Sizin reklam burada

“Bude-Qlimt”in maliyyə şərtləri Emil Balayevi razı salmadı

Baxış Sayı:595


Erkin İbrahimov: “Ən pis halda Şeydayev kimi vətənə dönüb, yerli klubların birində oynaya bilər”
Millinin qolkiperi, ötən ilin dekabrında Qazaxıstan təmsilçisi “Tobol”dan ayrıldıqdan sonra klubsuz qalan Emil Balayevin çərşənbə günü Norveç təmsilçisi “Bude-Qlimt”in düşərgəsinə yollandığını ötən sayımızda xəbər vermişdik. Norveç klubunun düşərgəsində olduğu müddətdə özü barədə müsbət rəy formalaşdıran Emilin Skandinaviya ölkəsində qalıb karyerasını orda davam etdirəcəyini düşünənlərin sayı çox olsa da, sonradan məlum oldu ki, tərəflər ortaq məxrəcə gələ bilməyiblər. Report.az saytına açıqlama verən qapıçının atası Nazim Balayev durumu belə izah edib: “Qarşı tərəf Emili birbaşa müqaviləyə dəvət etsə də, maliyyə və ev məsələsi barədə öhdəliklərini yerinə yetirməyib. Deyiblər ki, bizim büdcəmiz zəifdi, ayağımızı yorğanımıza görə uzadırıq. Müxtəlif bəhanələr gətiriblər. Emil də mənə zəng vurdu ki, burda qalmaq istəmirəm, bilsəydim, gəlməzdim. Norveç klubu futbolçuları gətirib oynadır, qiymətini qaldırıb başqa komandalara satır. Büdcələrini yalnız bu yolla doldururlar. Cəmi 3 min avro pul təklif ediblər. Orda təkcə nahar etmək 30 avroya başa gəlir. Günə 80-90 avro yeməyə getsə, başqa xərcləri necə qarşılasın? Avtomobillə gedib-gəlməyi var. Mənzilin icarə haqqı 1200 avrodu. Bahalı ölkədi. Bütün maaşı, demək olar, ancaq belə şeylərə çıxacaq. Emil təklif edib ki, evlə maşının xərclərini siz üzərinizə götürün. Deyiblər ki, büdcəmiz buna imkan vermir. Gərək ora getməzdi".
Balayevin hazırkı durumu, gələcək karyerası ilə bağlı qokiperi yaxından tanıyan futbol agenti Erkin İbrahimovla danışmağı lazım bildik.
- Açığı, işin içində olmadığımdan mən də sizin kimi qolkiperin yaşadıqlarını mətbuatdan oxuyuram. Atası bildirib ki, Norveç klubu çox aşağı maaş təklif edib. Bundan başqa, ev və maşın məsələsini də Emilin öz öhdəsinə buraxıb. Bu günə kimi Norveçdə bir dəfə olmuşam və ordakı qiymətlərdən xəbərim var. Adi avtobusla şəhər içində hərəkət etmək üçün 4 avro ödəməlisən. İctimai nəqliyyat belə bahadısa, təsəvvür edin, başqa sahələrdə qiymətlər necədi. Yadımdadı, Norveçdə qaldığım oteldə ofisiantdan aylıq maaşının nə qədər olduğunu soruşmuşdum. Cavabında 3 min avro təşkil etdiyini söyləmişdi. Bütün peşə sahiblərinə hörmətim olsa da, etiraf edək ki, futbolçular hər ölkədə seçilmişlərdən olurlar və onların maaşı daha üstün olur. Bu bizdə də belədi, Skandinaviya ölkələrində də. Adi Baltikyanı respublikalarda normal klublar futbolçusuna ayda 5-6 min avro maaş verir. Bu üzdən Emilin “Bude-Qlimt”in təklifini qəbul etməməsini anlayışla qarşılayıram. Ancaq yenə yaxşıdı ki, boş dayanmır, yeni klub axtarır, meydanda olmağa çalışır. Emil çox fərqli, tərbiyəli futbolçudu və inanıram ki, tezliklə özünə yeni klub tapacaq. Açığı, mən də onunla bağlı klub axtarışına gec qoşuldum. Fevralın ortaları idi, mən bu işə başlayanda. Münasibətim yaxşı olan 2-3 Avropa klubu ilə əlaqə saxladım. Belə vaxtda qapıçıya yeni klub tapmaq çətindi, xüsusilə də Azərbaycandan olan qolkiperə. Demək olar ki, qapıçıya ehtiyac duyan bütün klublar fasilə dönəmində transferlərini yekunlaşdırıblar. Bəlkə də Balayev braziliyalı və ya xorvatiyalı olsaydı, çoxdan özünə klub tapmışdı. Ancaq nə edək ki, millinin “bir nömrə”sinin, ötən mövsüm Qazaxıstan çempionatın ən yaxşı qapıçısı seçilməsinə baxmayaraq, vətəndaşlıq xanasında Azərbaycan yazılıb. Yığmamızın reytinqdə tutduğu mövqe, ümumiyyətlə, futbolumuzun bugünkü durumu ona marağı bir qədər aşağı salır. Almaniyada legioner həyatı yaşayıb, ayaqla meydan oyunçusu kimi oynayır, yaşı azdı. Bir sözlə, üstün cəhətləri çox olsa da, Avropada klub tapmaq onun üçün asan deyil. Ən pis halda Ramil Şeydayev kimi vətənə dönüb, yerli klubların birində oynaya bilər. Çünki başqa variant mümkün deyil.
- Balayevin bu günə kimi klubsuz qalması özünün günahıdı, yoxsa əməkdaşlıq etdiyi menecerin? Ümumiyyətlə, onun agenti kimdi?
- Onu Qazaxıstana soyadını unutduğum Stanislav adlı rus agent aparmışdı. O Rusiyada daha çox gənc futbolçularla işləyir. Şəxsi tanışlığımız yoxdu, heç Antalyada da qarşılaşmamışıq. Emil dekabrdan boşda idi. Babayan “Tobol”a təyin olunandan bilinirdi ki, orda qalmayacaq. Bu üzdən artıq o vaxtdan agenti klub axtarışına çıxmalıydı. Ola bilər, müştəriləri çoxdu və ya cavan agent olduğundan əlaqələri o qədər geniş deyil. Ola bilər, işinə ciddi yanaşmayıb ki, qapıçımız bu gün klubsuz qalıb. Emil bütün göstəricilərinə görə klub tapmaqda çətinlik çəkməməliydi. Emilin problemi odu ki, çox tərbiyəli gəncdi. Futbolçu var ki, agentlə müqaviləsi ola-ola, özü klublarla danışıq aparır və ya başqa agentlərlə gizlincə əməkdaşlıq edir. Balayev isə belə deyil, söz verdisə, sona qədər vədini tutur. Bir qədər də bu işlərdə təcrübəsiz olması özünü göstərdi. O da inanmazdı ki, marta qədər klubsuz qalacaq. Ona kim zəng vururdu, yazırdı, hamını adını çəkdiyim agentə yönəldirdi. Onda bəzi oyunçularda olduğu kimi sözün yaxşı mənasında biclik yoxdu. Həddən artıq təmiz oğlandı. Belələrinə indi çox az rast gəlmək olar.
- Necə düşünürsən, Emil çempionatı “yaz-payız” sistemi ilə keçirilən başqa çempionatlarda özünə yeni klub tapa bilər?
- Emil üçün indiki məqamda əsas odu ki, daim oynaya biləcəyi kluba üz tutsun. Fərqi yoxdu, Finlandiya, Azərbaycan və ya Belçika olsun. Onu da qeyd edim ki, demək olar, bütün çempionatlarda qapıçılar üçün istisnalar var. Elə ölkələr var ki, “transfer pəncərəsi” bağlanır, ancaq “çərçivə qoruyucuları” üçün hər zaman açıqdı. Məsələn, Belçikada Azərbaycanda olduğu kimi deyil. “Transfer pəncərəsi” bağlandısa, futbolçu lap azad agent statusuna malik olsa da, hansısa klubla müqavilə bağlaya bilməz. Qapıçılara isə, yenə deyirəm, istisna var. Mən bilən “Genk”, ya “Gent” məhz bu bənddən istifadə edib Balayevi dəvət etmək istəyirdi. Necə ki “Barselona” indi danimarkalı futbolçunu sifariş etdi. Bir daha təkrarlayıram, Emil həm də yığmanın əsas qokiperi olduğundan gedəcəyi klubda, toplanış keçməsə belə, “bir nömrə” olmalıdı. Fikrimcə, bu həftənin sonuna kimi ölkə kənarında özünə yeni klub tapmasa, premyer-liqa təmsilçilərinin biri ilə ən azı mövsümün sonuna kimi anlaşmalıdı. “Zirə” hazırda qapıçı baxımından problemlə üzləşib. Qəsəbə təmsilçisi Emilin xidmətindən yararlana bilər. Bu həm klubun, həm də Emilin xeyrinə olar.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR