Keri hələ də mövsümün baş tutacağına ümid edir
Uzunmüddətli Novruz tətillərində planlaşdırılan vaxtda keçirilməyəcəyi dəqiqləşən yarışlardan biri də “Formula-1” üzrə dünya çempionatının Bakı mərhələsi oldu. Azərbaycan “Qran-pri”sinin təşkilatçıları bu haqda martın 23-də bəyanat yaydı. Yarışın daha gec vaxta təxirə salınmasının səbəbi dünyaya nəfəs almağa imkan verməyən koronavirus pandemiyasıdı. Beləliklə, Avstraliya, Bəhreyn, Vyetnam, Çin, Niderland, İspaniya və Monakonun ardından Bakı da avtoidman həvəskarlarının gözünü yolda qoydu. Halbuki yeni mövsümə məhz ölkəmizin paytaxtında start veriləcəyinə ümidlər böyük idi. Amma virusun yayılma tempi buna imkan vermədi. “Bakı Şəhər Halqası”nın (BŞH) bəyanatında deyilir: “Bu qərar “Formula-1” rəhbərliyi, Beynəlxalq Avtoidman Federasiyası (FIA) və Azərbaycan hökuməti arasında aparılan birgə müzakirələr nəticəsində qəbul olunub. Həmçinin davam edən qlobal COVID-19 pandemiyası və bu xəstəliklə bağlı səlahiyyətli tərəflərin təqdim etdiyi mütəxəssis rəyləri sözügedən qərarın alınmasını zəruri edib. Yarışın təxirə salınmasında əsas məqsəd Azərbaycan xalqı ilə yanaşı, ölkəyə gələn “Formula-1” azarkeşləri, komanda heyətləri və çempionatın digər iştirakçılarının sağlamlığını və rifahını qorumaqdı”.
Bəyanatda daha sonra BŞH-nin bu qərara görə təəssüfləndiyi və yarışın yeni tarixini müəyyənləşdirmək yolunda səyləri davam etdirəcəyi bildirilir. Yeri gəlmişkən, indiyə qədər alınan bütün biletlər də keçərli olacaq.
Niyə məhz indi qərar verildi?
Pandemiyanın artım tempi öz yerində, təbii ki, yarışa iki aydan artıq qaldığı məqamda belə qərarın verilməsi hər kəsdə sual doğura bilər. İş ondadı ki, Bakı mərhələsi şəhərin küçələrində keçirilir və bu üzdən asfalt örtüyü ilə bağlı işlərə indidən başlamaq lazım idi. BŞH-nin icraçı direktoru Arif Rəhimovun açıqlamasında bu sualın cavabı var: “Avstraliya yarışının təşkilatçılarının timsalında vəziyyətin onlar üçün nə qədər çətin olduğunu başa düşdük. Heç bir “Qran-pri”i promouteri onların yerində olmaq istəməz – Endryu Vestakotta və komandasına görə çox təəssüflənirəm. Onların yaşadıqları hal çox faciəvidi. “Qran-pri”nin son anda ləğvi promouter üçün fəlakətdi. Mərhələnin təşkili ciddi səylər tələb edir, bundan əlavə, Avstraliyada yarış müvəqqəti trasda keçirilir. Onun qurulmasına çox vaxt, pul və səy sərf etdilər və son anda yarış ləğv olundu – bu əsl fəlakətdi. İndi digər təşkilatçılar belə halın qarşısını almağa çalışırlar. Trassımızda işə başlamazdan əvvəl bu qərarı verməli olduq. Çünki zaman bizim üçün vacib idi. Biz əmin olmaq istədik ki, çəkdiyimiz xərclər əbəs olmayacaq. Bütün pulu trassın qurulmasına xərcləsəydik və sonra yarışı keçirə bilməsəydik, onda tam bir fəlakət yaşayardıq. Bizim üçün trassın qurulmasına başlamaq baxımından son tarix martın ortaları idi – yarışla bağlı qərar vermək üçün bir həftə də artıq gözlədik və sonda məlum qərarı qəbul etdik”.
Keri nikbin, Ekklstoun isə bədbindi
Bir həftə ərzində dörd mərhələnin təxirə salınması istər-istəməz “Formula-1” yarışlarında yeni mövsümün, ümumiyyətlə, baş tutmayacağı ilə bağlı şübhələr yaradıb. İş ondadı ki, yarışların teleyayını ilə bağlı müqavilədə il ərzində minimum 15 mərhələnin keçirilməsi nəzərdə tutulur. “Liberty Media” şirkəti ən azı 15 yarış keçirilməyəcəyi halda maliyyə problemləri və məhkəmə iddiaları ilə üzləşəcəyindən çəkinir. “Formula-1” rəhbərliyini sakitləşdirən yeganə məqam odu ki, yay fasiləsində təxirə salınan və ya ləğv olunan mərhələlərdən bəzilərini keçirmək mümkün olacaq. İcraçı direktor Çeyz Keri Bakı mərhələsinin də vaxtında baş tutmayacağı bəlli olandan dərhal sonra açıq məktubla çıxış edib: “Bu həftə 10 komanda, “Formula-1” və FIA koronavirus pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində səylərini birləşdirərək, sürətli və qəti qərarlar verdi. Hazırda heç kimin vəziyyəti nə vaxt düzələcəyinə dair təsəvvürləri olmasa da, hamımız azarkeşlərə 2020 mövsümünü tam şəkiltə hədiyyə etməyə çalışırıq. Anlayırıq ki, hələ planlaşdırılan bir çox yarış da təxirə salına bilər. Ancaq biz və tərəfdaşlarımız mövsümün yayda başlayacağına, 15-18 mərhələnin keçiriləcəyinə ümid edirik. Elan olunduğu kimi, yürüşləri keçirmək üçün ənənəvi yay tətilindən yararlanacağıq. Mövsümün əvvəlcədən təqvimdə nəzərdə tutulan vaxtdan – noyabrın 29-dan gec bitəcəyi gözlənilir. Mərhələlərin faktiki ardıcıllığı və vaxtı ilkin təqvimdə göstəriləndən ciddi fərqlənəcək”.
Maraqlıdı ki, “Formula-1”in sabiq rəhbəri Berni Ekklstoun Kerinin nikbinliyini bölüşmür. Uzun illər yarışa başçılıq edən, hazırda isə koronavirus qorxusundan özünü Braziliyadakı qəhvə fermasına qapayan 89 yaşlı britaniyalının fikirləri: “Belə bir durumda bütün mövsümü bağlayar, bu il yarış keçirməzdim. İndiki durumda insanların təhlükəsizliyi üçün mümkün olan yeganə variant budu. Bu addım atılsa, heç kim axmaq-axmaq ehtimallar irəli sürməz. Təəssüf ki, Olimpiada ilə bağlı da belə qərar verildi. Məyusedicidi. Amma nə varsa, odu. Təşkilatçılar bəzi mərhələləri ləğv edilən, bəziləri təxirə salınan yarışı 15-18 yürüşlə başa vurmaq niyyətindədi. Bunu bacarsalar, çox-çox təəccüblənərəm. Amma həqiqətən ümid edirəm ki, onlarda alınacaq. Gələn ilin əvvəlində 3-4 mərhələ keçirmək, onları 2020-ci ilin bir parçası saymaq olar. Problem ondadı ki, indi uyğun trass tapmaq mümkün deyil. Bu boşluq “Liberty Media” üçün də yaxşı şans olar ki, hər şeyi nəzarətə götürsün, promouterlərlə məşğul olsun. Həm də komandalara ödənişləri azaltsın ki, onlar 700 yox, 70 əməkdaşla işləsin”.
Hemilton testdən keçməyə ehtiyac duymur
“Formula-1” dünyası ilə bağlı başqa maraqlı xəbərlər də var. Məsələn, “Pirelli” yeni mövsümlə bağlı suallara aydınlıq gəlmədiyindən təkər istehsalını dayandırıb. Avstraliya “Qran-pri”sinin ləğvi şirkətə 2000-ə yaxın təkəri utilizasiyaya vermək bahasına başa gəlib. Belə ki, təkərləri diskə vurub, sonradan ayırmaq pilotlar üçün müəyyən təhlükə yaradır.
Cari mövsümün təşkili ilə bağlı problemlər üzündən “Formula-1” komandalarının 2021-də yenilənmiş reqlamentlə yarışması da mümkün olmayacaq. “Formula-1” rəhbərliyinin komanda təmsilçiləri ilə videokonfransında yeni reqlamentin 2021-də yox, 2022-də tətbiqi razılaşdırılıb.
Bu arada britaniyalı pilot, altıqat dünya çempionu Lüis Hemilton koronavirusla bağlı testdən keçməməsi haqda danışıb: “Koronavirusla bağlı testi müsbət nəticələnən iki adamın olduğu tədbirə qatıldığımdan sağlıq durumumla bağlı müəyyən söz-söhbət gəzirdi. Sağlamam və gündə iki dəfə məşq edirəm. Sofi Tryudo və İdris Elbo ilə görüşümüzdən artıq 17 gün ötsə də, məndə hansısa simptomlar yoxdu. Bu yöndə həkimimlə iki dəfə danışmışam. Məndə simptomlar yoxdu, testlərin sayı məhduddu və ölkədə ona daha çox ehtiyac duyan adamlar var. Tam təcrid vəziyyətindəyəm, əlimi müntəzəm sabunla, 20 saniyə ərzində yuyuram. Özünüzü qoruyun”.
ORXAN