
Dava çek yox, biganəlik davasıdı!
Təxminən bir həftə davam edən söz-söhbətin, açıqlama və mübahisələrin ardından çərşənbə axşamı, nəhayət, AFFA futbol veteranı Səmədağa Şıxlarovun Respublika Diaqnostika Mərkəzində (RDM) gerçəkləşən əməliyyatı üçün ödədiyi 6 min manatın çekini yaydı. Ona baxanda aydın görünür ki, köçürmə fevralın 25-də Beynəlxalq Bank vasitəsi ilə olub. Səmədağa bəyin bundan bir gün əvvəl əməliyyat olunduğunu, ölkədaxili köçürmələrdə pulun hesabdan-hesaba “oturmasının”, adətən, bir-iki gün sürdüyünü nəzərə alsaq, ortaya müəyyən söhbətlərin çıxması təbiidi. Yəni fevralın 26-27-də xəstəxananın mühasibinə yaxınlaşan səbəbkarın və onun yanındakıların “pul hələ köçməyib” cavabını almasında, sonra da qəzəbli açıqlama verməsində anlaşılmaz heç nə yoxdu.
Azərbaycan futbolunun keçmişində müəyyən izi olan veteranın uzun sürən, ağır əməliyyatı üçün pul əsirgəməyən AFFA rəhbərliyinə bəribaşdan təşəkkür edirəm ki, sonrakı fikirlərimdə də səmimi olduğum anlaşılsın. Doğrudan da, AFFA rəhbərliyində təmsil olunanlar günahlarından birini yuyublar, buna görə onlara təşəkkür düşürsə, təşəkkür kimi qəbul etsinlər, minnətdarlıq düşürsə, minnətdarlıq kimi qəbul etsinlər. Çatdırmaq istədiyim əsas mətləb başqadı.
Çekə baxanda açıq-aydın görünür ki, RDM 6 min manat ödənişi nəzərdə tutan 81 saylı fakturanı hələ fevralın 3-də hazırlayıb. Sadə məntiq onu deyir ki, Səmədağa bəy fevralın 3-dən əməliyyat olunduğu günə, yəni fevralın 24-nə qədər AFFA ilə ən azı bir neçə dəfə əlaqə saxlayıb. Heç şübhəsiz, ona “yox” cavabı verilməyib, sadəcə, üç həftə çəkən adi bürokratik rəsmiyyətçilik, ya da ağrılarının artması veteranı necə hövsələdən çıxarıbsa, dost-tanışdan yığdığı pul hesabına əməliyyat olunmağa, cərrah masasına uzanmağa qərar verib. Hörmətli AFFA rəsmiləri, o qurumda mühasibatlıq işlərinə baxanlar insanın canı ağrıyanda heç nəyin gözünə görünməməsi kimi sadə həqiqətdən yəqin ki xəbərdardılar. Bilirsizmi, bu məsələ adamda hansı qənaəti formalaşdırır? Şıxlarovun əməliyyatı bir neçə gün də geciksəydi və Allah eləməmiş, ortaya hansısa letal nəticə (tibbi dildə deməyə çalışdım...) çıxsaydı, bunun məsuliyyətini kim daşıyacaqdı? Fevralın 3-də köçürmə sənədi hazır olduğu halda, ödənişi 22 gün gecikdirən AFFA, yoxsa Respublika Diaqnostika Mərkəzi? Bir sözlə, çeki həvəslə mediaya təqdim edən, prosesin aydınlığa qovuşmasında maraqlı görünən dostlar sərlövhəyə yenidən diqqət yetirsinlər. Əlbəttə, çoxları, elə mən də AFFA-nın kimisə aldatmadığına, əməliyyat xərcini qarşıladığına və ya qarşılayacağına inanırdıq. Ancaq insan taleyi, onun varlığı elə vacib məqamdı ki, burda hər anın hökmü var. Bir sözlə, dava çek yox, biganəlik davasıdı!