Teymur Rəcəbovun martın 6-da dünya şahmat tacına İddiaçıların turnirindən çəkilməklə bağlı verdiyi qərar, heç şübhəsiz, ötən həftəyə damğa vurdu. Bu elə qərardı ki, haqqında birmənalı fikir yürütmək çətindi. Yəni ortada həm Teymurun sağlıq durumu ilə bağlı təbii narahatlıq hissi, həm də Azərbaycan şahmatı adına əldən qaçırılan böyük şans var. Adam, sadəcə, koronavirus epidemiyasına yoluxmaqdan qorxdu, daha doğrusu, ultimativ üslubu xoşlamayan FIDE ilə şərt dilində danışmağa üstünlük verdi və gözlənilən cavabı aldı: iştirakçılar sırasından çıxarıldı.
Bu məqamda tarixə qısa səyahət etməyə, FIDE 2012-ci ildə dünya çempionunu müəyyənləşdirməklə bağlı yeni sistemi işə saldığı vaxtdan bəri şahmatçılarımızın İddiaçıların turnirində iştirakı ilə bağlı bəzi məqamları xatırlatmağa dəyər. Beləliklə, ilk turnir 2013-də Londonda keçirildi və Teymur 8 iddiaçı arasında sonuncu oldu. Bir il sonra Xantı-Mansiysk dünyanın ən güclü şahmatçılarını qəbul etdi və Şəhriyar Məmmədyarov 4-cü oldu. 2016-da keçirilən Moskva turnirində bizimkilərdən heç biri yox idi. 2018-də keçirilən Berlin turnirində qələbəyə, deməli, həm də tac uğrunda Maqnus Karlsenlə duelə çıxmağa çox yaxın olan Şəhriyar Fabiano Karuanadan geri qalmaqla sonda 2-ci yeri tutdi. Nəhayət, martın 15-də Yekaterinburqda start götürəcək turnirin iştirakçıları arasında yenə Azərbaycan şahmatçısının, bu dəfə ötən il dünya kubokunu qazanan Teymurun adı var idi. Amma martın 6-na qədər...
Təbii ki, hər kəsə canı, sağlamlığı əzizdi, bu məsələdə fərdin özü əvəzinə başqalarının qərar verməsi heç bir halda doğru deyil. Həm də söhbət Elşad Nəsirovun kürəkəni olan, müəyyən maliyyə təminatına malik, heç şübhəsiz, şahmatda da ən yaxşı dövrlərini arxada qoyan fərddən gedirsə. Doğrusunu bu sahənin mütəxəssisləri bilər, amma mənə elə gəlir ki, 32 yaşlı bir şahmatçının (İddiaçılar turnirinə qatılsaydı, bu mənada ən təcrübəli ikinci ad olacaqdı...) yaxın gələcəkdə dünya kubokunu qazanmaqla, “Qran-pri”də 1-ci olmaqla və ya yüksək reytinq toplamaqla şahmat tacına iddia etməsi real deyil. Yekaterinburq turniri Teymur Rəcəbov üçün “qu quşu nəğməsi” rolunu oynamaqla yanaşı, Şəhriyarla qiyabi rəqabətinə də müəyyən mənada aydınlıq gətirəcəkdi. Primitiv desəm, hərəsinin iki dəfə bu turnirə qatılması gələcəkdə onların irsini araşdıracaq mütəxəssislərin “kim güclü idi” sualına cavab tapmaq yönündə işini asanlaşdıracaqdı.
Amma Teymur səhhətinə hədsiz həssas yanaşmaqla ötən il qazandığı dünya kubokunu faktiki dəyərsiz əşyaya çevirdi və azərbaycanlı şahmatsevərləri də təxminən iki həftə ərzində bu turnirin həyəcanını yaşamaq imkanından məhrum etdi. Bütün bu olaylardan, eləcə də son ilyarımda Şəhriyarın oyununda yaşanan aşkar enişdən sonra artıq əminliklə demək olar ki, Harri Kasparovun vaxtilə Azərbaycan adına qazandığı şahmat tacını bu ölkəyə Məmmədyarovla Rəcəbovdan heç biri gətirə bilməyəcək. Nə qədər acı olsa da, bu reallıqla artıq barışmaq, yenicə parlamağa başlayan yeniyetmələrin - məsələn, elə Aydın Süleymanlının – oyunçu və mənəvi-insani keyfiyyətlərini yüksəltməyə çalışmaq lazımdı. Şükür Allaha, hələ ki bahalı məşğuliyyət sayılan şahmatı və şahmatçılarımızı maliyyələşdirmək üçün pul tapılır, ölkədə bu sahəyə hədsiz maraq, həm dövlət hesabına, həm də özünümaliyyələşdirmə əsasında fəaliyyət göstərən şahmat məktəbləri var. Nə çıxacaqsa, onlardan çıxacaq! Teymurun canının Azərbaycanın şansına bərabər, hətta üstün tutulduğu zəmanədə fərqli düşünməyim günah olardı.
ORXAN