Sizin reklam burada

AFFA “Keşlə”nin paraqvaylı legionerini “milliləşdirir”

Baxış Sayı:355


Tahir Süleymanov: “Qeydiyyata alınan 200 min futbolçu ola-ola, Meza Kolliyə niyə möhtac qalaq?”
AFFA növbəti seçmə mərhələ ərəfəsində daha bir legioneri “milliləşdirmək” qərarına gəlib. Söhbət “Keşlə”nin şərəfini qoruyan Sezar Meza Kollidən gedir. Xatırladaq ki, Paraqvayda dünyaya göz açan yarımmüdafiəçi müqavilə ilə Rumıniya təmsilçisi “Universitatya”ya (Krayova) məxsusdu, paytaxt klubunda icarə əsasında çıxış edir. Assosiasiyanın saytında srağagün bununla bağlı xəbər paylaşılıb: “2013-cü ildən Azərbaycanda çıxış etməsi nəzərə alınaraq, hazırda “Keşlə”nin üzvü olan futbolçu Sezar Meza Kollinin FİFA-nın müvafiq qaydalarına əsaslanmaqla AFFA tərəfindən milliləşdirilməsi nəzərdə tutulur”.
Ölkənin əsas komandasına dəvət olunacağı gözlənilən futbolçu isə mətbuata açıqlamasında bunları deyib: “Uzun müddətdi Azərbaycanda oynayıram və burda çox xoşbəxtəm. Demək olar ki, bura ikinci vətənimdi. Artıq 5 ildi burda oynayıram. Azərbaycan millisindən təklif gəlsə, sevə-sevə qəbul edərəm. Bu baş versə, komandaya kömək etmək üçün əlimdən gələni edəcəm”.
Hazırda assosiasiyanın başında duran rəhbərlik 12 ildən artıqdı iqtidardadı. Bu müddət ərzində dövlət tərəfindən futbolun inkişafı üçün yüzmilyonlarla vəsait ayrılıb, stadionlar tikilib. Rəsmi sənədlərdə Azərbaycanda futbol ailəsinin 200 min üzvü var. 200 minlik böyük ordunun arasından 20 normal, ayağı top tutan futbolçu tapa bilməyib, yenə əcnbəbilərin xidmətinə möhtac qalırıqsa, deməli, geridə qalan illər boşüna verlib. Yüzmilyonlar havaya sovrulub, hesabatlarda göstərilən rəqəmlər, inkişafla bağlı söylənilənlər yalandan başqa bir şey deyil. Karyerasının son akkordlarını vuran başqa bir “milliləşdirilən” Riçard Almeydanın əvəzinə yenidən yığmaya 29 yaşlı paraqvaylı dəvət olunursa, Elxan Məmmədov və komandasının işinə yalnız bir qiymət düşür: qeyri-kafi!
Bu məsələ ilə bağlı futbol ictimaiyyətinin bəzi üzvlərinin fikilərini öyrənməyi lazım bildik.
Tahir Süleymanov (“Neftçi”nin sabiq vitse-prezidenti): “AFFA-nın köhnə-yeni rəhbərliyinə, deyəsən, ndukalar, axtyamovlar dərs olmadı. Görün futbolumuz nə günə düşüb ki, vaxtilə ən yaxşı dönəmlərində Flavinyo, Reynaldo, Vobayların arxasınca qaçan Sezar Meza Kollinin indi dalınca sürünürük. AFFA vasitəsilə ictimaiyyətə çatdırılan məlumat dolayısı ilə rəsmi mövqe, fikir deməkdi. Sezar fasilələrlə 5 ildi Azərbaycanda yaşayır, vətəndaşlıq almaq hüququ var. Ölkə qanunları buna imkan verir. Bunun üçün federasiyaya nə ehtiyac var, müvafiq qurumlara müraciət edib cavabını gözləyə bilər. Ölkəmizdə ikili vətəndaşlığa icazə verilmir. Sezar "balta kəsən" İtaliya pasportunu heç doğma vətəni Paraqvaya dəyişmir, o ki qala Azərbaycana. Muzıkaların “milliləşdirilməsi” dövründə 5-10 yaşı olan körpələr indi 20-25 yaşlarını haqlayıblar. Yetişdirilən, qeydiyyata alınan 200 min (!) futbolçu ola-ola, Meza Kolliyə niyə möhtac qalaq? Bələkdə boğulan, qayğısızlıqdan məhvə məhkum edilən azərbaycanlılar 5-10 il də gözləyər...
İctimaiyyətdə fikirlər dolaşır, dünya futbolu dəyişib, bütün yığmalarda “milliləşdirilənlər” çıxış edir. Həqiqətən müasir futbol çox dəyişib. Balaca, kasıb Xorvatiya əcnəbilərsiz dünya ikincisi olur, finalda oynayır. Heç braziliyalılar, paraqvaylılar ağıllarından da keçmir. Xorvat Prosineçki deyirdi ki, Azərbaycanda istedadlar yetərincədi. Bizdə gənclər arasında Avropa, dünya, olimpiya çempionları olub. Rusiya çempionumuz, La Liqada oynamış futbolçumuz da olub. Kütləvi şəkildə İran, Ukrayna, İsrail çempionatlarında çıxış edən oyunçularımızın sayı bilinmirdi. İndi iranlı, ukraynalı, israilli, türkiyəli, rusiyalı, paraqvaylı, braziliyalı üçüncü "sort" futbolçulara qucaq açmaq, milli formanı geydirmək məcburiyyətində qalmışıq. O vaxt şərait yox idi, futbolçu var idi, indi şərait var, futbolçu yoxdu. Kağız üzərində meydana çıxanlar az deyil, keyfiyyət isə qəhətə çəkilib.
Əcnəbi “milliləşdirmək” olar, kökümüzdən olan say-seçmə istedadlı futbolçuları. Məsələn, Ramil Şeydayev kimiləri. Qalanları isə ölkədə, əsasən bölgələrdə yetişməli, yüksək rəqabət yaradılmalı, meza kollilərə qucaq açılmamalıdı. Lənkərandan Qusara, Zaqtaladan İmişlıyə, Bakıdan Qazaxa kimi gözü yolda olan, topa, formaya, sadə şəraitə möhtac qalan istedadlar futbolun yolunu gözləyir. Onların nə günahı var? Əcnəbi sevgisindən nə vaxt əl çəkiləcək, görəsən?
"Şərait yaradılıb, işləsinlər" düşüncəsinin beyin təfəkkürünə dəyişilməsi zamanı çoxdan yetişib. Oturduqları ağacda budaqların kəsilməsi, daha da nüfuzdan salınması ilə kök düzəlmir...
Yığma Meza Kolli ilə nə finallar görəcək, nə də Azərbaycan futbolu düzələcək. İtirilən yenə də futbol adına qızıldan qiymətli illər olacaq. O vaxta kimi ki, niyyətlər saflaşmalı, düşüncələr dəyişməli, futbola tam fərqli yanaşma olmalıdı”.
Samir Abasov (“Zirə”nin sabiq baş məşqçisi): “Gün ərzində qarşıma çıxan 10 nəfərdən doqquzu bu sualı mənə verib. Bu gün Sezar Meza Kolli yığmada oldu nə dəyişəcək, olmadı nə olacaq? Biz onsuz da bu gedişlə heç vaxt böyük turnirlərin final mərhələsinə qatıla bilməyəcəyik. Bəli, Sezar hazırda premyer-liqada çıxış edən ən yaxşı 5 futbolçudan biridi. Tərlan Əhmədov da hər dəfə deyir ki, o olmayanda komandanın oyunu alınmır. Bunu siz də görürsüz, mən də, “Keşlə”nin baş məşqçisi də. Ancaq bir güllə bahar olmur ki? AFFA paraqvaylını ona görə “milliləşdirir” ki, yeni gələn baş məşqçi üçün seçim imkanı geniş olsun. 8 komandalı çempionatda seçim imkanı elə də geniş deyil. Yalandan deyirik ki, yığmaya 30-40 oyunçu arasından seçim edilir. Hamı yaxşı bilir ki, əvvəlki illər olsaydı, indi elitada çıxış edənlərin 50 faizi premyer-liqa klubunda oynaya bilməzdi. Bu gün yüksək dəstədə səviyyəsi milliyə uyğun gələn 10-15 oyunçu var. Qalanlarının əsl yeri ən yaxşı halda birinci dəstə olardı. Ancaq nə edək ki, indi vəziyyət belə alınıb. Sezar Meza Kollinin “milliləşdirmək” məsələsinə artıq qərar verlib. Bizim nəsə deməyimiz, fikir bildirməyimiz heç nəyi dəyişməyəcək. Yenə deyirəm, onun gəlişi ilə yığmadan böyük uğur gözləmək, bunu dilə gətirmək ağılsızlıq olar. Fikrimcə, AFFA-nın imkanı olsa, 5-10 daha belə oyunçunu yığmaya cəlb edər ki, ölkənin əsas komandasının çalışdırıcısının sərəncamında material olsun”.
Arif Əsədov (millinin məşqçisi): “Gəlin etiraf edək ki, Sezar Meza Kolli çox təcrübəli, premyer-liqada çıxış edən ən səviyyəli futbolçulardan biridi. O millinin gücləndirəcək? Bu sualı artıq yığmanın yeni baş məşqçisi cavablaya bilər. Sezar artıq xeyli müddətdi Azərbaycandadı və ölkə futboluna da yaxından bələddi. Yenə deyirəm, hər şey yeni çalışdırıcının qərarından asılıdı. Mütəxəssis var ki, Sezarın mövqeyində dağıdıcı futbolçunun olmasına üstünlük verir. Eləsi də olur ki, daha çox yaradıcı oyunçunun çıxış etməsini istəyir. Ancaq bir məqam dəqiqdi ki, o hazırda ölkədə çıxış edən legionerlər arasında ən güclü üç oyunçudan biridi”.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR