Sizin reklam burada

Türkiyəyə futbol nə vaxt “qayıdacaq”?

Title

Məlum olduğu kimi, Türkiyə çempionatı martın 19-dan etibarən qeyri-müəyyən müddətə təxirə salınıb. Hələ ki superliqa matçlarının nə vaxt oynanılacağını heç kim bilmir.
Türkiyə Futbol Federasiyasının üç variantı var idi. Birinci variant çempionatı aprelin 17–də başlayıb iyunun 14-də bitirmək, ikinci variant aprelin 24-də başlayıb iyunun 21-də bitirmək, üçüncü variant isə mayın 8-də başlayıb 2 turu həftəiçinə salmaqla iyunun 28-də bitirməkdən ibarət idi. Amma qardaş ölkədə koronavirusa yoluxanların sayı durmadan artır. Aprelin 5-nə olan məlumata görə 20065 testdən 3135-nin nəticəsi pozitiv olub və bununla da ölkədə koronavirusa yoluxanların sayı 27069, ondan dünyasını dəyişənlərin sayı isə 574 nəfərə çatıb. Ona görə də bu üç variantın heç birini həyata keçirmək mümkün olmayacaq.
Federasiyanın idarə heyəti aprelin 2-də superliqanın taleyi ilə bağlı iclas keçirib. 2 saatdan artıq davam edən iclasın ardından prezident Nihat Özdəmir superliqanın rəsmi yayın hüququna malik olan “Bein Sports” kanalına açıqlamalar verib: “UEFA-ya üzv olan 55 ölkədən yalnız birində - Belarusda futbol davam edir. Amma UEFA onlardan da futbolu dayandırmağı tələb edib. Bütün dünya kimi biz də çətin dönəmdən keçirik. Bizim ücün insanlarımızın sağlamlığı hər şeydən önəmlidi. Aprelin ortalarından etibarən virusun yayılma sürətinin azalacağını düşünürük. Zirvə nöqtəsi təxminən aprelin 18-20-nə təsadüf edəcək və ondan sonra azalmağa başlayacaq. Mayın əvvəllərində yenidən toplanıb bəzi yeni qərarlar qəbul edəcəyik. İyunun ilk həftəsində superliqanı davam etdirməyi düşünürük. 26-cı turun azarkeşsiz oynanılması qərarı doğru idi. Çünki bunu da sınaqdan keçirməliydik. Həmin turu keçirməsəydik, indi mövsümün bitiminə 8 yox, 9 tur qalacaqdı. İstər azarkeşlə, istərsə də azarkeşsiz olsun, bu mövsümü mütləq tamamlayacağıq. İyunun əvvəlində başlasaq, ən gec iyulun ortalarında mövsümü bitirəcəyik”.
TFF prezidentinin açıqlamasından da göründüyü kimi, superliqada fasilənin iyunun əvvəllərində başa çatacağı gözlənilir. Maraq üçün vurğulayaq ki, 1989-cu ildən bəri Türkiyə çempionatında yalnız bir dəfə iyunda oyun keçirilib. Söhbət 2016/17 mövsümündən gedir. Həmin vaxt sonuncu - 34-cü turun oyunları iyunun 2-3-də keçirilmişdi. Superliqanın ilk mövsümlərində, daha dəqiq desək, 1959-65-ci illərdə matçların iyunda keçirilməsinə tez-tez rast gəlinib. Cari mövsüm iyulda başa çatacağı təqdirdə isə Türkiyə çempionatı tarixində bir ilk yaşanacaq. Belə ki, indiyə qədər iyulda heç vaxt superliqa qarşılaşması keçirilməyib. Sonda xatırladaq ki, bu mövsüm artıq 26 tur oynanılıb və sona cəmi 8 tur qalıb. “Trabzonspor” və “İstanbul BŞ” 53 xalla turnir cədvəlinə başçılıq edirlər.
ƏLİ
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.