...və ya bu cocuğun günahı nə?
Ehtimallar özünü doğrultdu. Azərbaycan futbolunun gülməşəkər, sevimli, tərbiyəli, bacarıqlı futbolçularından biri Emil Balayev yenidən karyerasını vətəndə davam etdirəcək. Yığma üzvünün mövsümün sonuna qədər “Zirə”nin uğurları üçün tər tökəcəyi iki gün əvvəl rəsmi təsdiqini tapdı.
Əslində belə olacağı daha öncədən, qolkiper “Tobol”dan ayrılandan gözlənilirdi. Bir müddət adı “Qarabağ”la yanaşı hallandı, ardınca “Sabah”la bağlı xəbərlər dolaşdı. Lakin səbəbkar və agenti mətbuata verdiyi hər açıqlamada karyerasını xaricdə davam etdirəcəyini dilə gətirirdilər.
Bir neçə gün öncəyə qədər “Bude Qlimt”in düşərgəsindəydi. Norveç təmsilçisi ilə müqavilə bağlayacağına o qədər əmin idik ki... Nə isə, yazının davamında bu haqda söz açacağıq. Emilin “Tobol”dan ayrılmasından “Zirə”də peyda olmasına qədər yaşananlara nəzər salaq.
Bəs deyirdilər Qazaxıstanda qəhrəmandı?
Emilin adı Qazaxıstanda dillər əzbəri olmuşdu. “Tobol”a getdiyi gündən əsas heyətdə özünə yer etmiş, klub rəhbərliyi, məşqçilər heyəti, futbolçu yoldaşları və azarkeşlərin sevgisini qazanmışdı. Adına az qala hər turun rəmzi komandasında rast gəlirdik. İnanılmaz seyvlər edir, komandası üçün vacib fiqur olduğunu göstərir, bir sözlə, diqqətləri üzərinə çəkirdi. İşin yekununda ötən mövsümün ən yaxşı qapıçısı seçildi. “Futbol+”in ümummilli sorğusunda rəqiblərinin hamısını qabaqlayaraq ən yaxşı adını qazandı. Qısası, adama elə gəlirdi ki, Emil Balayevin ad-soyadı illər keçsə də, qazaxların dilində əzbər olacaq.
Bəli, məhz adama belə gəlirdi. Çünki əslində belə deyilmiş. Belə olsaydı, Emil “Tobol”dan ayrılan kimi kənar ölkələrdən yox, elə Qazaxıstanın özündən “elçilər” qapısına yığışar, həmyerlimizi heyətinə qatmaq üçün qan davasına çıxardı. Kimsə qarşıma “Emil “Tobol”dan ayrılanda bütün komandalar heyətini komplektləşdirmişdi” bəhanəsini qoymasın. Düzdü, Balayevin Kostanay təmsilçisi ilə rəsmən yollarını ayırması müəyyən vaxt aldı. Amma Qriqori Babayanın rəhbərlik edəcəyi komandada qalmayacağı çox-çox əvvəldən bilinirdi. “Astana”ya, “Ordabası”ya, yaxud “Kayrat”a lazım olsaydı, çoxdan “saqqızını oğurlayardılar”.
Heç bir gözü Qazaxıstan çempionatının üstündə olan ruslar da bacarıqlı qapıçının xidmətindən yararlanmaq istəmədilər. Halbuki el arasında dolaşan əfsanələrdə Emil üçün Rusiya variantının olduğu da deyilirdi. Bizim üçün qəhrəman imiş, onlar üçün sıradan bir futbolçu.
Maaş azdı, qaç gəl Bakıya
Keçək “Bude-Qlimt”ə. Futbolçunun atası Nazim bəy mətbuata verdiyi açıqlamada olduqca maraqlı məqama toxunmaqla özü də istəmədən övladını pis vəziyyətdə qoyub. Valideynin dediyinə görə, Emili rənglərinə bağlamaq istəyən Norveçin köklü klublarından biri ona aylıq 3 min avro təklif edib. Əvvəla, həmin məbləğ 3 yox, 5 min avro olub. Hə, lap deyək, 3 min avro.
Norveçdə qiymətlər həddən artıq bahadı, üstəlik, klub ona maşın və mənzil kirayələmək istəməyib – bunu da Nazim bəy açıqlamasında deyib. Yəni Balayevin ayda qazandığı 3 min avro xərclərinə gedəcəkmiş, arxaya pul ata bilməyəcəkmiş. Elə bu faktın özü futbolçunun legioner həyatı yaşamaqda nə dərəcədə “maraqlı” olduğunu göstərir.
Razıyam, hər futbolçunun qiyməti var, ona uyğun da qazanmalıdı. Onunla da razıyam ki, futbolçu əziyyət çəkir, zədə alır, ölüm riski ilə üz-üzədi və buna görə də zəhməti artıqlamasıyla qiymətləndirilməlidi. Amma bu gün sənə real təklif yoxdusa və son şansın Norveçdə qalıb avropalı məşqçi və skautların gözləri qarşısında olmaqdısa, niyə imtina edəsən axı?!
Müqaviləni aylıq 3-5 min dollara bağlayıb, gələcək adına ümid verən hansısa bəndlər əlavə etmək olardı. Guya Fərid Nəbiyev Çexiyada aldığı aylıq 1-2 min avronu evinin içində qazana bilməz? Qazanar, hələ artıqlaması ilə. Amma avropalıların gözü qarşısında olmaq, çıxış etdiyi komandadan tramplin kimi yararlanmaq istəyir. Yoxsa sən çantanı yığ, sonra da “Zirə”nin formasını əlində tutub şəkil çəkdir ki, bəs Norveçdə mənə istədiyim pulu vermədilər, umduğum hörməti görmədim.
Ən yaxşıların da heç kimə lazım deyilsə...
Öncə Ramilin, ardınca Emilin başına gələnlər bir daha Azərbaycan futbolunun Avropada necə tanındığını çılpaqlığı ilə ortaya qoydu. Hər ikisinin yaşı istənilən klubun axtarışı üçün qaymaqdı. Ramilin 24 yaşı bu ayın 15-də tamam olacaq, Emilin 26 yaşını qeyd etməsinə hələ bir ay var. Hər ikisi Azərbaycan millisinin aparıcı fiqurlarıdı. Hər ikisinin CV-si kifayət qədər diqqətçəkəndi. Birində “Ayntraxt”, “Tobol”, “Neftçi”, “Qarabağ”, o birində “Zenit”, “Rubin”, “Trabzonspor”, “Jilina”, “Krılya Sovertov”, “Dinamo”, “Qarabağ”... Bir çox futbolçuların ağzını sulandıracaq göstəricidi, deyilmi?
Lakin 1,5-2 ay ərzində heç birinə yaxın duran olmadı. Agentləri yalandan müxtəlif ölkələrin adlarını çəksələr də, sonuncu duracaqları Azərbaycan oldu. Adamı yandıran nədi, bilirsiz? Deyək ki, Azərbaycan futbol ölkəsi kimi tanınmır, deyək ki, bizim futbolçuları bacarıqlı gözündə görmürlər, deyək ki, yığmanın nəticələri futbolumuzu Avropada urvatsız edib, deyək ki, “Qarabağ”ın, “Neftçi”nin, “Qəbələ”nin qruplardakı çıxışına önəm verən yoxdu, deyək ki, agentləri səriştəsizsi, lap elə deyək ki, futbolçularımız pul düşkünüdülər...
AFFA-dakı söz sahiblərinin səriştəsizliyi
Bəs AFFA-dan maaş alıb Eddini, Dmitrini, Alini, Cihanı, dadaşovları milli üçün kəşf edənlər hanı? O tərəfdən bu tərəfə calaq etməklə məşğul olanların bu tərəfdən o tərəfə aparmaq imkanı yoxdu? Niyə? Ortada yüzminlərlə qazanc olmayacaq, ona görə? Qazanclı işlərə sinəsini qabağa verən Riad Rəfiyev niyə şəxsi əlaqələri hesabına bu iki azərbaycanlı balasına gün ağlaya bilmədi?
Hanı Berti Foqts, Robert Prosineçki, Nikola Yurçeviç, Milan Obradoviç? “Mənəm-mənəm” deyən klubların akademiyalarında çalışmış Oliver Pilzer, Nikolay Adam, Bernard Lippertlə Raab də kömək edə bilməzdi? Sözsüz, onların işi azərbaycanlı futbolçulara klub tapmaq deyil. Amma işin mənəvi tərəfi var. Azərbaycanda milyonlar qazanıblarsa və qarşılığında nəticə verməyiblərsə, həmin pulların əvəzini yaxşılıq etməklə çıxa bilərdilər. Onların vecinə deyil, necə ki, Emillə Ramilin klubsuz qalması Elxan Məmmədovun vecinə olmadı. Az qala UEFA-nın mənzil-qərargahında gecələyən baş katibin şəxsi əlaqələri də bu iki futbolçunu Avropanın ortabablarına yerləşdirməyə imkan vermirsə, nəsə danışmaq artıqdı.
İndi həm Emil, həm də Ramil bir şeyə peşmandılar – azərbaycanlı ad-soyadı daşıdıqlarına və ölkə futbolunun bu vəziyyətdə olmasına. Allah hər ikisinin köməyi olsun, biz qarışıq.
HƏBİB
Yeri gəlmişkən...
Emil Balayev keçidi ilə bağlı “Zirə”nin saytına qısa açıqlama verib: “Burda olduğuma görə şadam. “Zirə” hədəfləri olan maraqlı komandadı. Burda millidə də bərabər oynadığım, əvvəldən də yaxşı tanıdığım futbolçular var. Son vaxtlar nəticələr yaxşı olmasa da, komandanın uğur qazanacağına inanıram. Bunun üçün mən də bacardığımın ən yaxşısını etməyə çalışacam”.