Sizin reklam burada

FIDE Rusiya qanunlarına da məhəl qoymur

Baxış Sayı:450


Kramniklə Topalov şərhçilikdən imtina edib
Martın 16-da Rusiyanın Yekateriburq şəhərində şahmat üzrə İddiaçıların turniri start götürdü. Artıq 2 tur arxada qalıb ki, indiki halda bizim üçün nəticələr o qədər də maraqlı deyil. Bu məsələyə turnir başa çatandan (başa çatsa) sonra qayıdacağıq.
FİDE-nin Teymur Rəcəbovu məlum səbəbdən yarışdan kənarlaşdırması və onun əvəzinə Maksim Vaşye-Laqravı dəvət etməsi haqlı narazılıqlarla müşayiət olunmuşdu. Elə indi də Yekaterinburqdan etiraz yüklü xəbərlər gəlir.
FİDE Rusiya İdman Nazirliyini də vecinə almır
Martın 16-da, günün ikinci yarısında Rusiyanın İdman Nazirliyi ölkə ərazisində keçirilən və keçirilməsi planlaşdırılan bütün yerli və beynəlxalq yarışların dayandırılması və təxirə salınması ilə bağlı qərar qəbul edib. Amma görünən budu ki, ali şahmat qurumu üçün bunun heç bir önəmi yoxdu. Halbuki qurumun prezidenti Arkadi Dvorkoviç mətbuat konfransında turnirin təxirə salınması üçün heç bir əsasın olmadığını və bunun yalnız yarışa evsahibliyi edən ölkənin daxili qərarı olacağı təqdirdə mümkün olacağını qeyd etmişdi. Ortada dövlətin konkret mövqeyi olsa da, yarışın açılış məraqsimi baş tutdu və turnir açıq elan olundu. Yeri gəlmişkən, Lennart Ots adlı fotoqraf açılış mərasimindən şəkil paylaşıb ki, orda mövcud durum aydınlaşır. Maraqlıdı ki, öncə FİDE-nin rəsmi saytında yer alan bu foto sonradan çıxarılıb. Səbəb isə açılış mərasiminin keçirildiyi “Yekaterinburq-Ekspo” konqres mərkəzində 3 min adamın yer almasıdı. Halbuki Dvorkoviç açılış mərasimində və ondan öncə bütün təhlükəsizlik tədbirlərinə riayət etdiklərini söyləmişdi. Özü də Rusiya İdman Nazirliyinin belə qərar verməsi məhz açılış mərasimi başlayarkən bəlli oldu. Amma FİDE bunun İddiaçıların turniri üçün keçərli olmadığını “tvitter” vasitəsilə açıqladı. Dvorkoviçi dinləyək: “İdman Nazirliyi ilə bir daha əlaqə saxladıq. Turnir rəsmən martın 15-dən aprelin 4-dək keçirilir. Bu qərar bizə şamil olunmur. Onu da nəzərə alaq ki, turnir iştirakçılarının sayı azdı”.
Rusiyanın populyar chess-news.ru saytı bununla bağlı öz variantlarını qeyd edib:
* Rəsmən etiraf olunur ki, şahmat idman deyil.
* De-yure şahmat Rusiyada idmandı. Nazirliyin saytında bunun rəsmi təsdiqi var.
* FİDE “yarışı ona görə təxirə salmırıq ki, Rusiya hökumətinin qərarı yoxdu” deyərkən yalan danışıb. Qərar var, təxirəsalma yoxdu.
* Martın 17-də qeyri-qanuni yarış start götürəcək.
* Martın 17-də başlayacaq turnir onunla bağlı olan hamının həyatını təhlükə altında qoyur. 8 oyunçu heç də tam siyahı deyil.
* Turniri təxirə salmamaq qərarı FİDE üçün cinayətə bərabər addım ola bilər.
Kramnik şərhçilikdən imtina etdi
Sabiq dünya çempionu, hazırda FİDE prezidentinin məsləhətçisi olan Vladimir Kramnik İddiaçılar turnirini chess24.com şahmat platformasında şərh etməkdən imtina edib. Rusiyalı şahmatçı qərarını əsaslandırıb: "FİDE-yə olan hörmətimə və son dövrlər fəaliyyəti ilə bağlı müsbət qiymətləndirməmə rəğmən, əminəm ki, dünyada bərqərar olan mövcud humanitar faciə vəziyyətində turnir təxirə salınmalıydı. Şəxsən mən düşünürəm ki, yarışı hazırda keçirmək bir çox səbəblərə görə düzgün deyil: şahmat necə görünəcək, yarışın qanuniliyi və sadəcə, insani yönü... İndi o dövr deyil ki, ilin ən vacib yarışını keçirəsən və elə görkəm alasan ki, sanki heç nə baş vermir. Hələ onu demirəm ki, iştirakçılar az da olsa, konkret risklə üz-üzədi. Bütün oyunçulara yarışın sonuna kimi sağlam qalmağı arzulayıram. Təəssüf ki, indiki halda bu ən çox məna kəsb edən məqamdı. Hamıdan üzr istəyirəm, amma bütün bunlar olan yerdə mən turniri şərh edə bilmərəm".
Topalovla Xodarkovski jurnalistə dəsək verdi
Bolqar şahmatçı Veselin Topalov chess-news.ru saytı üçün materiallar hazırlayan jurnalist Yevgeni Surova dəstək verib. Buna səbəb FİDE-nin təcrübəli rus həmkarımıza İddiaçıların turniri üçün akkreditasiya verməməsidi. Qrossmeyster qeyd edib ki, jurnalistin fəaliyyəti və ümumiyyətlə, hər bir insanın informasiya almaq hüququ kiminsə (indiki halda Dvorkoviç nəzərdə tutulur) şəxsi motivlərindən asılı olmamalıdı. Topalov həmçinin onu da qeyd edib ki, turnir təxirə salınmalıydı. Saytlardan birindən şərhçilklə bağlı təklif alan bolqar qrossmeyster məlum səbəblərdən imtina etdiyini də sözlərinə əlavə edib. Tanınmış jurnalistin kənarda qalmasına FİDE-dən də reaksiya gəlib. Maraqlıdı ki, qurumun vitse-prezidenti Mixail Xodorkovski bunu kobud səhv adlandırıb: "Jurnalist kiminsə xoşuna gəlmirsə, məsələn, ona müsahibə vermə və ya şəxsən özünə düşündüklərini söylə. Amma akkreditasiya verməmək, özü də böyük şahmat auditoriyası olan bir sayta... FİDE özü oxucuların olmasında maraqlıdı, indi isə onların informasiya almaq hüququnu pozur. Bu, böyük səhvdi".
Kuryoz start
İddiaçıların turnirinin startı kuryoz hadisə ilə yadda qalıb. yaşandı. Belə ki, Aniş Giri – Yan Nepomnyaşi oyunundan öncə simvolik olaraq ilk gedişi edən sabiq dünya çempionu, Rusiya Dumasının deputatı Anatoli Karpov xoşagəlməz vəziyyətlə üzləşib. Gedişi etdikdən sonra Girinin əlini sıxan Karpov daha sonra Nerpomnyaşiyə əl uzadıb. Amma Yan həmyerlisi ilə əllə yox, baş işarəsi ilə salamlaşıb. Nəticədə Karpovun əli havada qalıb.
Qrişuk inanmır
Rusiyalı iştirakçı Aleksandr Qrişuk yarışın başa çatacağına şübhə ilə yanaşır. Yerli mətbuata danışan şahmatçı belə deyib: "Özümü yaxşı hiss edirəm. Qələbə uğrunda mübarizəyə köklənmişəm. Təbii ki, koronavirusla bağlı xəbərlər adamı narahat edir və başverənlər bir az qəribə gəlir. Fikrimcə, turnirin sona qədər oynanılmaması ehtimalı böyükdü. Bu ehtimal 50 faizdi. Qəribədi, bütün dünyada sərhədlər bağlanır, bu tədbirləri virus ölkəyə girmədən etmək lazım idi, amma epidemiya artıq Rusiyada var və indi belə tədbirlər görülür... Çox qəribədi. Turnirə və koronavirusa gəlincə, metroda Moskvanı gəzmək virusa yoluxmaq baxımından daha tə təhlükəlidi".
Kasparov “faciə” adlandırdı
Harri Kasparov son olaylar haqda fikirlərini bölüşüb. Sabiq dünya çempionu “tvitter”də bunları qeyd edib: "İddiaçıların turnirinin, sadəcə, Rusiyadaxili yarış olması, sözünü deyən jurnalistlərin turnirə buraxılmaması, şəklin saytdan silinməsi, bütün beynəlxalq tələblərin əksinə böyük bir kütlənin bir araya toplaşması faktı faciədi".

Oxşar xəbərlər
SON XƏBƏRLƏR