Sizin reklam burada

AFFA oyunlarda çəkiliş aparanlara “barmaq silkələdi”

Baxış Sayı:481


Ruslan Məmmədov: “Onsuz da AFFA uşaq futboluyla bağlı heç bir iş görmür, oyunları işıqlandırmır”
AFFA Azərbaycan çempionatlarında keçirilən oyunların yayını ilə bağlı məlumat yayıb. Xəbərdə bildirilir ki, AFFA-nın bayrağı altında keçirilən və təşkil olunan yarışların yayın hüququ bu quruma məxsusdu və AFFA-nın nəzarəti ilə həyata keçirilməlidi: “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun 40.2-ci maddəsinə əsasən, bədən tərbiyəsi-sağlamlıq və idman tədbirlərinin adlarından və simvollarından istifadə etmək hüququ yalnız onun təşkilatçılarına məxsusdu. Tədbirlərin keçirildiyi yerlərdə reklamların yerləşdirilməsi, tədbirlərin televiziya və radio vasitəsi ilə işıqlandırılması, eləcə də yayımların yazılışlarının və fotoçəkilişlərinin aparılması, tədbirlərdə istifadə olunan idman geyimləri, avadanlığı və ləvazimatlarının istehsalçılarının müəyyən edilməsi hüquqları bu tədbirlərin təşkilatçılarına məxsusdu.
AFFA-nın Nizamnaməsinin 65-ci maddəsinə əsasən, AFFA onun müvafiq səlahiyyəti altında olan bütün oyunların hər hansı audio-vizual və səs yayını vasitəsilə canlı, sonradan və ya hissə-hissə yayını, ötürülməsi və yayılması üzərində müstəsna hüquqlara malikdi.
Oyunlar zamanı məlumat yayımı AFFA-nın nəzarətindədi və əvvəlcədən AFFA-nın belə yayın barədə yazılı razılığı olmadan oyunların məlumat yayımı (audio-vizual, səs və digər formalarda), ötürülməsi qanunsuzdu və səlahiyyətli dövlət orqanları tərəfindən müvafiq məsuliyyət tədbirlərinin görülməsinə səbəb olacaq.
Eyni zamanda, oyun keçirilən stadion ərazisində məlumat yayımına səlahiyyəti olmayan şəxslər tərəfindən oyunların hər hansı audio-vizual və səs yayımı vasitəsilə canlı, sonradan və ya hissə-hissə yayını, ötürülməsi və yayılması zamanı bunu edən şəxslərin stadion ərazisindən çıxarılması və onların qanunsuz yayımının qarşısının alınması ilə bağlı zəruri tədbirlərin görülməsi yerli klubların vəzifəsidi. Müvafiq hüquqi sənədlər və qanunvericiliyin müddəalarını rəhbər tutaraq bu məsələyə həssas yanaşılması vacibdi”.
Bu məsələylə bağlı aşağı yaş qruplarının oyunlarında videoçəkiliş edən, reportaj hazırlayanların fikirlərini öyrəndik. “Fut Aztv” kanalının rəhbəri Heydər Əliyev həvəskar şəkildə bu işlə məşğul olduğunu bildirdi: “Mən həvəskar şəkildə video çəkirəm. Yəni heç bir hüququm yoxdu. Məşqçilərlə danışıram, vaxt uyğun olarsa, oyunlarda iştirak edirəm. Bu sahə üzrə heç bir saytda çalışmıram. Sadəcə, özüm üçün bu işlə məşğulam”.
Ruslan Məmmədov isə AFFA-nın bu qərarının səbəbini başa düşmədiyini söylədi: “Əslində AFFA-nın bu qərarının nəyə xidmət etdiyini başa düşə bilmədim. Məsələ ilə bağlı xəbər yayıblar, amma məlumat verməyiblər. Mən orda qanunsuz heç bir iş görmürəm. Oyunlarda bəzən valideyn kimi iştirak edib, çəkiliş aparıram. Bir növ uşaq futbolunu təbliğ edirəm. Yerləşdirdiyimiz videolara müxtəlif xarici ölkələrdən baxanlar olur. Bu oyunlarda AFFA da çəkiliş etsəydi, bu məlumatı hardasa başa düşmək olardı. Amma onsuz da AFFA uşaq futboluyla bağlı heç bir iş görmür, oyunları işıqlandırmır. Bəzi oyunlarda, sadəcə, klublar video çəkib, paylaşırlar. Mən də həvəskar şəkildə bu işlə məşğulam. Bəzən insanlar xahiş edir ki, oyunlardan videolar hazırlayım, futbolçuların valideynləri, qohumları izləyirlər. Bu çəkilişlərdən elə böyük məbləğ də qazanmıram ki, deyim qanunsuz nəsə var. Hər oyun üçün sadəcə, 20 manat gəlir əldə edirəm. Burda qadağan olunası heç nə yoxdu. AFFA bu məsələyə görə mənə cəza versə, əlbəttə, münasibətim pis olacaq. Biz heç bir qanunsuz iş görmürük. Qurumun bu xəbərini, daha doğrusu, xəbərdarlığını başa düşə bilmədim”.
AYGÜL

Oxşar xəbərlər
SON XƏBƏRLƏR