Sizin reklam burada

“Sumqayıt” 40 həmvətənimizi himayəyə götürdü

Baxış Sayı:406


Ölkədə tətbiq olunan xüsusi karantin rejimi üzündən yaşı 65-dən yuxarı adamların küçələrə çıxmasına qadağa qoyulub. Bu da, təbii ki, ahılların gündəlik həyatına təsirsiz ötüşmür. Adi vaxtda dükan-bazara yollanıb lazımi azuqələrini alanlar koronavirusun yayılması səbəbindən indi bunu edə bilmirlər. Ancaq xalqımızın gözəl bir adəti var: böyüklərə, yaşlılara hörmət etmək, əlsiz-ayaqsızların yanında olmaq. Şükürlər olsun, hələ ki Azərbaycanda ailə institutu, keçmişdən bizlərə yadigar qalan milli-mənəvi dəyərlər qorunub-saxlanılır.
COVID-19 Azərbaycana “ayaq açandan” müxtəlif müəssisə və təşkilatlar, ictimai qurumlar, idman federasiyaları, futbol klubları “evdə qal, sağlam qal” kampaniyasına qoşulublar ki, “Sumqayıt” da onlardan biridi. Klubun təşkilatçılığı, “Paşa Həyat Sığorta” ASC, “Kapital Bank” ASC və “Universal-PRO” MMC-nin dəstəyi ilə futbolçular və məşqçi korpusu “Evdə qal, sağlam qal” adlı aksiya çərçivəsində şəhərin yaşlı sakinlərinin evlərinə baş çəkərək, onlara ərzaq yardımı göstəriblər. Aksiyada “Sumqayıt”ın məşqçiləri – Mehman Yunusov, Eduardo Balada, eyni zamanda futbolçular – Mehdi Cənnətov, Elvin Bədəlov, Cəmaləddin Xocaniyazov, Rüfət və Səbuhi Abdullazadələr, Mehdi Şərifi və Xəyal Nəcəfov iştirak edib. Xüsusi karantin müddəti boyunca onlara evdən çıxmamağı məsləhət görən komanda üzvlərinə şəhər sakinləri belə çətin günlərdə yaşlıları unutmadıqları üçün “çox sağ ol” deyib və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Ümumilikdə klub rəhbərliyi yaşı 65-dən yuxarı olan 40 şəhər sakinini himayəyə götürüb. Onların lazımi ərzaqla təmin olunması üçün qrafik tərtib olunub. Əsas komanda ilə yanaşı, əvəzedici heyətin məşqçi korpusu və futbolçular, akademiyada çalışan məşqçilər müntəzəm həmin şəxslərə baş çəkəcək, karantin müddəti başa çatana qədər lazımi ərzaq məhsulları ilə təmin edəcəklər.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR