Sizin reklam burada

Azər Mirzəyev Teymurun yaxşı fürsəti qaçırdığını düşünür

Baxış Sayı:515


“Məncə, bütün iştirakçılar koronavirus barədə heç fikirləşmir də”
Teymur Rəcəbovun koronavirus təhlükəsi səbəbindən İddiaçıların turnirinə qatılmaqdan imtina etdiyini bilirsiz. Daha dəqiq desək, yığmamızın üzvü FİDE-yə müraciət edərək, yarışın təxirə salınamsını xahiş etmiş, qarşı tərəf isə qrafikdə dəyişiklik olmayacağını açıqlamışdı. Bu üzdən də Rəcəbovun əvəzinə Yekaterinburqda təşkil olunacaq turnirdə Maksim Vaşye-Laqravın iştirakı təsdiqlənib. Əlbəttə, insan sağlamlığı hər şeydən öndə dayanır və bu qərarına görə Teymuru hardasa anlamaq mümkündü. Bununla belə, indiki halda itirən Azərbaycan şahmatı və şahmatsevərləri olacaq. Bu üzdən də məsələ ilə bağlı son günlər sosial şəbəkələrdə fərqli fikirlərə rast gəlirik. İndiki halda mütəxəssis rəyinə daha çox ehtiyac duyulur. Bunu nəzərə alaraq, iki şahmat adamına tribuna verməyi qərara aldıq. Anar Allahverdiyev susmağı üstün tutdu. Azər Mirzəyev isə suallarımızı detallı şəkildə cavabladı.
- Bir şahmat mütəxəssis kimi Teymur Rəcəbovun İddiaçıların turnrindən imtinasına münasibətiniz necədi? Nə dərəcədə məntiqlidi bu addımı?
- Teymur cox təcrübəli şahmatçıdı. Mən onun narahatlığını və qərarını hardasa başa düşürəm, amma hesab edirəm ki, bütün cətinliklərə və gərginliyə baxmayaraq, Teymur özünü toparlayıb, özündə güc tapıb, yarışda iştirak etməliydi. Cünki son zamanlar yaxşı formadadı və gərgin mübarizədə, böyük əziyyət hesabına dünya kubokunu qazanaraq İddiaçıların turnirində oynamaq hüququna yiyələnmişdi. Və bu yaxşı şans idi super Maqnusla matça vəsiqə qazanmaq ücün. İndi isə 2 il qözləməlidi və kim bilir, 2 il sonra nə olacaq, necə olacaq? Nəzər salsaq, görərik ki, Karyakin (2016-cı ildə Maqnusla tac uğrunda mübarizə aparırdı və bu matç 6:6 hesabı ilə bitdi. Yalnız sürətli şahmatda məğlub oldu – red.), So, Nakamura, bizim Şəhriyar kimi güclü oyuncular bu turnirdən kənarda qalıblar. Ona görə də, fikrimcə, bu yaxşı fürsət idi.
- FİDE-nin bu məsələdə mövqeyini nə dərəcədə düzgün sayırsız?
- İnternetdə FİDE-nin rəsmi cavabını oxudum. Teymura cavab verilib ki, turnirin vaxtını dəyişmək hüquqi və praktiki cəhətdən mümkün deyil. FİDE qeyd edir ki, bu turnir kütləvi tədbir deyil, cəmi 8 iştirakçı var. Və ən yüksək səviyyədə həkim nəzarətini təmin edirlər. Bundan əlavə, İddiaçıların turnirinin vaxtının dəyişdirilməsi qalibin Maqnus Karlsenlə duelinin vaxtını dəyişmək zərurəti də yaradırdı. Burda artıq yeni problemlər yarana bilərdi. Şahmat tacı uğrunda qarşılaşma ilin sonuna nəzərdə tutulub.
- Doğrudanmı koronavirus təhlükəsi turnir iştirakçılarının sərbəst oynamasına mane ola bilər? Yəni bunun psixoloji təsiri mümkündü?
- Bütün idman növlərində olduğu kimi, şahmatda da psixoloji amil var. Bu məqam hazırlığa da, oyunlara da təsir edə bilər. Koronavirusun bir cox ölkələrdə yayılmasına baxmayaraq, İddiaçıların turnirinin ən yüksək səviyyədə təşkil olunacağı gözlənilir. İştirakçılar daim həkimlərin nəzarətində olacaqlar. İnanmıram ki, koronavirus oyunculara ciddi təhlükə olsun.
- Teymurdan fərqli digər şahmatçıların imtina etməməsinin səbəbini nədə görürsüz?
- Məncə, bütün iştirakçılar koronavirus barədə heç fikirləşmir də. Ancaq yaranmış fürsət haqda düşünürlər. 8 iştirakçıdan 4-ü, ümmumiyyətlə, ilk dəfə İddiaçıların turnirində oynayacaq. Bu isə əla şansdı. Bu mötəbər turnirə vəsiqə qazanmaq cox cətindi. Qeyd etdiyim kimi, nə qədər yüksək səviyyəli şahmatçı bu yarışdan kənarda qalıb. Nüfuzdan əlavə, turnirin 500 min avro mükafat fondu var. Sonuncu, 8-ci yeri tutan şahmatçı belə 20-25 min avro mukafat alır. Turnirin mötəbərliyi, yuksək mükafat fondu, üç həftə ərzində şahmat dünyasının diqqət mərkəzində olmaq… Fikrimcə, bunlar əsas səbəblərdi ki, digər iştirakçılar Teymurla həmrəy deyillər.
- Bu məsələdə FİDE-nin vitse-prezidenti Mahir Məmmədovun Teymura hansısa köməyi, dəstəyi ola bilərdimi?
- Mahir Məmmədov FİDE-nin vitse-prezidenti olsa da, o FİDE-də "toy generalıdı". Düşünürəm ki, nəyəsə təsir edəcək dərəcədə səlahiyyəti və gücü yoxdu. Yalnız hamı kimi bu məsələdə Teymura mənəvi dəstək verə bilər.
KƏNAN HƏSƏNOV

Oxşar xəbərlər
SON XƏBƏRLƏR