Ötən saylarımızın birində “Sumqayıt” ın ofisindən iki “noutbuk” oğurlandığını xəbər vermişdik. Qısaca xatırladaq ki, ötən ayın sonlarında cinayətkar pəncərədən daxil olaraq “Sumqayıt” Futbol Akademiyasının rəhbəri Hakan Sünal və menecer Fərhad Həsənova məxsus “noutbuk”ları götürərək aradan çıxmışdı. Polislər stadionda olan nəzarət kameralarının yaddaşına baxış keçirən zaman oğurluğu törədən şəxsin arxadan görüntüləri əldə əldə olunmuşdu.
Dünən əldə etdiyimiz bilgiyə əsasən, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisəni törədən cinayətkarı saxlayıblar. Mənbəmizin sözlərinə görə, “kimyaçılar”a ziyan vuran şəxs 30-35 yaş aralığındadı və bundan öncə 10 il məhbus həyatı yaşayıb. Onun narkotik aludəçisi olduğu da deyilir. Cinayətkar oğurladığı iki “noutbuk”u Sumqayıtda birini 30 manatdan satıb. Məhz bu məqam da polisin onu yaxalamasına şərait yaradıb.
Deyilənlərə aydınlıq gətirmək üçün “gənclik şəhəri” təmsilçisinin mətbuat katibi Rəşad Məmmədovla əlaqə saxladıq. Məmmədov söylənilənləri təsdiq etdi: “Fürsətdən istifadə edib hüquq-mühafizə orqanlarının əməkdaşlarına təşəkkür edirik ki, qısa vaxtda cinayətkarı tapa bildilər. Bazar ertəsi Sumqayıt Şəhər Polis İdarəsindən klubun prezidenti Riad Rəfiyevlə əlaqə saxlayıb idarəyə dəvət etdilər. Orda məlum oldu ki, oğurluğu törədən şəxs saxlanılıb. Riad müəllim lazımi sənədləri imzalayandan sonra bildiriblər ki, yaxın günlərdə həmin kompüterlər kluba qaytarılacaq”.
RƏŞAD