Sizin reklam burada

“Vaxtında düzgün addımlar atsaydım, maddi xərclərimizi azalda bilərdim”

Baxış Sayı:362

“Vaxtında düzgün addımlar atsaydım, maddi xərclərimizi azalda bilərdim”
Xanbaba Daşdı növbəti mövsümü fikirləşir
Region Liqasında mübarizə aparan Quba “Şahdağ”ının maddi çətinlik səbəbindən 9-cu turda “Uğur”la oyuna çıxmadığını bilirsiz. Buna görə İntizam Komitəsinin Quba təmsilçisinə texniki məğlubiyyət verdiyini də diqqətinizə çatdıraq. Həmin vaxt qəzetimizə açıqlama verən “Şahdağ”ın rəhbəri Xanbaba Daşdı maliyyə problemi ilə üzləşdiklərini, futbolçulara maaş verə bilmədiyindən komandanın əksər üzvlərinin düşərgəni tərk etdiyini bildirmişdi. Onu da əlavə etmişdi ki, bu gedişlə “Şahdağ” liqada çıxışını dayandıracaq. Klub rəhbəri bədbin fikirlər sələndirsə də, bir həftə sonra “Şahdağ” “Xudat”la matçda meydana çıxdı və qələbə qazandı. Elə ötən tur da qubalılar iş başında olublar.
Olmaya “Şahdağ”a sponsor tapılıb və komandanın maliyyə ilə bağlı çətinliyi arxada qalıb? Bu suala cavab tapmaq üçün dünən yenidən Xanbaba Daşdı ilə əlaqə saxladıq. Onun reaksiyası belə oldu: “Qrup mərhələsinin başa çatmasına 2-3 tur qalıb. Bu üzdən yarıda dayanmaq istəmədik. Çünki çempionatı erkən tərk etsək, növbəti mövsümdə liqada iştirakımıza qadağa qoyula bilər. Bu il yaşananlar, sırf özümü nəzərdə tutaraq deyə bilərəm ki, mənə böyük təcrübə qazandırdı. Bu ilin may və ya iyununda Quba Olimpiya Kompleksinin arenası istifadəyə veriləcək. Artıq komandanın öz meydanı olacaq və builki kimi görüşləri Bakıda, Sumqayıtda yox, öz stadionumuzda keçirəcəyik. Arenamız olandan sonra böyük işlər görmək mümkündü. Bütün görüşləri səfərdə keçirdiyimizdən azarkeşlərimiz komandaya dəstək verə bilmirlər. Bu mövsümü başa vurub, növbəti “futbol ili” haqda fikirləşmək istəyirik. Bizim əsas məqsədimiz Region Liqasında müntəzəm iştirak edib, qarşıdakı illərdə birinci diviziona, ordan isə premyer-liqaya yüksəlməkdi. Yenə deyirəm ki, qrup oyunlarının başa çatmasına iki-üç tur qalıb. Bu üzdən kiminsə qapısını döyüb “Şahdağ”a yardım etməsini məsləhət bilmədim. Cari mövsümdə bura qədər gəlmişiksə, sona qədər də öz gücümüzə çıxışımızı təmin edəcəyik. AFFA və başqa aidiyyatı qurumlarla əlaqə saxlayırıq. Mövsümü başa çatdırmaqla bağlı heç bir problem olmayacaq”.
Söhbətimizin sonunda isə Daşdı bunları dedi: “Son vaxtlar yaşadığım maddi və mənəvi problemlər zamanı yanımda olduqları, komandaya dəstək verdikləri üçün Qubanın İcra Hakimiyyətinə, AFFA-ya xüsusi təşəkkür edirəm. Növbəti mövsümdə azarkeşlərimizin tam fərqli “Şahdağ” görməsi üçün əlimdən gələni edəcəm. Bu il mövsümün açılışında bəzi səhlənkarlığa yol verdim, düzgün qərarlar qəbul etmədim. Vaxtında düzgün addımlar atsaydım, maddi xərclərimizi azalda bilərdim. Mən daha peşəkar səviyədə iş görmək istədim, amma büdcəm buna yetmədi. AFFA-dan böyük maddi dəstək istəmək də məntiqli olmaz, Region Liqasında bizim kimi neçə klub çıxış edir. Bizə vəsait ayırıb, başqalarına diqqət yetirməsələr, onlara qarşı haqsızlıq etmiş olarlar”.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR