Sizin reklam burada

“Premier Quba”nın məsələsinə gələn həftə baxılacaq

Title

Klub bu dəfə oyunçuların qripə yoluxmasını bəhanə gətirib
Ötən saylarımızda futzal üzrə yüksək liqada mübarizə aparan “Premier Quba”nın fəaliyyətini dayandıracağını xəbər vermişdik. Komanda əvvəlcə “Yasamal İSK” ilə oyunda iştirak etməmişdi. Daha sonra “Marafon”la oyuna çıxmış və böyük hesabla məğlub olmuşdu (19:5). Buna baxmayaraq, komanda növbəti turlarda “Neftçi” və EKOL ilə qarşılaşmalarda da “görünmədi”. Reqlamentə görə ümumilikdə 3 oyunda iştirak etməyən komanda avtomatik yarışdan kənarlaşdırılır. Lakin İntizam Komitəsinin dünən keçirilən iclasında nədənsə bu məsələyə baxılmadı.
Problemi diqqət mərkəzində saxladığımızdan Futzal Federasiyasının mətbuat katibi Mahal Məmmədovla əlaqə saxladıq. Qurum rəsmisi İntizam Komitəsinin növbəti iclasında bu məsələyə baxılacağını açıqladı: “Bəli, komanda üç oyunda iştirak etmirsə, yarışdan kənarlaşdırılmalıdı. Biz artıq protokolları hazırlamışıq, sabah (bu gün) onu İntizam Komitəsinə göndərəcəyik. Böyük ehtimalla komitə gələn həftə bu məsələyə baxacaq. İntizam Komitəsinin müvafiq maddəsində qeyd edilir ki, komandanın oyuna gəlməmək üçün tutarlı səbəbi varsa, onun çıxışını davam etdirməsinə icazə verilə bilər. Bu üzdən “Premier Quba”nın ciddi səbəbləri olmalıdı. Ancaq bildiyimə görə, elə bir ciddi səbəbləri yoxdu. Ona görə də protokollar İntizam Komitəsinə göndərildikdən və müvafiq qərar verildikdən sonra ona uyğun hərəkət edəcəyik. Həm də “Premier Quba” çempionatda çıxışını dayandırmaqla bağlı federasiyaya rəsmi müraciət ünvanlamayıb. Bu gün də klub rəhbərliyi ilə danışdıq, onlar İntizam Komitəsinə sonuncu oyuna niyə gəlmədikləri ilə bağlı müvafiq sənədlər təqdim edəcəklərini bildirdilər. Bizə oyunçuların qripə yoluxduqlarını, ona görə Bakıya gələ bilmədiklərini dedilər. Bu gün də kubokun oyununa gəlmədilər. Amma cavab görüşündə iştirak edəcəklərini deyiblər. İstənilən halda yekun qərarı İntizam Komitəsi verəcək”.
AYGÜL
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.