Sizin reklam burada

Xabib – Toni dueli 5-ci cəhddə də baş tutmadı

Baxış Sayı:373


UFC dağıstanlını tituldan məhrum edəcəkmi?
Qəzetimizin işıq üzü görmədiyi günlərdə dünya idmanında yaşanan hadisələr əsasən koronavirus pandemiyasının yaratdığı fəsadlarla bağlıdı. “Formula-1” üzrə dünya çempionatının Bakı mərhələsinin təxirə salınması martın 23-də, Tokio Olimpiadasının yalnız növbəti il baş tuta biləcəyi isə ertəsi gün açıqlandı. Diqqət mərkəzinə düşən hadisələrdən biri də Nurmaqomedov – Ferqyuson döyüşü ilə bağlı yaşananlardı.
Xabib nədən çəkindi?
Dünyada Gülüş günü kimi qəbul olunan aprelin 1-də UFC-nin yüngül çəkidə dünya çempionu Xabib Nurmaqomedovun “instaqram” hesabında amerikalı Toni Ferqyusonla aprelin 18-nə planlaşdırılan görüşlə bağlı yaydığı açıqlama heç də zarafat deyildi. Əvvəlcə həmin açıqlamaya baxaq: “Evdə - karantində oturmuşam və adamların döyüşüm ətrafında yaranan duruma reaksiyalarını oxuyuram. Belə çıxır ki, bütün dünya karantində oturmalıdı, bütün ölkələrin hökumətləri və dünyaca məşhur insanlar adamları xəstəliyin yayılmasını məhdudlaşdırmaq üçün təhlükəsizlik qaydalarına əməl etməyə çağırmalıdı, Xabib isə bütün öhdəliklərdən azaddı, döyüş naminə həyatını riskə atmaqla uçmalı və iradə azadlığını göstərməlidi. Hər şeyi anlayıram və döyüş ləğv olunduğuna görə heç də sizdən az təəssüflənmirəm. Başqaları kimi mənim də döyüşsonrası dövr üçün planlarım var idi, ancaq bütün bunlara nəzarət etmək gücüm xaricindədi. Dünyanın nəhəng ölkələri, böyük şirkətlər başverənlərə görə şokdadı, hər gün durum təsəvvür olunmayacaq dərəcədə dəyişir. Ancaq Xabib istənilən halda döyüşməlidi – belə çıxır? Özünüzü qoruyun və mənim yerimə qoyun”.
Nə baş verib?
Xabibə inansaq, UFC-dən ona deyiblər ki, UFC 249 şousu çərçivəsində döyüşlər 99 faiz Əbu-Dabidə keçiriləcək. Bu üzdən martın 20-də ABŞ-dakı məşq düşərgəsini (son 40 gündə Kaliforniyada olub) tərk edən dağıstanlı BƏƏ-yə yollanıb. Ancaq bir gün əvvəl bu ölkəyə əcnəbilərin girişi yasaqlandığından Xabib BƏƏ-yə buraxılmayıb. Vəziyyəti belə görən döyüşçü Mahaçqalaya qayıdıb və indi evindəki zalda məşq edir.
“İnstaqram”dakı açıqlamadan sonra internetdə, sosial şəbəkələrdə Xabibi ən müxtəlif ifadələrlə tənqid, təhqir edən, qorxaq adlandıran adamların sayı-hesabı yoxdu. İndiyə qədər MMA çərçivəsində keçirdiyi 28 görüşün hamısında qələbə qazanan bir adamı qorxaqlıqda suçlamaq ən azı məntiqli görünmür. O, sadəcə, ehtiyatlı davranır. Bütün dünyanın koronavirusdan əziyyət çəkdiyi günlərdə belə davranış anlaşılandı. Maraqlıdı ki, cəmu iki gün əvvəl, yəni martın 30-da döyüşməyə hazır olduğunu deyir, görüşün yerinin və tarixinin açıqlanmasını tələb edirdi. Əslində Xabib istəsəydi, yenidən ABŞ-a uça bilərdi. Məsələn, aprelin 3-də “Areoflot”un Nyu-Yorka reysi var idi. Məhz elə həmin gün onun Rusiyadakı karantin dövrü bitirdi. Heç özəl uçuşlara, rusiyalıların ABŞ-a daxil olmasına da yasaq qoyulmayıb. Hər halda, ötən həftənin bazar ertəsi bir, çərşənbə günü isə fərqli açıqlama verməsi Xabibə başucalığı qazandırmır və onu qorxaqlıqda suçlayanların əlinə bəhanə verir.
Bu başqa məsələ ki, hər kəs sosial təcrid vəziyyətində olduğu halda, istənilən idmançının həyatındakı ən vacib döyüşə lazımınca hazırlaşması, 12-13 kiloqram çəki atması, mübarizəyə köklənməsi çox çətindi. Döyüşə 18 gün qalmış yerin açıqlanmaması da UFC kimi nüfuzlu təşkilat üçün nöqsan sayıla bilər.
Çox güman, məhz döyüşə ideal idman formasında çıxa bilməmək ehtimalı Xabibin Mahaçqalada qalmaq qərarında həlledici rol oynayıb. O, idman planında idealistdi. Yaşlanmadan, həm də məğlubiyyətsiz oktaqonu tərk etmək, 30 görüşə 30 qələbə arzusu da bundan xəbər verir.
Uayt nə deyəcək?
Bildiyiniz kimi, indi az qala hər gün yeni qaydalar, yeni qadağalar müəyyənləşir. Maraqlıdı, UFC-də Xabibin martın 20-də BƏƏ-yə yollanmasına, bir gün əvvəl isə bu ölkənin əcnəbilərə sərhəddi bağlamasına necə göz yumublar? Bu ən azı səhlənkarlıqdı. Təbii ki, Xabibin dediklərinə inansaq. İndi onu BƏƏ-dən gəldiyi yerə - ABŞ-a dönməməkdə də suçlayırlar. Ancaq şounun bu ölkədə baş tutmayacağı deyilmişdisə, ora qayıtmağın mənası nə idi? Hər halda, bu məsələdə suallar çoxdu.
Hələ ki UFC prezidenti Dana Uayt yalnız bir açıqlama verib: “Onsuz da hamı Xabibin döyüşməyəcəyini bilirdi”. Uaytın son üç həftədə daim döyüşün keçiriləcəyini dediyini nəzərə alsaq, son açıqlama çox qəribə görünür. Bunu necə qiymətləndirək - Xabib döyüşmək istəmədi, yoxsa bacarmadı? Yəqin ki Uayt yaxın günlərdə bununla bağlı ətraflı izahat verəcək, Xabibin əcnəbilərin girişinə qadağa qoyan BƏƏ-yə uçmasına da aydınlıq gətirəcək.
UFC Xabibin hərəkətini necə qiymətləndirəcək?
Bu məqamda daha bir haqlı sual doğur: Xabibin titulunun taleyi necə olacaq? Təbii ki, Ferqyuson kəmərin ondan alınmasını istəyir. Amma belə qərar nə dərəcədə legitim olardı?
Qurumun indiyə qədər çempionluqdan məhrum etdiyi adamlara baxaq:
- dopinq (Coş Barnett, Tim Silviya, Şon Şerk, Con Cons, Ti-Cey Dillaşou);
- başqa qurumla müqavilə bağlamaq (Murilo Bustamente);
- müqavilə ilə bağlı yaranan fikir ayrılığı (Cens Pulver);
- zədə üzündən titulu qorumaq uğrunda döyüşə çıxmağın mümkünsüzlüyü (Frenk Mir, Keyn Velaskes, Dominik Krus, Nikko Montanyo);
- qanun pozuntusu (Con Cons);
- uzunmüddətli fasilə (Konor Makqreqor);
- titulu qorumaqdan imtina (Jermeyn de Randami).
Xabibin dopinqlə bağlı problemi yoxdu, sağlamdı, qanunu pozmayıb, çıxışında uzunmüddətli fasilə yaranmayıb. Beləliklə, UFC yalnız dağıstanlının əsassız səbəb üzündən Ferqyusonla döyüşə çıxmaqdan imtina etdiyini müəyyənləşdirərsə, kəməri əlindən ala bilər. Xabibin imtina motivləri tam fərqlidi. Əldə olan informasiyaya (UFC-nin döyüşün BƏƏ-də keçiriləcəyi haqda yalan xəbəri, aviauçuşlarla bağlı çətinliklər, koronavirus pandemiyası) əsaslansaq, o, döyüşdən imtina etməyib. Bu üzdən UFC-nin dağıstanlıdan kəməri almaq üçün hansısa ciddi əsası yoxdu. İndi hamı maraqla qurumun rəhbəri Dana Uaytdan açıqlama gözləyir.

Reaksiyalar
Abdulmanap Nurmaqomedov (Xabibin atası): “Döyüş baş tutmayacaqsa, bunu faciəyə çevirmək lazım deyil. Bütün dünyada insanların sağlamlığı kimi daha vacib şeylər var. Döyüşü sonra da keçirmək olar. Rəqəm açıqlamaq istəmirəm. Ancaq biz əla formadaydıq. 105 günlük hazırlıq mərhələsi keçmişdik və döyüş vaxtına 20 gündən az qalırdı. Ferqyuson belə Xabibin önündə nə qədər davam gətirərdi? 2-2,5 raund”.
Toni Ferqyuson: “Xabib bu dəfə döyüşməli olacağını bilirdi. Biz onu qorxutduq. Artıq 6 ildi belədi. Mən muzdlu qatiləm. Xabib və Konor isə it kimi quyruqlarını qısıb qaçırlar. Mən artıq çempionam. Əlbəttə, çox məyusam. Xabibin burda (ABŞ-ı nəzərdə tutur – red.) qalmaq və ya Rusiya ilə sərhədlər bağlanana qədər dönmək imkanı var idi. Ancaq Dağıstana yollanmağa qərar verdi. Bu oğlan döyüşmək istəmir, qorxub, qaçır və tituldan məhrum olunmalıdı. Mənə onun qaçdığı aydındı. Xabib bu şounu xilas edə bilərdi, ancaq risk etmək istəmədi”.
Xabib Nurmaqomedov: “Qoy Toni özü məni tituldan məhrum setməyi sınasın. O, sadəcə, axmaqdı. Yaxşı, səhvim varsa, məni kəmərdən məhrum edin. Ötən dəfə - 2018-in aprelində onun səhvi olmuşdu, indi isə Xabibin yox, koronavirusun səhvidi. Bunlar fərqli şeylərdi. Bilirəm ki, Dana Uayt bu döyüşün təşkili yolunda çox çalışır”.
Konor Makqreqor: “Döyüş günü yaxınlaşdıqca Toni ilə Xabib bir-birini zəif çıxarmaq yarışına girmişdilər. Və Xabib birinci qorxmaqla hesabı 3:2 Toninin xeyrinə etdi. Xabib böhran şəraitinin ortasında ABŞ-dan evə qaçdı. Təbriklər, Toni”.
Con Kavana (Makqreqorun məşqçisi): “Konorun bu döyüşdə iştirakı (Xabibi əvəz etməsini nəzərdə tutur – red.) ilə bağlı heç bir şans yoxdu. İrlandiyada koronavirus üzündən sərt karantin hökm sürür. Məşq etmək imkanımız yoxdu. Konor heç trenajor zalına da gedə bilmir, çünki hər yer bağlıdı”.

Xabiblə Toni arasında baş tutmayan döyüşlərin tarixçəsi
Tarix: 11 dekabr 2015. Ləğv səbəbi: Xabib məşqdə qabırğasını sındırıb.
Tarix: 16 aprel 2016. Ləğv səbəbi: Toninin ağciyərlərinə maye yığılıb.
Tarix: 4 mart 2017. Ləğv səbəbi: çəkiatmadan sonra Xabibin vəziyyəti pisləşib, hospitala aparılıb.
Tarix: 7 aprel 2018. Ləğv səbəbi: Toni dizin xaçabənzər bağlarını qırıb.
Tarix: 18 aprel 2020. Ləğv səbəbi: koronavirus pandemiyası.
ORXAN

Oxşar xəbərlər
SON XƏBƏRLƏR