Sizin reklam burada

“Bu gün hamımız koronavirusun əsiriyik”

Baxış Sayı:398

“Bu gün hamımız koronavirusun əsiriyik”
“Qəbələ”nin ukraynalı məşqçisi təəssüflənir
Koronavirus pandemiyası səbəbindən premyer-liqanın iki turunun təxirə salınmasından xəbəriniz var. PFL prezidenti Ramin Musayevin əmrinə əsasən həm premyer-liqada, həm də birinci divizionda iki tur təxirə salınıb. Ehtimal var ki, çempionatda fasilə bir qədər də uzansın. Təbii ki, belə məcburi istirahət ilk növbədə futbolçuların fiziki durumuna təsir göstərir. İntensiv məşqlərdən uzaq düşən, oyun praktikasından əziyyət çəkən oyunçudan yüksək fiziki hazırlıq gözləməyə dəyməz. Bəs görəsən, klublarda çalışan fiziki hazırlıq üzrə mütəxəssislər yaşanan durumu necə dəyərləndirir, sərəncamında olan futbolçulara hansı məsləhətləri verir?
Məsələ ilə bağlı “Qəbələ”nin məşqçilər korpusunda yer alan fiziki hazırlıq üzrə mütəxəssis Vladimir Şeludko ilə danışdıq: “Çempionat matçlarının və məşqlərin təxirə salınması ilə bağlı xəbər ötən həftənin sonuncu iş günündə bizə çatdı. Həmin gündən etibarən bütün futbolçular sərbəst buraxılıb. 3 gündü hər kəs öz evindədi. Pis odu ki, heç kim dəqiq heç nə bilmir. Bilinmir ki, çempionat nə vaxt bərpa olunacaq. Futbolçu gündəlik məşqdən uzaq qalarsa, heç şübhəsiz, bu onun fiziki durumuna təsir göstərəcək. Problem ondadı ki, komanda üzvləri fərdi qaydada məşq edə bilmirlər. Məndə olan məlumata görə, istər Bakıda, istərsə də rayonlarda fitnes zalları məlum səbəbdən qapılarını bağlayıb. Ona görə də tək əlac çöldə qaçmaqdı. Ancaq tək qaçışla da fiziki durumu yüksək səviyyədə saxlamaq mümkün deyil. “Qəbələ” qış fasiləsində bəzi aparıcı futbolçularını itirdiyindən 3-cü dövrəyə o qədər də yaxşı başlamamışdı. Lakin son iki oyunda komanda uğurlu seriya yaxlamışdı. “Zirə” və “Sumqayıt” üzərində qazanılan qələbələr öz yerində. Əsas odu ki, kollektivin ümumi fiziki göstəriciləri turdan-tura artırdı. Bu həm ikili mübarizələrdə, həm meydanda hərəkətdə, həm də başqa göstəricilərdə özünü göstərdi. Təəssüf ki, belə vaxtda dayanmalı olduq. Ancaq nə edə bilərik? Bu gün hamımız koronavirusun əsiriyik. İndi yalnız səbirli davranıb, karantinin başa çatmasını gözləməliyik. Futbolçular peşəkar idmançılardı. Özləri də yaxşı dərk edirlər ki, rejim gözləməsələr, şəraitə uyğun öz üzərlərində çalışmasalar, sonradan bunun əziyyətini çəkəcəklər. Çempionatın davam edəcəyi ilə bağlı tarix açıqlanan kimi çalışacağıq elə proqram tərtib edək ki, arada yaşanan boşluqda itirilən tonusu bərpa edək”.
Əslən ukraynalı olan Şeludko hazırda davam edən Ukrayna çempionatı ilə bağlı da fikirlərini bölüşdü: “Bu gün Avropanın aparıcı çempionatlarında məcburi fasilə elan olunub. Fikrimcə, Türkiyə, Ukrayna və Rusiyada çempionatın davam etməsi də müvəqqətidi. Bildiyim qədər bu gündən (dünəndən) Ukraynada da saat 23.00-dan etibarən təyyarə reyslərinə məhdudiyyətlər tətbiq olunacaq. Bu da onu göstərir ki, orda da vəziyyətin ağır olduğunu başa düşürlər. Ukrayna Futbol Federasiyasının çempionatı azarkeşsiz davam etdirməsində məqsədi o idi ki, yığma üzvləri AÇ-2020 ərəfəsində ideal formada olsunlar. Ancaq belə görünür ki, qitə çempionatının da vaxtı dəyişdiriləcək. Yəqin Ukraynada da növbəti turlar təxirə salınacaq. Bu elə bir məsələdi ki, qeyri-ciddi yanaşıb, ötəri üstündən keçmək olmaz”.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR