Sizin reklam burada

Heç nə dəyişmədi

Baxış Sayı:595


Sərlövhə sizi çaşdırmasın. Söhbət komandaların turnir cədvəlindəki mövqeyindən gedir. Premyer-liqanın son turunda qeydə alınan nəticələr yalnız ilk “3-lük”dəkilərin işinə yaradı. Bu haqda az sonra.
Yaxşı ki ilk oyun günündə məhsuldarlıq istənilən səviyyədə oldu. Yoxsa 18-ci tur cari mövsümün ən susqun turu kimi yadda qalacaqdı. Təsəvvür edin, şənbə günü qapılara 6 qol vurulduğu halda, ertəsi futbolsevərlərin cəmi 1 qol izləmək şansı oldu. Ümumilikdə 4 oyuna cəmi 7 qol. Halbuki 16-cı turda bu say 9, 17-ci turda isə 17 olmuşdu. İkinci oyun günündə məhsuldarlığın aşağı olmasının səbəbi kimi “Sabah”ın azlıqda qalmasını, “Sumqayıt”ın isə “Qarabağ”a qarşı oynamasını göstərmək olar.
Nisbətən susqun görünən turda bombardirlər siyahısında yer alan 10 futbolçudan yalnız ikisinin sevinmək imkanı oldu. Ən çox sevinən, heç şübhəsiz, Mahir Əmrəlidi. Ağdamlıların əsas qol ümidi növbəti dəfə fərqlənməklə Stiven Jozef-Monrozu tək buraxmadı. Dabo isə ardıcıl 2-ci oyunda rəqib qapısına yol tapmaqla bakılı azarkeşlərin üzünü güldürməkdədi. Bombardirlərin siyahısındakı durum turnir cədvəlindəki vəziyyətlə eynidi. Mahirlə Stiven ilk iki pilləni bölüşür, Frutos isə komandası kimi 3-cü pillədədi. Təbii ki, şərikləri ilə.
“Qarabağ” qış fasiləsindən sonrakı 4-cü oyunda 3-cü qələbəsinə sevindi. “Neftçi”ylə heç-heçə edən “köhlən atlar” başqa rəqibləri ilə matçlarda meydanı 3 xalla tərk edib. İşin maraqlı tərəfi isə çempionun qapısında top görməməsidi. Əvəzində 8 dəfə fərqlənməyi bacarıblar.
“Neftçi”nin durumu da ürəkaçandı. Füzuli Məmmədovun rəhbərliyi altında “Sumqayıt” və “Qarabağ”la heç-heçəyə razılaşan “ağ-qaralar” “Keşlə”nin ardınca “Qəbələ”yə də yerini göstərdi. “Qəbələ” demişkən, komandaya qış fasiləsində nə olubsa, hələ də özünə gələ bilmir. Dekabrda ölkə kubokunun yarımfinalına vəsiqə qazanan bölgə təmsilçisi ikinci yarıda keçirdiyi 4 oyunun hamısını məğlubiyyətlə başa vurub. Vurulan qolların sayı 4, buraxılan topların sayı 10-du.
“Keşlə”, nəhayət, özünə gəldi. “Səbail” və “Neftçi”yə yenilgilərdən sonra “qırmızılar”ın “Zirə”ylə matçda nə ilə yadda qalacağı maraqla gözlənilirdi. Tərlan Əhmədovun yetirmələri bu dəfə də uduzsaydılar, vəziyyət daha da pisləşəcəkdi. Lakin parlaq qələbə sayəsində “Neftçi”ylə xal fərqinin artmamasına nail olub, “gümüş” iddiasını davam etdirmiş oldular.
“Zirə”nin halına ağlamağa ana yox, analar lazımdı. Qışda etdiyi transferlərlə hər kəsi təəccübləndirən qəsəbə təmsilçisi çətin durumdadı. 15-ci turda “Sabah”ı məğlub edən “qartallar” o vaxtdan bəri keçirdiyi 3 görüşün hamısını uduzub. Üstəgəl, son 2 matçda qapılarından 10 top buraxıblar ki, məlum durum klub rəhbərliyinin ürəyincə olmamalıdı.
Zaur Həşimov kimi, yaxın dostu Ayxan Abbasovun əhvalı da yerində deyil. İkinci yarıya “Neftçi”ylə heç-heçə və “Zirə” üzərindəki qələbəylə başlayan “Sumqayıt” son 2 qarşılaşmanı məğlub bitirib. 17-ci turda “Sabah”a yenilgi, bu dəfə “Qarabağ”a. “Zirə” ilə “Sumqayıt” bu oyunlarda büdrəməklə “Keşlə”yə çatmaq imkanını əldən verdilər. Ümid qalır bundan sonraya.
Yaxşı mənada təəccübləndirməkdə davam edən kollektivlərin görüşündə qalib müəyyənləşməsə də, yekun nəticə hər ikisinin ürəyincə oldu. “Sabah” azlıqda qaldığı halda uduzmadığına sevindi, “Səbail” ardıcıl 3-cü oyunda məğlub olmadığına və qazandığı 7-ci xala. İki ay əvvəl turnir cədvəlinin sonuncu pilləsində olan bayıllıları indi “Qəbələ”dən 6, 4-cü pillədəki “Sumqayıt”dan cəmi 3 xal ayırır.
Son nəticələr premyer-liqada intriqanı qızışdırır. “Qarabağ”la “Neftçi”nin durumu məlumdu, büdcəsinə görə başqalarından üstün olan bu iki komandanın mövsümü qonşu sıralarda başa vuracaqları sirr deyil. Avrokuboklara vəsiqə verəcək qalan iki yer uğrunda isə “Keşlə” ilə yanaşı, “Sumqayıt”, “Zirə”, “Sabah”, hətta “Səbail” də mübarizə aparacaq. “Qəbələ”nin kubok şansını nəzərə alsaq, say 5 olur. Maraqlıdı...
Azərbaycan premyer-liqası
3-cü dövrə, 18-ci tur
22 fevral
Keşlə - Zirə 4:0
Qəbələ - Neftçi 0:2
23 fevral
Qarabağ – Sumqayıt 1:0
Sabah – Səbail 0:0
1. Qarabağ 18 12 5 1 32-7 41
2. Neftçi 18 9 6 3 28-13 33
3. Keşlə 18 8 5 5 25-17 29
4. Sumqayıt 18 6 4 8 22-25 22
5. Zirə 18 5 5 8 21-34 20
6. Sabah 18 5 5 8 19-23 20
7. Səbail 18 5 4 9 14-26 19
8. Qəbələ 18 3 4 11 18-34 13
Bombardirlər: Mahir Əmrəli (Qarabağ), Stiven Jozef-Monroz (Neftçi) – 7, Lorenso Frutos (Keşlə), Peyman Babayi (Sumqayıt), Baqali Dabo (Neftçi) – 6.
Növbəti turun oyunları: 29 fevral – Qarabağ - Sabah, Sumqayıt – Keşlə; 1 mart – Neftçi – Səbail, Zirə – Qəbələ.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR