Bu gün ŞRFF-nin Hesabat Konfransı keçiriləcək
Veteranlar İttifaqının fevralın 13-də “Park İnn” otelində toplanıtı keçirməyi planlaşdırdığını, ancaq bəzi səbəblərdən təxirə salındığını ötən saylarımızın birində xəbər vermişdik. Həmin vaxt ittifaqın prezidenti Oqtay Abdullayev qəzetimizə açıqlamasında yaxın günlərdə tədbirin baş tutacağını bildirmişdi. Ötən gün Oqtay bəylə yenidən əlaqə saxlayıb toplantının vaxtının dəqiqləşib-dəqiqləşmədiyini öyrənmək istədik. Və məlum oldu ki, artıq tarix bəllidi: “Veteranlarla görüş fevralın 28-də Bakı Biznes Mərkəzində baş tutacaq. Tədbirə bütün bölgələrdən veteran futbolçular dəvət olunub. Təxminən 150-yə yaxın qonağın olacağı gözlənilir. AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovun toplantıya qatılıb-qatılmayacağı hələ dəqiqləşməyib. Vitse-prezident Vaqif Sadıqov, İcraiyyə Komitəsinin üzvləri Kazbek Tuayev və İsgəndər Cavadov isə görüşdə iştirak edəcək. Xeyli vaxtdı veteranlar geniş tərkibdə bir araya gəlmirlər. Bu üzdən Veteranlar İttifaqı olaraq qərara gəldik ki, belə toplantının keçirilməsinin zamanı yetişib”.
Toplantıdan söz düşmüşkən, onu da qeyd edək ki, bu gün Sumqayıtda Şimal Regional Futbol Federasiyasının (ŞRFF) 5-ci Hesabat Konfransı keçiriləcək. Saat 11-də başlayacaq tədbirə ŞRFF-ya daxil olan bölgələrin nümayəndələri və eləcə də rəsmi qonaqlar qatılacaq. Bu haqda bilgini ŞRFF-nin prezidenti Abdulla Məmmədovdan aldıq: “Bu artıq Şimal Regional Futbol Federasiyasının 5-ci Hesabat Konfransıdı. Tədbirə federasiyaya daxil olan rayonların futbol ictimaiyyətinin nümayəndələri dəvət olunub. Təxminən 45 nümayəndənin iştirak edəcəyi gözlənilir. Onlardan başqa AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev, Regional Futbol Federasiyaları İctimai Birliyinin rəhbəri İsgəndər Cavadov və assosiasiyanın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla da iştirak edəcək”.
RƏŞAD