Sizin reklam burada

“Neftçi” Qəbələdə asan qələbə qazandı

Baxış Sayı:3 673


69. Qəbələ - Neftçi (Bakı) 0:2 (0:2)
94. Tərlan Əhmədli – 4,5
8. Qismət Alıyev (k) – 3,5
28. Murad Musayev – 3,5
3. İvitsa Juniç – 4,0
2. Amin Seydiyev – 4,0
4. Sadiq Quliyev – 3,5
12. Abdelrafik Jerar – 4,0
(22. Rodriqo Qattas, 76) – qiymətsiz
9. Ehtiram Şahverdiyev – 3,5
(19. Rövlan Muradov, 67) – 3,5
10. Klesio Bauk – 4,0
55. İdris İnqilablı – 3,5
14. Ülvi İsgəndərov – 3,5
(17. Yaovi Akakpo, 83) – qiymətsiz
Ehtiyat oyunçular
33. Müşfiq Nadirov
11. Asif Məmmədov
5. Rasim Ramaldanov
74. Yusif Nəbiyev
7. Roman Hüseynov
77. Merab Qiqauri
32. Nikolas Raysel
Baş məşqçi: Azər Bağırov
Komandanın ən yaxşısı: Tərlan Əhmədli

30. Aqil Məmmədov – 5,5
5. Anton Krivotsyuk – 5,5
6. Voislav Stankoviç – 5,5
3. Mamadu Mboc – 5,5
26. Ömər Buludov – 5,0
36. Mamadu Kane – 5,5
8. Emin Mahmudov (k) – 6,0
7. Namiq Ələsgərov – 5,5
(22. Mirabdulla Abbasov, 82) – qiymətsiz
88. Saman Nərimancahan – 5,5
(93. Soni Mustivar, 65) – 5,0
28. Stiven Jozef-Monroz – 5,0
(10. Dario Federiko, 46) – 5,0
9. Baqali Dabo – 5,5
Ehtiyat oyunçular
1. Səlahət Ağayev
12. Kamran İbrahimov
17. Rəhman Hacıyev
33. Turan Vəlizadə
80. İsmayıl Zülfüqarlı
40. Vüqar Həsənov
Baş məşqçi: Füzuli Məmmədov
Komandanın ən yaxşısı: Emin Mahmudov
Qollar: A.Krivotsyuk, 8 (0:1, E.Mahmudov). B.Dabo, 14 (0:2, E.Mahmudov).
Vərəqələr: İ.İnqilablı, 6 (qeyri-idman hərəkəti). B.Dabo, 80 (qeyri-idman hərəkəti). S.Quliyev, 86 (qeyri-idman hərəkəti). R.Muradov, 90+2 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: ƏLİYAR AĞAYEV, Zeynal Zeynalov, Akif Əmirəli, Namiq Bəkirov (hamısı Bakı).
Hakim-inspektor: Rövşən Əhmədov (Mingəçevir).
AFFA nümayəndəsi: Mübariz Hüseynov (Gəncə).
22 fevral. Qəbələ. Şəhər stadionu. 400 tamaşaçı (4500 yerlik).
Yalnız ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,0.
Oyundan əvvəl heyətlərə nəzərə salanda artıq hiss etmək olardı ki, “Neftçi” Qəbələdən qələbə ilə qayıdacaq. Qışdan sonra xala həsrət qalan “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyev “ağ-qaralar”ın qarşısına sürpriz heyətlə çıxmağı lazım bilmişdi. Düzdü, komanda "qara zolaq"da olanda yeni nəfəsə ehtiyac yaranır. Ancaq baş məşqçi “Neftçi” ilə qarşılaşdıqlarını nəzərə almalıydı. Sadiq Quliyev mərkəz müdafiəçisi kimi özünü yaxşı göstərə bilməmişdisə, onun üçün yad sayılan dayaq yarımmüdafiəçisi mövqeyində etimadı doğruldacağı az inandırıcı görünürdü ki, təxminlər özünü doğrultdu. Baxşıyev mərkəz yarımmüdafiəçilərindən birdən-birə ikisinin xidmətindən yararlanmadı. Hücumameyilli Fernan Lopes cəzalıydısa, “dağıdıcı” Merab Qiqauri sonadək ehtiyatda qaldı. Baxşıyev "Qəbələ"nin yetirməsi olan İdris İnqilablıya ilk dəqiqələrdən şans verərək əsas komandada, premyer-liqada rəsmi debütünə şərait yaratdı. Ancaq İdrisin debüt oyununda yaxşı mənada nə iləsə yadda qaldığını demək olmaz. Məhz onun qayda pozuntusundan sonra qonaqlar təxminən 22 metrdən cərimə zərbəsi vurmaq hüququ qazandılar. Mahmudovun “9-luğ”a gedən zərbəsini Əhmədli gözəl seyvlə kornerə çıxarmağı bacardı. Eminin yerinə yetirdiyi künc zərbəsindən sonta Tərlan yenə ustalığını nümayiş etdirdi - bu dəfə qolkiper Mbocun baş zərbəsinə inanılmaz reaksiya göstərdi. Ancaq təkrar künc zərbəsində Əhmədli də aciz idi. Krivotsyuk rəqib müdafiəçiləri qabaqlamaqla başla hesabı açdı.
8-ci dəqiqədə "soyuq duş" alan meydan sahibləri özlərinə gəlməmiş Dabo əks-hücumda sabiq komandasını cəzalandırdı. Bu epizodda hər şey hücuma qoşulan Amin Seydiyevin topu itirməsiylə başladı, müdafiə boş qaldığından Dabo Seydiyevin yer aldığı cinahla irəliləyərək uzaq küncü dəqiq nişan aldı. Müdafiədən söz düşmüşkən, onu da qeyd edək ki, qış fasiləsindən sonra artıq qapısında 10 qol görən “qırmızı-qaralar”ın arxa xəttində yer alan oyunçular sanki bir-birini başa düşmürlər. Nə cinahda yer alanlar, nə də stopperlər bir-birini vaxtında ”sığortalayır”, nə də topu müdafiədən tez çıxarmağı bacarırlar. Bundan da rəqiblər maksimum yararlanırlar. Əslində eyni sözləri irəlidə yer alan oyunçulara da şamil etmək olar. “Neftçi” ilə görüşdə "Qəbələ"nin hücum xətti çox "dişsiz” idi. Matç ərzində meydan sahibləri hücumda iki epizodla yadda qaldılar. Birində Ülvi İsgəndərli ofsayddan qol vurdu, ikincidə isə Juniç qapı torunu üstdən silkələdi. Füzuli Məmmədovun yetirmələrindən isə çox danışmağa dəyməz. Oyunun ilk 15 dəqiqəsində 2 qol vuran “ağ-qaralar” tempi aşağı salaraq, məşq edirlərmiş kimi çox tər tökmədən qələbə hesabını qorudular.
RƏŞAD

Reaksiyalar
Füzuli Məmmədov: “Qələbə qazansaq da, oyun tam ürəyimizcə olmadı. Birinci hissəni necə keçirmişdiksə, fasilədən sonra da o cür davam etməliydik. Belə oyunlar da olur. Futbolçularımız çox əziyyət çəkdilər. Hesabı qoruyub saxlamağa çalışdıq. “Qəbələ” sonuncu yerdə getməyə layiq deyil. Mobil və taktiki cəhətdən yaxşı oynayan komandadı. Onlara qarşı oynamaq bizim üçün çox da asan deyil. Maksimum çalışdıq ki, qələbə qazanaq. Qələbədə əziyyəti olan hər kəsə təşəkkür edirəm. Azarkeşlərə “sağ ol” deyirik ki, uzun məsafə qət edib, bizi dəstəkləməyə gəldilər. Ümumilikdə biz bundan da yaxşı oynamalıyıq. Yenə deyirəm, tam ürəyimcə olmadı. Biz yenicə bir yerdəyik. Komandanın bundan da yaxşı olacağına inanıram. Bəzi futbolçuların verdiyim tapşırıqları maksimum yerinə yetirməməsi məni narazı saldı. Oyuna yaxşı başladıq, hesabı tez açdıq. İstər-istəməz belədə bəzi futbolçularda psixoloji rahatlıq əmələ gəlir. Bəlkə də güclərini bir az qorumaq istədilər. Amma qol buraxmamaq, qələbəni qorumaq üçün sona qədər əziyyət çəkdilər”.
Elmar Baxşıyev: “Oyun fikirləşdiyimiz kimi çətin keçdi. Komandanı gündəlik məşqlərdə buna hazırlayırdıq. “Neftçi” heyətinə görə çempionatın ən güclülərindən biridi. Futbolçularımdan razı qaldım, sona qədər mübarizə apardılar. Uduzsaq da, komandamın əzmkarlığı xoşuma gəldi. Normal hücum qura bilmədik? Əvvəlki üç oyunda məğlub olmuşduq, mən buna nəzərən deyirəm. Həmin oyunlarda komanda olaraq zəif təsir bağışlamışdıq. Ona görə bəzi dəyişikliklər etmişdik ki, komandaya yeni nəfəs gətirək. “Neftçi”nin gücünü də nəzərə almaq lazımdı. Rəqib səviyyə baxımından bizdən üstündü. Ötən turlarla müqayisədə bu gün komandamın oyununda müsbət cəhətlər çox oldu. Bəli, müdafiədə axsamalar var. Əlbəttə, hər futbolçu mənim üçün qiymətlidi. Qışa kimi oturuşmuş heyətimiz var idi. İbrahima Niasse ilə Davit Volkovun gedişi komandaya mənfi təsir göstərdi. Yeni gələn futbolçulardan Nikolas Raysel zədəli olduğundan bu gün meydanda yox idi. Abdelrafik uzun müddət futboldan kənar qalıb, təzə-təzə oynamağa başlayır. Hələ bir neçə turdan sonra optimal formaya düşməsi gözlənilir. Biz bütün çətinlikləri bilirik. Antalya toplanışında da bunları görürdük. Yeni futbolçular komandaya gec qoşulduğundan, hələ də öz oyunumuzu tapa bilmirik. Nəticə olmayan yerdə “istefa” şüarı qışqırmalıdılar. Bu, normal haldı. Biz məşqçiyik, işimizə rəhbərlik qiymət verir. Rəhbərlik nə qərar versə, onunla razı olacağıq. Tərlan Əhmədli ilə Qismət Alıyevin məni istefaya səsləyən azarkeşlərlə mübahisə etməsinə gəlincə, bu sualı futbolçulara versəz, yaxşı olar. Yenə deyirəm, rəhbərlik nə qərar versə, ona hörmətlə yanaşacağıq. Sadiq Quliyevi dayaq yarımmüdafiəçi kimi oynatmağa qərar verdik. Bizdə əsasən həmin mövqedə problem olurdu. “Neftçi”nin orta sahəsi yaxşı futbolçulardan qurulub. Sırf müdafiəni etibarlı təşkil etmək üçün Sadiqlə İdrisin üstündə dayandıq. Deyərdim ki, İdrisin simasında Azərbaycan futboluna yeni ad qazandırırıq. Müntəzəm oynasa, şans qazansa, ondan yaxşı futbolçu çıxacaq. Əlbəttə, heç kim istəməz ki, komandası sonda getsin. Əlimizdə olan “material”a görə düşündük ki, bu gün məhz Sadiq oynamalıdı”.

Gözdən qaçmadı
* “Qəbələ” “doğma divarlar”arasında oynamasına baxmayaraq, tribunalarda “Neftçi”nin azarkeşləri daha çox idi. “Forza Neftçi”nin 100-ə yaxın üzvü “ağ-qaralar”a səfərdə oynadıqlarını hiss etdirmədilər.
* Stiven Jozef-Monrozun atası və oğlu da matçı tribunadan izləyənlər arasında idi. Fasilədə əvəzlənən vinger ikinci yarıya əzizləri ilə birgə baxdı.
* Meydan sahiblərinin prezidenti Fariz Nəcəfov hakimin final fitini gözləmədən, oyunun başa çatmasına təxminən 5-6 dəqiqə qalmış stadionu tərk etdi.
* Matçboyu sakit dayanan “Red Black Army”nin üzvləri son dəqiqələrdə dayanmadan Elmar Baxşıyevi istefaya səsləməyə başladılar. Oyun başa çatandan sonra Tərlan Əhmədli və Qismət Alıyev azarkeşlərə yaxınlaşaraq iradlarını onlara bildirdilər. Həmin an Tərlan fanatlarla sakit tərzdə danışsa da, Alıyev aqressiv davranışla yadda qaldı. Kapitanla fanatlar arasında senzuradan kənar söz dueli yaşandı. İnsidentin davamı artıq futbolçular avtobusa minərkən yaşandı. Qismətin hərəkətindən narazı qalan bir qrup fanat onunla “söhbət etmək” istəyirdi. Mühafizəçilər çətinliklə Alıyevi avtobusa mindirib, fanatları olay yerindən uzaqlaşdırdılar. Həmin an Ehtiram Şahverdiyev də komanda yoldaşının müdafiəsinə qalxaraq, fanatlardan sakitləşmələrini xahiş etdi.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR