Sizin reklam burada

“Avropaya yollanmaq üçün Mirançuk daha yaxşı oynamalıdı”

Baxış Sayı:433


Çerçesov Smolovun risk etdiyini düşünür
Rusiya yığmasının baş məşqçisi Stanislav Çerçesov jurnalistlərin suallarını cavablandırıb. Təcrübəli məşqçi komandanın liderləri haqda danışıb.
- Fyodor Smolovun “Selta”dakı ilk oyunlarını necə dəyərləndirirsiz?
- Onun İspaniyaya yollanması müsbət haldı. Mundialdan əvvəl də hücumçuya müxtəlif klublardan təkliflər var idi. Sadəcə getmək indi alındı. Əlbəttə, mövsümün ortasında klubu dəyişmək arzuolunmaz haldı. Smolov risk etməli idi. Fikrimcə, “Selta”nın oyun tərzi ona uyğundu. O, “Real”ın qapısına gözəl qol vurdu. Onu izləyirik.
- Aleksandr Qolovin “Monako” ilə daha yaxşı şərtlər əsasında yeni müqavilə imzaladı. Bu mənada sabitlik onun üçün yaxşıdı, yoxsa artıq daha güclü çempionata yollanmağın vaxtı çatıb?
- Bu həm futbolçu, həm klub, həm də yığma üçün yaxşı haldı. “Monako” Qolovinlə müqavilənin müddətini uzadıbsa, deməli, ona güvənirlər. Futbolçunun dəyər görməsi önəmlidi. Aleksandrın Fransada sabit oyun göstərməsi də bizi sevindirir. Məşqçi ona güvənir. Bu isə vacib məqamdı. Daha güclü çempionata gedib-getməmək haqda isə heç nə deyə bilmərəm. Qərarı futbolçu verir. Məncə, onun məsləhətə ehtiyacı yoxdu. Məsləhət alsa, fikrimi deyərəm. Hələ ki, bu mövzu gündəmə gəlməyib. Hətta futbolçular bənzər mövzularla bağlı bizə müraciət edəndə də onlara konkret heç nə demirik. Sadəcə kənardan vəziyyətin necə göründüyünü izah etməyə çalışırıq. Qərarı oyunçu verməlidi. Söhbət onun karyerasından gedir. Biz isə ona yardım etmək üçün əlimizdən gələni əsirgəmirik. Transfer məsələsində nüanslar çoxdu. Bütün nüansları isə bilmək mümkün deyil.
- Qışda Smolovdan başqa da ünvanını dəyişən rusiyalı hücumçular oldu. Söhbət Nikolay Komliçenko və Aleksey Sobolevdən gedir. Sizcə, bu oyunçular yeni klublarında ilk matçlarını yığmanın səviyyəsinə uyğun keçirdirlər?
- Hər iki hücumçu əlindən gələni etməyə çalışdı. Sadəcə oyunçuya bir-iki matça görə qiymət vermək doğru deyil. Komliçenkonu daha yaxşı tanıyırıq. O, yığmada oynayıb. Hətta San Marinonun qapısına qol da vurub. Forvard “Dinamo”nun heyətində də fərqlənib. Adını çəkdiyiniz hücumçular yeni klublarında özlərini göstərməyə çalışacaqlar. Qarşıdakı oyunlarda onlara daha doğru qiymət vermək olacaq.
- Ötən mövsüm Rusiya çempionatının ən yaxşı bombardiri Fyodor Çalovun yığmaya dəvət olunmaması və ya ona az şans verilməsi narazılığa səbəb olmuşdu. Buna görə sizi tənqid edənlərin sayı çox idi. Cari mövsüm ÇSKA-nın forvardının oyununda eniş müşahidə olunur. Bunu nəylə əlaqələndirirsiz?
- Jurnalistlərin işi yazmaqdı. Məşqçilərin işi isə oyunçuları izləməkdi. Məndən Çalova şans verməməklə doğru etdiyimi deməyi gözləyirsiz? Əksinə təəssüf içindəyəm. Onun oyununda yaşanan enişin səbəblərini bilmirəm. Ancaq hər futbolçu karyerası ərzində belə dövrlərdən keçir. Mübarizəyə davam etmək lazımdı. Onun bu müsahibəni oxuyub-oxumayacağını bilmirəm. Amma forvardın soyuqqanlı davranmasını istərdim. Sadəcə çalışmaq lazımdı. Zamanla hər şey qaydasına düşəcək. Ətrafındakı insanlar da ona yardım etməlidilər. Belə dönəmlərdə yaxınların dəstəyi önəmlidi. Çalovda güclü hücumçuya xas olan bütün xüsusiyyətlər var.
- Malkom qeyd edir ki, Braziliya yığmasından dəvət almasa, Rusiyanı təmsil etməyə hazırdı. Aydın məsələdi ki, hələ ortada konkret heç nə yoxdu. Ancaq bu mümkün olsa, braziliyalını komandada görmək istərsiz?
- Bu haqda müzakirə aparmaq doğru deyil. Çünki biz rusiyalı oyunçuları gözdən keçiririk. Bənzər fikirləri “Arsenal”ın müdafiəçisi Bauer də dilə gətirmişdi. Əlbəttə, futbolçuların belə düşünməsi sevindiricidi. Amma hələ ki, bu haqda müzakirə aparmaq mənasızdı.
- Son DÇ-də yaxşı təsir bağışlayan Roman Zobninin oyununda müəyyən eniş yaşanırdı. Ancaq yarımmüdafiəçi bu il yenidən əvvəlki səviyyəsinə qayıtmağı bacardı. “Spartak”ın oyunçusunun bunu bacaracağına inanırdız?
- Əvvəla, onun zədələri var idi. Bəzən ağrılar uzun müddət futbolçunu narahat edir. Belə vəziyyətdə istənilən səviyyədə oynamaq alınmır. Futbolçu oyun ritmini itirir. Üstəlik, Zobnin özünü rahat hiss etdiyi mövqedə oynamırdı. O, yenidən öz mövqeyinə qayıtdı, hazırlıq prosesini uğurla keçdi. Bu səbəbdən Romanın yenidən yüksək səviyyədə futbol oynaması mənim üçün təəccüblü deyil. Onun necə futbolçu olduğunu bilirəm. Yarımmüdafiəçinin oyununda müşahidə edilən yüksəliş bizi sevindirir. Etiraf etmək lazımdı ki, mundialda o, daha güclü oynayırdı. Ötən mövsümlə müqayisədə isə “artırıb”.
- İlya Kutepov mundialda yığmanın əsas müdafiəçilərindən biri idi. Ancaq uzun müddətdi onu komandaya dəvət etmirsiz.
- Zobnin haqda dediklərimi təkrar edə bilərəm. İlyanın da oyununda inkişaf var. Bəli, o, DÇ-2018-i yüksək səviyyədə keçirmişdi. Bunu hamımız yaxşı xatırlayırıq. Bu səbəbdən ötən mövsüm Kutepovun ard-arda zədələnməsi bizi üzürdü. Bəzi nüanslara müdaxilə etmək olmur. Bu il o, da yaxşı formada olduğunu göstərir. Mundialda oynadığı futbolun səviyyəsinə çatmağa isə hələ var. Yəqin ki, müdafiəçi də bunu etiraf edər.
- Aleksey Mirançukun isə oyununda inkişaf var. Yəqin ki, “Rostov”a qarşı oyunda onun meydanda çox çalışdığını siz də gördüz.
- Bunu “Axmat”la matçda da görmüşdüm. Mirançukun oyununu bəyənirəm. Yüksək səviyyəli matçların çox olmasını arzulayıram. Bunun sayəsində Mirançuk daha da inkişaf edə bilər. Son vaxtlar onun da Avropaya yollanması gündəmdə idi. Bunun reallaşması üçün Aleksey daha da yaxşı oynamalıdı.
- İsveçə və Moldovaya qarşı oyunlara Aleksandr Kokorini dəvət etməyi planlaşdırırdız? O, Rusiya çempionatında martın ən yaxşı futbolçusu seçildi.
- Yığmaya dəvət etmək istədiyim oyunçuların adlarını demək fikrim yoxdu.
- Azadlığa çıxandan sonra onunla əlaqə saxlamısız?
- Yox, əlaqəmiz olmayıb.
- Onun “Soçi”nin heyətində keçirdiyi oyunlarda göstərdiyi əzmi bəyəndiz?
- Kokorin iki il “Dinamo”da rəhbərliyim altında məşq edib. Yəni onun nəyə qadir olduğunu yaxşı bilirəm.
- AÇ-nin 2021-ci ilə təxirə salınması Kokorin üçün müsbət haldı? Artıq hücumçunun hansı səviyyədə olduğunu göstərməsi üçün daha çox vaxtı var.
- Bu fikirlə razılaşa və ya dediyinizi inkar edə bilmərəm. Müxtəlif variantlar var. Son matçlarda hücumçu yaxşı təsir bağışladı. Zamanla onun oyununda eniş də, yüksəliş də yaşana bilər. Hər halda yaranmış vəziyyətə sakit yanaşmaq lazımdı. Məsələyə emosional yox, peşəkar şəkildə münasibət göstərməliyik.
- Onun yığmaya çağırılmaması barədə sizə təzyiq edən olmayıb?
- Yox. Rəhbərliklə müxtəlif məsələləri müzakirə edirik. Yığmada çalışdığım müddət ərzində heç bir futbolçuyla bağlı belə məsələ gündəmə gəlməyib.
- Ümumiyyətlə, yığma üçün AÇ-nin təxirə salınmasında müsbət və mənfi hansı məqamlar var?
- Hazırda bu məsələnin nə müsbət, nə də mənfi tərəfləri haqda danışa bilmərəm. Hər şey bu il oyunçuların özünü necə göstərməsindən asılı olacaq. Təcrübəli futbolçuların səviyyəsini qorumasını, gənclərin isə “artırmasını” istərdik. Bu məsələyə indi qiymət vermək doğru olmaz. Mənim üçün oyunçunun yaşı önəmli deyil. 40 yaşıma qədər futbol oynamışam. Bunu yaxşı başa düşürəm. Həm də yığma ilə klub fərqlidi. Biz oyunçuya iki-üç illik müqavilə təklif etmirik. Yığma üçün əsas futbolçunun hazırkı vəziyyətidi.
- Gələn il yığmanın liderlərindən biri sayılan Artyom Dzyubanın 33 yaşı olacaq. Ondan çox şey asılıdı. Hücumçunun yaşı sizin üçün narahatlıq yaratmır?
- Heç bir narahatlıq yoxdu. Səndən asılı olmayan məsələlərə görə narahat olmaq mənasızdı. Əsas futbolçunun hansı formada olmasıdı.
ELZAMİN hazırladı

Oxşar xəbərlər
SON XƏBƏRLƏR