
AFFA-nın iki həftəsi doldu, məşqçi tapılmadı
Yadınızdadısa, AFFA İcraiyyə Komitəsinin yanvarın 28-də keçirilən iclasından sonra icraçı vitse-prezident/baş katib Elxan Məmmədovla yeni vitse-prezident Vaqif Sadıqov jurnalistlər önünə çıxmış, başqa məsələlərlə yanaşı, yığmaya baş məşqçi təyinatı da söhbətlərin əsasını təşkil etmişdi. Məhz həmin gün məşhur namizədlər siyahısında 32 nəfərin olduğunu bildirən Elxan bəy “çox güman, İK-nın növbəti toplantısı 15 gündən sonra olacaq”, - deyə sanki ictimaiyyətdən vaxt istəmişdi. Aradan 15 gün yox, artıq bir aya yaxın vaxt ötüb. Baş məşqçi məsələsinə aydınlıq gəlmədiyindən, onun kimliyi bəlli olmadığından az qala hər gün media adlar ətrafında oynayır, təbii ki, hər kəs öz versiyasını təqdim etməyə çalışır.
AFFA-dan İcraiyyə Komitəsinin iclasının ləngiməsiylə bağlı hansısa açıqlama verilmədiyindən, necə deyərlər, proseslər öz axarına buraxıldığından oxucuya dəqiq nəsə deməkdə çətinlik çəkirik. Bununla belə, yığmanın imici ətrafında belə qeyri-ciddi oyunlar ən azı təəccüb doğurur. Hazırda yeni çalışdırıcının təyinatının ləngiməsi ilə bağlı kuluarlarda əsasən iki versiya səslənir ki, bunları gözdən keçirməyə dəyər. Birinci versiya odu ki, AFFA-da “ispan, yoxsa italyan məşqçi” mövzusunda tərəddüdlər var ki, sonda tərəzinin hansı gözünün ağır gələcəyi bilinmir. İkinci versiyaya gəlincə, martın 3-də Amsterdamda UEFA-nın növbəri – 44-cü konqresi keçiriləcək, elə həmin gün Millətlər Liqasının yeni mövsümünün də püşkü atılacaq deyə, AFFA rəhbərliyi püşkün nəticəsinə əsasən seçim etmək istəyir. Yəni divizionda bəxtimizə düşən rəqiblər “dişimizə görə” olacaqsa, AFFA səxavətlə pul xərcləyək, yox, güclü rəqiblər düşsə, maliyyə məsələsində bir qədər ehtiyatlı davranacaqlar.
Təbii ki, başqasının pulunu saymaq yaxşı əlamət deyil. Amma söhbət ölkənin ali futbol qurumundan və hər bir azərbaycanlının azarkeşlik etdiyi komandanın – yığmanın taleyindən, perspektivlərindən gedir. Yeni çalışdırıcının adı nə qədər tez bilinsə, yığmanın marta keçiriləcək yoxlama oyunlarına hazırlaşması, növbəti ağır sınaqlar baxımından daha faydalı olar. Hər nə qədər inanmasam da, bəlkə bu dəfə AFFA-nın tapacağı adam, nəhayət, bu ölkənin yığması, futbolu üçün canıyananlıq edə, gecəsini gündüzünə qatıb işləyə, hansısa nəticələrə nail ola...