
Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib
Rüstəm Rəhimov: “Keçmişdən danışdıq, gələcəklə bağlı fikir mübadiləsi apardıq”
Ötən sayımızda Novruz Əzimovun dünən 60 yaşını qeyd etdiyini vurğulayıb, yubilyardan müsahibə almışdıq. “Neftçi”nin sabiq veteranı söhbət əsnasında yaxın dostu, vaxtilə həm “ağ-qaralar”ın, həm də Lvov “Karpatı”sının şərəfini qoruyan Elxan Rəsulovun da martda 60-cı yazını arxada qoyacağını bildirmişdi. Bu münasibətlə srağagün AFFA-nın inzibati binasında hər iki yubilyara hədiyyələr təqdim olunub. Onlara kürəyində adları və soyadları yazılan millinin “60” nömrəli formaları verilib.
Yubilyarlara hədiyyəni Veteranlar İttifaqının vitse-prezidenti Rüstəm Rəhimov və asossiasiyanın vitse-prezidenti Vaqif Sadıqov təqdim edib. Veteranların yaddan çıxmaması, onlara hədiyyələrin təqdim olunması alqışalayiq addımdı. Ancaq “niyə onlara formaları AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov yox, Sadıqovla Rəhimov təqdim edib” sualı çoxlarını düşündürür. Elxan bəyin belə məsələlərə həssas yanaşdığını, yublyarlara hədiyyələri, adətən, özünün təqdim etdfiyini hamı bilir. Deyək ki, Novruz bəy bu gün AFFA-nın özünə müxalifət hesab etdiyi Həmkarlar İttifaqının fəal üzvlərindən biridi. Buna görə icraçı vitse-prezident onunla üz-üzə gəlmək istəməyib. Bəs Rəsulov? O ki uzun illərdi Almaniyada yaşayır və bugünkü futbol iqtidarına əks qüvvə hesab olunmur.
Bu suala aydinliq gətirmək üçün Rüstəm Rəhimovla əlaqə saxladıq: “Təxminən 15 gün öncə Elxanla Novruz AFFA-ya gəlmişdilər. Elxan “Karpatı”nın heyətində çıxış edəndə hakim kimi onların oyunlarını çox idarə etmişəm. Bir yerdə çay içdik, ötən günləri yada saldıq. Özünüz də bilirsiz ki, artıq üç gündü AFFA-nın binası dezinfeksiya olunduğundan sərbəst iş qrafiki təyin olunub. Bir çoxları lazımi işləri evdə yerinə yetirirlər. Bu səbəbdən martın 18-də baş katibin müavini Sərxan Hacıyevlə danışıb, iki veteran futbolçunun yubileyi olduğunu bildirdim. O da dediklərimi Elxan müəllimə çatdırıb. Məmmədov göstəriş verib ki, hər ikisini AFFA-ya dəvət edək, yubileyləri ilə bağlı təbrik edək. İcraçı vitse-prezidentin Azərbaycanda olub-olmadığını deyə bilmərəm. Ancaq onun bu məsələyə həssas yanaşması belə təqdirəlayiq addımdı. Onu da xahiş edib ki, AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov da orda olsun. Onunla danışandan sonra dünən (srağagün) zəng vurub həm Novruzu, həm də Elxanı AFFA-ya dəvət etdim. Rəsulov alman olan, hakim-inspektor dostu ilə bir yerdə gəlmişdi. Hər ikisinə doğum günü hədiyyəsi təqdim olundu. Bilirsiz ki, Elxan bir müddət həm də Sadıqovla bir yerdə oynayıb. Çay süfrəsi ətrafında oturub xeyli söhbət etdik, keçmişdən danışdıq, gələcəklə bağlı fikir mübadiləsi apardıq. Çox gözəl, maraqlı görüş oldu”.
RƏŞAD