Sizin reklam burada

“Qarabağ”ı Stamenkoviç və hakimlər dayandırdı

Baxış Sayı:5 038


73. Qarabağ (Ağdam) – Sabah (Bakı) 0:0
12. Şahruddin Məhəmmədəliyev – 5,0
3. Aylton – 5,0
(30. Abbas Hüseynov, 86) – qiymətsiz
14. Rəşad Sadıqov (k) - 5,5
55. Bədavi Hüseynov – 5,5
5. Maksim Medvedev – 5,5
2. Qara Qarayev – 5,0
19. Filip Ozobiç – 5,5
(99. Maqaye Qeye, 67) – 5,0
17. Abdulla Zubir – 5,5
9. Xayme Romero – 6,0
18. İsmayıl İbrahimli – 5,0
27. Kvabena Ovusu – 5,0
Ehtiyat oyunçular
13. Vaqner
94. Nicat Mehbalıyev
4. Rahil Məmmədov
7. Araz Abdullayev
8. Miçel
23. Faysal Rerras
21. Hacıağa Hacılı
71. Toral Bayramov
Baş məşqçi: Qurban Qurbanov
Komandanın ən yaxşısı: Xayme Romero
1. Saşa Stamenkoviç (k) – 6,0
30. Mario Marina – 5,0
4. Bəhlul Mustafazadə - 5,5
13. Filip İvanoviç - 5,0
5. Kərim Diniyev – 5,5
27. Məqsəd İsayev – 5,0
17. Məhəmməd Mirzəbəyov – 5,0
(19. Təmkin Xəlilzadə, 61) – 5,0
23. Amadu Diallo – 5,0
(99. Ramil Şeydayev, 71) – qiymətsiz
26. Ozancan Kökcü – 5,5
(7. Coşqun Diniyev, 80) – qiymətsiz
11. Şakir Seyidov – 5,5
18. Xulio Sezar Rodriges – 5,0
Ehtiyat oyunçular
71. Dmitri Bezruk
6. Vadim Abdullayev
32. Rəşad Eyyubov
77. Cavid Tağıyev
15. Ruslan Abışov
9. Marko Deviç
38. Arsen Ağcabəyov
Baş məşqçi: Jelko Sopiç
Komandın ən yaxşısı: Saşa Stamenkoviç
Vərəqələr: S.Stamenkoviç, 43 (qeyri-idman hərəkəti). M.Marina, 84 (qeyri-idman hərəkəti). R.Sadıqov, 90+1 (hakimin qərarına etiraz). Q.Qarayev, oyundan sonra (hakimin qərarına etiraz) - sarı.
Hakimlər: ELÇİN MƏSİYEV, Pərvin Talıbov, Qəzənfər Məmmədov, Fərid Hacıyev (hamısı Bakı).
Hakim-inspektor: Fariz Yusifov (Bakı).
AFFA nümayəndəsi: Eldəniz Musayev (Bakı).
29 fevral. Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. 300 tamaşaçı (31200 yerlik).
Birinci hissəyə 1, ikincis hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
“Qarabağ”ın “Sabah”la duelini maraqla gözləmək üçün yetərincə səbəb var idi. “Köhlən atlar”ın əsas qol silahı Mahir Əmrəlinin cəza səbəbindən bu oyunu buraxacağı əvvəlcədən bəlli idi. Belədə Qurban Qurbanov mütləq oyun sxeminə əl gəzdirməli, hücum xəttini gücləndirmək üçün çarə axtarmalıydı. Rəqibin son üç oyunda uduzmaması qarşılaşmanın heç də asan keçməyəcəyindən xəbər verirdi. Məlum məsələydi ki, Sopiç də vəziyyəti düzgün qiymətləndirib, komandasının oyununu müdafiədən quracaqdı. Belədə əsas hücumçusunu itirən “Qarabağ”ın işi daha da çətinləşəcəkdi. Əvvəlcədən qeyd edim ki, xorvatiyalının bu planı baş tutdu. Amma necə...
İnsafən, “Sabah”ın səfərdən bir xalla dönməsində baş hakim Elçin Məsiyevin və köməkçilərinin böyük “zəhməti” oldu. Ədalət təmsilçiləri azı iki epizodda yanlış qərar verməklə nəticəyə təsir edən səhvə yol verdilər. Bununla belə, “Sabah”ın intizamlı oyununu da qeyd etməli, futbolçuların güclü rəqibə qarşı yaxşı mübarizə apardığını vurğulamalıyıq. “Qarabağ” görüşün şəksiz favoriti sayılırdı. Belədə qonaq komandanın yaxşı müdafiə olunmaqdan, ara-sıra ələ düşən fürsətləri dəyərləndirib, əks-hücum qurmaqdan başqa yolu qalmırdı. Elə oyundan sonra Sopiç də bu məqamı vurğuladı ki, güclü rəqibə qarşı onun təklif etdiyi tempdə açıq futbol oynamaqla “Zirə”nin gününə düşə bilərdilər.
“Qarabağ” ilk dəqiqələrdən meydan sahibi olduğunu görüşü izləyənlərə göstərmişdi. Topa və meydanın böyük hissəsinə nəzarət edən “köhlən atlar” artıq 5-ci dəqiqədə Stamenkoviçin qoruduğu qapının qarşısında təhlükəli vəziyyət yaratdı. Seyidov Zubiri kobudluqla dayandırmağa məcbur qalınca, Məsiyev cərimə zərbəsi təyin etdi. Ayltonun ötürməsini Ovusu “çərçivə”yə yönəltsə də, Saşa yerində idi. Komandasının start həyəcanına yenik düşüb, bütünlüklə öz qapısına doğru sıxılması Sopiçin xoşuna gəlməmişdi. Təsadüfi deyil ki, bu təhlükədən sonra xorvatiyalı yetirmələrinə əliylə “irəli çıxın” tapşırığı verdi. Bundan sonra “Sabah”ın müdafiəçiləri “istehkam”ı bir qədər irəli çəkib, rəqibin həmlələrini mərkəz dairəsinə yaxın hissədə qarşılamağa çalışırdı. Bununla belə, 10-cu dəqiqədə Romero Stamenkoviçi daha bir dəfə oyuna qoşdu. Ən yaxşı günlərindən birini yaşayan serbiyalı ayıq-sayıq oynadı. Az sonra “Sabah” ilk dəfə hücuma çıxdı. Qaradan topu oğurlayan Kökçü sürətlə irəliləməyə başladı. Amma komanda yoldaşları zamanında ona dəstək vermədiyindən Medvedev özünü yetirib, topu Ozancandan almağı bacardı.
Ozobiçin fəallığı “Qarabağ”a 15-ci dəqiqədə ardıcıl iki künc zərbəsi qazandırdı. Hər iki epizodda cərimə meydançasına havalandırılan topu qapıya zərbəylə tamamlamaq mümkün olmadı. Ozancan növbəti dəfə təşəbbüsü üzərinə götürüb, cinahboyu xeyli irəliləsə də, yenə irəlidə tək idi. Elə bu səbəbdən də onun qapıya paralel ötürməsinə komanda yoldaşlarından heç kim yetişmədi. 19-cu dəqiqədə Məqsədin sağ cinahdan qüvvətli zərbəsini Şahruddin ustalıqla qarşıladı. “Sabah”ın 25-ci dəqiqədə qazandığı cərimə zərbəsi də “ev tapşırığı”nın və komanda oyununun olmaması səbəbindən boşa verildi. Hissənin sonlarında Stamenkoviç diqqət mərkəzində idi. Sanki serbiyalı qolkiper “Qarabağ”ın hücumlarına qarşı təkbaşına mübarizə aparır, qalasını təslim etmək istəməyən keşikçi rolunu oynayırdı. 31-ci dəqiqədə Zubirin qüvvətli zərbəsini barmaqlarının ucuyla dəf edən Saşa komandasını real qoldan xilas etdi. 10 dəqiqə sonra Sadıqovun cərimə zərbəsindən birbaşa qapıya göndərdiyi topu da Saşa ianmla uzaqlaşdırmağı bacardı.
Fasilədən sonra da oyunun ssenarisi dəyişməmişdi. Düzdü, ilk baxışdan elə görünürdü ki, “Sabah” oyunu bərabərləşdirib, rəqiblə baş-başa oynamağa çalışacaq. Hətta ikinci hissənin ilk təhlükəli vəziyyəti də “Qarabağ”ın qapısı önündə yarandı. 54-cü dəqiqədəyə təsadüf edən həmin epizod “köhlən atlar”ı yuxudan oyatdı və meydan sahibləri rəqibi yenidən öz qapısına doğru çəkilməyə məcbur etdi. 60-cı dəqiqədə ilk mübahisəli vəziyyət yaşandı. Bədavinin başladığı hücum zamanı Maksim müdafiəçidən topu qəbul edib onu Ozobiçə ötürdü. Xorvatiyalı topu Xaymeyə doğru istiqamətləndirəndə komanda yoldaşı oyundankənar vəziyyətdə idi. Amma laysmanın bayrağı havaya qalxmamışdı. Belədə Romero cərimə meydançasına daxil olub ötürməni qəbul etdi və İvanoviçdən sıyrılmağa çalışdı. Serbiyalı müdafiəçi isə Romeronun ayağına zərbə vurub, onu yerə sərdi. Özü də Filip Xaymenin top olmayan ayağına zərbə vurmuşdu. Belədə hakim penalti təyin etməliydi. Amma özlərini itirən hakimlər briqadası qısa müddət ərzində ardıcıl ikinci səhvə yol verdi. Bundan 8 dəqiqə sonra Stamenkoviç növbəti qəhrəmanlığını etdi. Serbiyalı qapıçı Ovusu ilə təkbətəkdən qalib çıxmaqla hesabın açılmasına imkan vermədi. Ümumilikdə Saşanın oyun ərzində azı beş dəfə komandasını qoldan xilas etdiyini deməliyik. 87-ci dəqiqədə “Sabah”ın qapısı qarşısında daha bir mübahisəli epizod yaşandı. Bəhlul Ovusunu yerə sərsə də, hakim “davam” işarəsi verdi.
Əsas vaxtın sonuncu dəqiqəsində yaşananlar isə Frits Stuxlikin gənc hakimləri oda atdığını, komitə sədrinin onları belə ağır oyunlara göndərməklə necə böyük səhvə yol verdiyini göstərdi. Sadıqovun künc zərbəsindən havalandırdığı topu Stamenkoviç yumruqları ilə uzaqlaşdırarkən havada Bəhlulla toqquşub yerə yıxıldı. Boşda qalan topu Romero qapıya göndərdi. Qəribədi ki, yan xətt hakimi bayrağını havaya qaldırıb, oyundankənar vəziyyətə işarə etdi. Elçin Məsiyev də qaydalar çərçivəsində vurulan qolu qeydə almadı. Belədə oyun qolsuz bərabərliklə bitdi. “Sabah”ın böyük əziyyətlə qazandığı 1 xalın üzərinə kobud hakim səhvi kölgə saldı.

Gözdən qaçmadı
* Oyundan öncə isinmə hərəkətlərini yerinə yetirmək üçün meydana çıxan "Sabah"ın futbolçuları tünd rəngli geyim dəstindəydilər. Yalnız üç nəfər istisnaydı ki, onların əynində sarı rəngli forma vardı. Həmin üç nəfərdən ikisi qapıçı olduğundan Ramil Şeydayevin də sarı rəngə üstünlük verməsi xeyli maraqlı görüntü idi. Görünür, bu məqam klubun inzibatçılarının gözündən qaçmışdı. Çünki az sonra Ramil də sarı geyimini yoldaşlarına uyğunlaşdırıb, künc bayrağı yaxınlığında "dır-dır" oynayanlara qoşuldu.
* Qurbanov tuneldən meydana ayaq qoyan kimi rəqib həmkarına tərəf yönəldi. Şopiçin əlini sıxan çalışdırıcı xorvat mütəxəssisə uğur arzuladıqdan sonra öz yetirmələrinə tərəf yollandı. Maraqlıdı ki, Qurbanov oyunöncəsi isinmə hərəkətləri zamanı daha çox "Sabah"ın düşərgəsində yaşananlara göz qoyurdu.
* Polis əməkdaşlarından biri hər vəchlə media sektorunun aşağı hissəsində yer alan azyaşlıları ordan uzaqlaşdırmağa çalışırdı. Çavuş azyaşlılara xitabən "sağa dön" əmrini verərkən onlardan biri "hara" deyə soruşdu. Polisin "Səngəçala" cavabı eşidənləri güldürdü.
* Görüş saat 18.00-da başlamalı olsa da, hakimlər və futbolçular təyin olunan vaxtdan 3 dəqiqə sonra tuneldən çıxdılar. Elçin Məsiyevin start fiti səslənəndə saatlar 18.05-i göstərirdi.
* İkinci hissənin əvvəllərində Sopiç Təmkin Xəlilzadəyə hazırlaşmaq tapşırığı verdi. Futbolçunun buna çox vaxt sərf etməsindən narazı qalan xorvatiyalı çalışdırıcı səsini ucaldıb, “haydı, haydı” deməklə Təmkini tələsdirdi.
* Hakimlərin oyunun “ipi”ni əldən qaçırması Qurbanovu özündən çıxarmışdı. 35-ci dəqiqədə “Qarabağ” aut atışıyla topu oyuna daxil etməliydi. Məsiyev atışı iki dəfə təkrarlatdıqdan sonra topun “Sabah”ın futbolçularına verilməsinə göstəriş verib, “Qarabağ”ı autdan məhrum etdi. Onun bu qərarından sonra Qurbanov uzun müddət 4-cü hakimə nəyisə başa salmağa çalışdı. Penalti epizodunda və sayılmayan qolda da çalışdırıcı narazılığını Fərid Hacıyevə bildirdi.
* Sadıqov da hakimlərdən narazıydı. Oyun ərzində Elçin Məsiyevə və köməkçilərinə dəfələrlə narazılığını çatdıran kapitan final fitindən sonra da özünə gələ bilmirdi. “Qarabağ”ın futbolçuları Məsiyevi dövrəyə alıb, Xaymenin qolunun qaydalar çərçivəsində vurulduğunu ona çatdırmağa çalışırdılar. Əvəzində Məsiyev Qarayevə sarı vərəqə göstərdi.

Reaksiyalar
Jelko Sopiç: “Hər iki komandanı gözəl oyun münasibətiylə təbrik edirəm. “Qarabağ” çox yaxşı komandadı. Bunu yetirmələrimə də demişdim. Bizim oyun ərzində bir-iki qol imkanımız olacaqdı, onları da yaratdıq. Amma istifadə edə bilmədik. Turnir cədvəlinin liderinə və usta oyunçulardan qurulan rəqibə qarşı oynayırsansa, həm yaxşı qapıçın olmalıdı, həm də bəxt üzünə gülməlidi. Bu gün bəxt bizim yanımızda oldu. Stamenkoviç də əla çıxış etdi. “Qarabağ”da Zubir, Romero kimi yüksək keyfiyyətə malik oyunçular var. Biz də “Zirə” kimi açıq futbol oynasaq, 0:6 hesabı qaçılmaz olar. Şansımız gətirdi ki, qapımızda Stamenkoviç kimi qolkiper dururdu. Hakimlik barədə heç vaxt danışmıram. Biz baş məşqçiyik, hakim deyilik ki, onların səhvləri barədə danışaq. Referi deyibsə ki, qoldu, deməli, qoldu. Deyilsə də, qərara hörmətlə yanaşmalıyıq. Ruslan Abışov bizim üçün vacib futbolçudu, komandanın kapitanıdı. Zədəsi əvvəldən var idi. İkinci məşqdən sonra əzələ zədəsi özünü göstərməyə başladı. Topa zərbə vura bilmirdi. Qərara gəldik ki, müalicə müddəti davam etsin. Zədəyə görə narahatlıq keçirirdi, bu da psixoloji problemə çevrilmişdi. Artıq yavaş-yavaş komandaya qoşulur. İstəmirik ki, birdən-birə oynasın, yenidən zədələnmək riski olsun.
Qurban Qurbanov: “Xallarımızın üzərinə bir xalın gəldiyini deməliyəm. Rəqib 90 dəqiqə ərzində 10 nəfərlə müdafiə olunurdu. İstər-istəməz belə komandaya qarşı çoxlu qol vəziyyəti yaratmaq çətin olur. Buna baxmayaraq, xeyli qol imkanımız oldu. Futbolçularım çalışdılar. Onlardan razıyam. İntizamı qoruduq, oyundan oyuna da daha ciddi hazırlaşdığımızı, yaxşı oynadığımızı görürəm. 90 dəqiqə ərzində səhvsiz oynamaq mümkün olmur. Müəyyən epizodlarda səhvlər də oldu. Sayılmayan qolla bağlı onu deyə bilərəm ki, hakimdən başqa hamı qolun qaydalar çərçivəsində vurulduğunu dedi. Hətta rəqib komandanın nümayəndələri də. Penalti epizodları da var idi. Hakimlər daha diqqətli olmalıdılar. Bizim qapıya belə qollar olsa, qoy versinlər. Təki heç kimin haqqına girməyək. Bu cür oyunda belə epizodlar nəticəyə təsir edir. Ümid edirəm ki, düzələcək. Sanki son vaxtlar səhvlər daha çoxdu. Hakimlər gənc və gərgindilər. Klub olaraq hakimlərə irad bildirmirik. Bir az daha diqqətli olmaları üçün öz üzərlərində çalışmaları lazımdı”.
AMAL

Oxşar xəbərlər
SON XƏBƏRLƏR