“Qeyri-peşəkar fikirlərə, öz mənafeyini güdənlərə, paxıllıq edənlərə artıq alışmaq lazımdı”
Ağasəlim Mircavadov adı millimizlə yanaşı çəkilən Samir Abasov, Ayxan Abbasov və Rəşad Sadıqovun yığmanı çalışdırmaq ehtimalı haqda suala “onların klubda hansı uğurları var”, - deyə cavab verib. Maraqlıdı ki, Mircavadov hər dəfə bu barədə sorğuda milli üçün yerli mütəxəssisdən yana olduğunu deyir. O, hətta Azərbaycan yığması üçün “milliləşdirilən” oyunçulara qısıq səslə olsa da, etiraz edir. Həmişə yerlidən yana olduğunu vurğulayır. Buna bir neçə dəfə özüm onunla danışanda şahid olmuşam. Ancaq nə oldusa, Ağasəlim bəy bu dəfə fərqli fikir ortaya qoyub. Bəlkə də AFFA-nın yerli çalışdırıcı ilə işləmək istəməməsinin ardından həmişəki düşüncəsindən daşınıb. Daha doğrusu, öz fikrinin onsuz da heç nəyi dəyişdirmədiyini anlayıb və ehtiyat babını seçib. Ki, onsuz da rəhbərlik istədiyini gətirir, mən niyə mənasız yerə özümü pis edim. Əslində ola bilər. Belə götürəndə, ölkə futbolunda nə olmur ki?! Ancaq hər şeyə rəğmən, adı önə çıxan yerli məşqçilər barədə belə fikirlər səsləndirmək doğru deyil. Həm də absurddu. Çünki o zaman adama qayıdıb “bu günə qədər hansı xarici məşqçinin hansısa klubda bir uğuru olub” deyərlər. Bunu Ağasəlim müəllim bilmir? Təbii ki, bilir. Üstəlik, fikrin çox absurd olduğunu bilə-bilə, yenə də söyləyir. Çünki hər şeyi bilir. Yaxşı bilir ki, bu milliyə yerli gətirsən nə olar, əcnəbi qoysan, nə olar. Ona görə də hər dəfə bir fikir söyləyir. İndiki halda adıçəkilənlərin fikri maraq doğurmaya bilməz. Bu üzən hər üç məşqçi ilə əlaqə saxlamağa çalışdıq. Təəssüf ki, yalnız bir nəfər - Samir Abasov ilə danışa bildik: “Hərə bir fikir söyləyə bilər. Tək Ağasəlim müəllimin yox, hamının məsələ ilə bağlı bir düşüncəsi var. Belə düşünən bəlkə də çox adam var. Sadəcə, o, dilə gətirib. Mənə insanların – jurnalistlərin reaksiyası maraqlı idi. Biz bu gün Azərbaycan millisindən danışırıq. Burda adı çəkilən məşqçiləri oyunçular da tanıyır. Əsas məsələ kimin komandanı ilk oyuna necə hazırlaya biləcəyidi. Yoxsa hər adam bir fikir bildirə bilər. Hamıya reaksiya versək, söhbət daha da böyüyəcək. Məsələn, mən yaşlı veteran olsaydım, başqa cür fikir bildirərdim. Onlara dəstək olardım, mətbuat vasitəsi ilə adı çəkilən gənclərə motivasiya verərdim. Ancaq Ağasəlim Mircavadov bu yolu seçməyibsə, ona bir şey deyə bilmərəm. Yəqin ki, o, bizi baş məşqçi görmür. Hər adam da görə bilməz ki. Normal qəbul edin, alışın artıq belə şeylərə. Düzdü, deyilir ki, digər əcnəbi məşqçilərin də klublarda ciddi uğurları olmayıb. Ümumiyyətlə, əcnəbi mütəxəssislər nəyə görəsə şirin görünürlər. Əcnəbi olanda milyonlar töküləcək, onun qarşısına hədəflər qoyulacaq, öhdəsindən gələ bilməyəndə də danışılmaycaq. Bizim öz-özümüzə belə yanaşmağımız, əsassız fikirlər bildirməyimiz yanlışdı. Burda söhbət yalnız Ağasəlim müəllimdən getmir. Bu gənc məşqçilər nə yatdılar ki, nə də yuxu görsünlər? Təcrübə deyirlər, işləməlidilər ki, təcrübə olsun. Bu gün azərbaycanlı məşqçilərin adı milli üçün çəkilirsə, bizim üçün sevindirici hal olmalıdı. Yaxşı olardı ki, onlara dəstək veriləydi. Yurçeviç komandaya gələndə hansı klubda və ya millidə uğuru olmuşdu? Yaxşı, o zaman niyə belə şeylər danışılmırdı? Ancaq şəxsən mən həmin açıqlamada oxusaydım ki, cavan məşqçilərin namizəd olması bizim üçün sevindiricidi, insanların onlara inanması yaxşıdı, inanın ki, çox xoşbəxt olardım. Təəssüf ki, bizi qəbul etməyənlər, gözü götürməyənlər var. Burda Ağasəlim müəllimdən söhbət getmir. Ancaq yenə deyirəm, siz belə şeylərə alışın. Yəni qeyri-peşəkar fikirlərə, öz mənafeyini güdənlərə, paxıllıq edənlərə artıq alışmaq lazımdı. Təkrar edirəm, burda konkret Ağasəlim bəydən söhbət getmir. Mən bu fikirləri normal qəbul edirəm. Hiss edirəm ki, bəzi jurnalislərə belə fikirlər pis təsir edir. Bununla bağlı onların reaksiyalarını da oxumuşam. Bu günə qədər bu mövzuda bir çox sorğu keçirmisiz. Kimi görmüsüz ki, hansısa cavan məşqçinin adını çəkib, ona dəstək olub? Söhbət yalnız məndən getmir. Azərbaycan futbolunda tək-tük adam var ki, peşəkar fikirlər səsləndirir. Qalan hamısı öz mənafeyini güdür. Bunu Ağasəlim bəyə şamil etməyin. O ağsaqqaldı və öz fikrini bildirir. Ancaq bəziləri sırf kiməsə xoş görünmək üçün bu cür fikirlər səsləndirirlər”.
HƏSƏN