziyyəti nəzərə alsaq, bu mənada nəsə dəyişibmi?
- Hazırda vəziyyət qeyri-müəyyəndi. Sadəcə, hadisələrin axarını izləyir və bütün əməkdaşların maaşını ödəyirik. Əminliklə demək olar ki, qısa perspektivdə komanda fəaliyyətini dayandırmayacaq. Cinin gələcəkdə nə edəcəyini, hansı addımlar atacağını bilmirəm. Yarışlarsız heç nə mümkün deyil, çünki “Formula-1” dünyasında mövqeyimizin necə olduğunu göstərə bilmirik. Gözləməkdən başqa çarəmiz yoxdu.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR