Azərbaycan İdman Jurnalistləri Federasiyası (AİJF) və Azərbaycan Kiberidman Federasiyasının (AzKİF) srağagün birgə təşkil etdiyi yarış 5 mart - Bədən Tərbiyəsi və İdman gününə həsr olunub. "Nizami E-Sport Arena"da (“Nizami” kinoteatrı) keçirilən çempionatın açılış mərasiminin aparıcısı - AİJF-nin İdarə Heyətinin üzvü Sənan Şəfizadə bütün iştirakçılara uğurlar arzulayıb. Ardınca qurumun İdarə Heyətinin sədri Qabil Mehdiyev PES2020 üzrə ölkə çempionatının federasiyanın ilk yarışı olduğunu vurğulayıb: "Qarşıda çoxlu yarışlarımız və tədbirlərimiz keçiriləcək. İdman jurnalistləri arasında futbol, tennis və başqa yarışlar baş tutacaq. Qoy, güclü qalib gəlsin".
AİJF-nin İdarə Heyətinin üzvü, tədbirlərin təşkili və keçirilməsi komissiyasının sədri Elşən Məmmədov Kiberidman Federasiyasına verdiyi dəstəyə görə təşəkkürünü bildirib. O, yarışda ayrı-ayrı KİV-dən 38 idman jurnalistinin iştirak edəcəyini diqqətə çatdırıb. Daha sonra Azərbaycanın Dövlət himni səsləndirilib. Təşkilatçılardan Kənan Quliyev çempionatın əsasnaməsini bir daha xatırladıb və püşkün nəticələrini elan edib. Olimpiya sistemi üzrə keçirilmiş mübarizə təsnifat mərhələsindən başlayıb. Beləliklə, 1/16 final cütlərinin tərkibi müəyyənləşib. Finala isə "CBC Sport"un iki əməkdaşı - Məftun Rəsulzadə və İbrahim Məmmədli vəsiqə qazanıb. Rəsulzadə gərgin keçən görüşdə 4:3 hesabıyla qalib gələrək, Azərbaycan çempionu olub. 3-cü yeri isə qol.az saytından Azad Nuriyev tutub. Qalibə "PlayStation 4", finalçıya "Nizami E-Sport Arena"dan 100 saat, 3-cü yerin sahibi isə 50 saatlıq hədiyyə kartı verilib.