Orxan Sadıqlı Zaur Həşimovdan icazə alıbmış...
“Zirə” permyer-liqanın 20-ci turunda “Səbail”i məğlub etməklə (3:1) uğursuz axara son qoydu. Maraqlıdı ki, son görüşdə qapıçı Orxan Sadıqlının adı işitrak ərizəsinə daxil edilməmişdi. Sadıqlı komandanın son turlardakı uğusuz çıxışına görə əsas tənqid hədəfi idi. Qəsəbə təmsilçisi millinin üzvü Emil Balayevi transfer etməklə qapını etibarlı əllərə tapşırdı. Ancaq Emilin gəlişindən sonra Orxanın heyətdə olmaması müəyyən söz-söhbətləri də özü ilə bərabər gətirdi. Çünki “Zirə”nin belə uğursuz nəticələrində az qala yeganə günahkar kimi o göstərilirdi.
Niyə heyətdə olmadığını Orxan Sadıqlının özündən soruşduq: “Heç bir problem yoxdu. Şəxsi işlərimə görə baş məşqçidən icazə almışdım. Bir az istirahət vermişdilər mənə. Hər şey qaydasındadı. Komandanın uğursuzluğuna görə mənim daha çox tənqid olunmağım qapıçı mövqeyi ilə bağlıdı. Yəni qapıçı həmişə yalqız qalır. Bizim dostlarımız qapı dirəkləridi. Futbolda belə şeylər olur. Heç kimlə problemim yoxdu. Peşəkar oyunçularıq. Səhv də edə bilərik. Ancaq bu mövqe tez gözə çarpır. Ona görə də tez-tez adımız hallanır. Ardıcıl 4-5 oyun yaxşı dursaq, hamı tərifləyəcək. Amma bir oyun səhv etsək, “bu qapıçı nə gündədi” deyəcəklər. Kasilyasın məşhur sözü var, deyir ki, yaxşı qapıçı olmaq yaxşı insan olmağa bənzəyir. Nə qədər ki, insanlara kömək edirsən, səni tərifləyirlər. Bir dəfə etməyən kimi dərhal səni axtarırlar. Bu, Kasilyasın sözüdü. Biz də bundan tutub gedirik. Komandaya Emil Balayev də qoşulub. O, mənim qardaşımdı. Onunla 12 ildi tanışıq. Onunla sevimli rəqabət aparacağıq. Bundan qazanan isdə “Zirə” olacaq. Kamran Ağayev millinin qapıçısı olanda onunla da rəqabət aparmışam. Emillə də o cür. Mənim üçün yaxşı haldı. Bir komandada iki güclü qapıçının olması daha yaxşıdı. Mənə nə vaxt şans verəcəklər, çıxıb əlimdən gələni edəcəm. Oynamayanda da yerimdən komandama dəstək olacam. Hazırda müdafiə hücumdan başlayır. Bu, bütün dünyada belədi. Emilin burda olması mənim üçün ikiqat məsuliyyətdi”.
HƏSƏN