Sizin reklam burada

AFFA və PFL əməkdaşları da istirahətə çəkilib

Baxış Sayı:330


Məlum olaya görə bir çox sahələrdə olduğu kimi, futbolda da durğunluqdu. Klublar məşqlərini “dondurub”, oyunlar təxirə salınıb, yığmanın təlim-məşq toplanışı ilə yoldaşlıq görüşləri ləğv olunub. Bir sözlə, sözün əsl mənasında futbol yoxdu.
Belə vəziyyətdə futbol sahəsində çalışanların evdən çıxıb işə getməsi də absurd olar. Guya işdə nə edəcəklər?! Futbol, daha doğrusu, həyat dayanıbsa, onların evə qapanması da başadüşüləndi. Əldə etdiyimiz məlumata görə, AFFA-da fəaliyyət göstərənlər srağagündən, yəni martın 18-dən istirahətə buraxılıblar. Bir də 29-da AFFA-nın binasının qapılarından içəri daxil olacaqlar. İndi kiminsə təcili işi olar, hansısa tapşırıq alar, o başqa məsələ.
PFL-də də oxşar vəziyyətdi. Lakin assosiasiyadakılardan fərqli onlar ev rejiminə dünəndən keçiblər. Qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyevlə söhbətdə PFL-də çalışanların son günlərdəki iş rejimini öyrəndik: “İlk qərardan, yəni çempionatın 2 turunun təxirə salınmasından sonra bəzi əməkdaşlarımız istirahətə çəkildi. Çünki işə gəlmələri önəmli deyildi. Məsələn, operatorlar futbol olmayan yerdə işə gəlib nə edəcəkdilər? Lakin bir neçə nəfər var ki, təxirəsalmaya baxmayaraq, işə gəlib-gedirdi. Çünki UEFA-nın martın 17-də təşkil etdiyi məlum videokonfransa qədər hadisələri diqqət mərkəzində saxlamalı, veriləcək qərara uyğun addım atmalıydıq. Yəni martın 18-nə qədər işdə olurduq. Bu gündən (dünəndən) evdəyik. Onsuz da bayram günləridi, hər yerdə tətildi. Martın 29-na qədər iş olmayacaq. Ondan sonra Nazirlər Kabinetinin yanında fəaliyyət göstərən Operativ Qərargahın verəcəyi qərara uyğun addım atacağıq. Hə, bayram günlərində hansısa təcili məsələyə görə işə getmək zərurəti yaransa, buna əməl edəcəyik. İşçilər üçün “vatsap” qrupu yaratmışıq, müntəzəm əlaqə saxlayırıq. Hamı bir nəfər kimi hadisələri diqqətdə saxlayır”.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR