Elxan Məmmədov: “Belə qrupda yaxşı nəticə qazanmaq mümkündü”
Srağagün axşam saatlarında Amsterdamda UEFA Millətlər Liqasında 2020/21 mövsümünün püşkü atılıb. İkinci dəfə təşkil olunacaq turnirdə “köhnə qitə”nin 55 yığması mübarizə aparacaq. İştirakçılar ilk turnirdəki nəticələrinə əsasən dörd – A, B, C və D liqalarına bölünüb. Sonuncu liqada 7, qalanlarında 16 komanda yer alıb. Xatırladaq ki, budəfəki turnirdə liqaların qalibi adını qazanacaq kollektivlər Qətərdə keçirilicək DÇ-2022-yə birbaşa vəsiqə qazanacaq. Pley-off matçlarına yalnız qrupu ilk pillədə başa vuran komandalar qatılacaq. Azərbaycan yığması C liqasında mübarizə aparacaq. Milli Lüksemburq, Cənubi Kipr və Monteneqro ilə bir qrupa düşüb. Yeri gəlmişkən, Amsterdamda təşkil olunan tədbirdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, icraçı vitse-prezident Elxan Məmmədov, vitse-prezident Elşad Nəsirov və yığmanın məşqçisi Arif Əsədov iştirak edib.
Rəqiblər və biz
C liqasının 1-ci qrupunda Monteneqro, Cənubi Kipr və Lüksemburqla qarşılaşacaq yığmamız hər üç rəqiblə əvvəllər də üz-üzə gəlib. 1-ci səbətdə yer alan və bu üzdən qrupun favoriti sayılan Monteneqro ilə millimiz arasında bu günə kimi bir qarşılaşma baş tutub. 2010-cu il noyabrın 17-də Podqoritsada keçirilən görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Daha bir matç isə hələ Monteneqro Serbiyadan ayrılmayan dönəmə təsadüf edib. AÇ-2004-ün seçmə mərhələsi çərçivəsində keçirilən ilk oyunda yığma Podqoritsada heç-heçə (2:2) etməyi bacarmışdı. Bakıda isə qələbəyə sevinmişdik – 2:1.
AÇ-2020-nin seçmə mərhələsində A qrupunda İngiltərə, Çexiya, Kosovo və Bolqarıstanla eyni qrupda yer alan Faruk Hacibeqiçin çalışdırdığı komanda tsikli sonuncu yerdə başa vurub. Qələbəyə həsrət qalan Monteneqro 3 heçə-heçə ilə hesabına 3 xal yazdıra bilib. Balkan təmsilçi 8 görüşdə cəmi 3 qol vurub, 21 dəfə isə topu tordan çıxarmaq məcburiyyətində qalıb.
2-ci səbətdən gələn rəqib Cənubi Kiprlə də bir oyun keçirilib. Həmin matç 1996-cı ildə baş tutub. Rəqibin U-21-i ilə görüş sonradan qarşılıqlı razılıqla əsas yığmaların oyunu kimi nəzərə alınıb. Millimiz bu rəqibə yoxlama oyununda 2:0 hesabı ilə qalib gəlib. Ada yığması AÇ-2020-nin seçmə mərhələsində 6 komandanın yer aldığı qrupda 4-cü olub. Belçika, Rusiya və Şotlandiyadan geri qalan adalılar Qazaxıstan və San Marinonu qabaqlayıb. 10 görüşdə 10 xal toplayan Cənubi Kipr yığması rəqibləri 15 dəfə məyus etdiyi halda, özü 20 dəfə meydanın mərkəzinə dəvət olunub.
Lüksemburqla daha çox – 3 dəfə üz-üzə gələn komandamız uduzmayıb. 10 il öncə rəqibini yoxlama oyununda məğlub edən milli DÇ-2014-ün seçmə mərhələ matçlarında heç-heçələri sıralayıb. Bir çoxları qrupda Lüksemburqun favorit olduğunu düşünür. Ancaq Bakının da evsahibliyi edəcəyi qitə çempionatının seçmə mərhələsində qeydə alınan nəticələrə diqqət yetirəndə, Benilüks ölkələri sırasına aid edilən Lüksemburqun əsas komandasının o qədər də güclü olmadığını görmək olar. Son tskildə “qırmızı şirlər” keçirdiyi 8 qarşılaşmada yalnız bir qələbəyə seviniblər. Bir görüşdə də heç-heçəyə imza atan Lük Holtsun komandası sonda qrupu 4 xalla 4-cü pillədə başa vurub. Ümumilikdə isə 3 rəqibə qarşı 5 oyunda 2 qələbə, 2 heç-heçə və 1 məğlubiyyəti olan yığmamız 5 qol vurub, 4-nü buraxıb.
Bu rəqiblərlə əvvəlki matçlar
17 noyabr 2010. Podqoritsa. YO. Monteneqro – Azərbaycan 2:0
20 fevral 1996. Nikosiya. YO. Cənubi Kipr (U-21) – Azərbaycan 0:2
3 mart 2010. Lüksemburq. YO. Lüksemburq – Azərbaycan 1:2
22 mart 2013. Lüksemburq. DÇ. Lüksemburq – Azərbaycan 0:0
7 iyun 2013. Bakı. DÇ. Azərbaycan – Lüksemburq 1:1
Təqvim və oyunların vaxtı bəllidi
Artıq UEFA Millətlər Liqasının təqvimi və oyunların başlama saatı müəyyənləşib. Yığma ilk görüşünü sentyabrın 5-də, “doğma divarlar” arasında Lüksemburqa qarşı keçirəcək. Qrupun son görüşündə, noyabrın 15-də isə səfərdə elə bu komandanın qonağı olacağıq.
5 sentyabr
21.00 Azərbaycan - Lüksemburq
21.00 Cənubi Kipr - Monteneqro
8 sentyabr
23.45 Cənubi Kipr - Azərbaycan
23.45 Lüksemburq - Monteneqro
9 oktyabr
23.45 Monteneqro - Azərbaycan
23.45 Lüksemburq – Cənubi Kipr
12 oktyabr
21.00 Azərbaycan – Cənubi Kipr
23.45 Monteneqro - Lüksemburq
12 noyabr
21.00 Azərbaycan - Monteneqro
23.45 Cənubi Kipr – Lüksemburq
15 noyabr
23.45 Lüksemburq - Azərbaycan
23.45 Monteneqro – Cənubi Kipr
Reaksiyalar
Elxan Məmmədov: “Təbii ki, Monteneqronu daha güclü rəqib hesab edərək fərqləndirmək olar. Bu komandanın C liqasının 1-ci səbətində yer alması da fikrimi təsdiqləyir. Ümumilikdə rəqiblərimizin hamısı bizim səviyyədə olan komandalardı. Oynamaq olar, əminəm ki, yaxşı mübarizə olacaq. Bizi maraqlı bir yarış gözləyir. Millimizə uğurlar arzulamaq istərdim. Əslində artıq görürdük ki, C liqasında eyni səviyyədə komandalar toplaşıb. Buna görə açıq sizə deyim ki, kimin düşəcəyinin də böyük fərqi yox idi. Təbii ki, əsas məqsədimiz hər oyunda 3 xal qazanmaq olacaq. Belə qrupda mübarizə aparmaq və yaxşı nəticə qazanmaq mümkündü”.
Arif Əsədov: “Yığma üçün püşkün nəticəsini orta dəyərləndirərdim. Lüksemburqla rəsmi səviyyədə görüşmüşük. Ancaq Monteneqro və Cənubi Kiprlə ilk dəfə rəsmi oyunda üz-üzə gələcəyik. Düşünürəm ki, bərabər səviyyəli bir qrupdu. Hər bir komandanın şansı var. Düşdüyümüz ölkələrin yığmalarının oyun üslubları da müxtəlifdi. Ən çətin rəqib kimi Monteneqro yığmasını qeyd edə bilərəm. Çünki bu bölgə təmsilçiləriylə matçlar çətin alınır. Ancaq millimiz Millətlər Liqasında artıq təcrübə toplayıb. Düşünürəm ki, yığmamıza yeni baş məşqçi təyin olunandan, rəqibləri dərindən təhlil edəndən, güclü-zəif tərəflərini müəyyənləşdirəndən sonra hər komandaya qarşı xüsusu taktiki planla çıxıb ən yaxşı nəticəni göstərmək olar. Futboldu, hər şey də ola bilər. Başlanğıcdan çox şey asılıdı. İlk oyunlarda müsbət nəticə qrupda çıxışı uğurlu başa vurmağa səbəb ola bilər. Fikrimcə, millimizin ötən seçmə mərhəldə güclü yığmalara qarşı çıxışı bu mərhələdə yaxşı nəticələr əldə etmək baxımından kömək ola bilər".
Yohan Valem (Cənubi Kipr yığmasının baş məşqçisi): “Millətlər Liqasının püşkatmasının nəticəsi çox maraqlı oldu. Turnirə sentyabrda start veriləcək. Bu üzdən hazırlaşmaq üçün kifayət qədər vaxtımız olacaq. Bizimlə eyni qrupa düşən Lüksemburqla bir neçə gündən sonra yoldaşlıq görüşündə üz-üzə gələcəyik. Onları həmin matçda görmək imkanımız olacaq. Püşkatma barədə müsbət düşünməliyik. Rəqiblərimizi izləməyə, təhlil aparmağa yetərincə vaxtımız olacaq. Bizim üçün iş indi başlayır. Sentyabra qədər keçirəcəyimiz dörd yoldaşlıq görüşündən maksimum yararlanmaq, heyətlə bağlı seçimi düzgün aparmaq istəyirik".
Faruk Hacibeqiç (Monteneqro yığmasının baş məşqçisi): “Qrupdakı istənilən komanda birinci yer uğrunda mübarizə apara bilər. Yaxşı qrupa düşdüyümüzü hesab edirəm. Buna görə sevinirəm. Amma son vaxtlar əldə olunan nəticələr göstərir ki, ehtiyatlı olmalıyıq. Bütün futbolçular sərəncamımızda olanda, zədəli oyunçularımız olmayanda iddiamızı ortaya qoymalıyıq. Amma rəqiblərə də hörmətlə yanaşmalıyıq. Hamını maraqlı oyunlar gözləyir. Qarşıdakı yoldaşlıq matçlarından sonra kollektivdə qələbə ruhu formalaşdırmaq lazımdı. Qrupumuzda asan rəqib yoxdu. Ona görə də hər bir komandaya ciddi yanaşmalıyıq”.
RƏŞAD