Sizin reklam burada

Elxan Məmmədov xidmətlərin ucuz olduğu yerlərə gedir

Baxış Sayı:361


“Restoran və kafelərin qiymətləri süni şəkildə qaldırmaları yaxşı hal deyil”
Futbol üzrə Avropa çempionatının final mərhələsinin Bakıda keçiriləcək oyunları kiçik və orta sahibkarlıq (KOB) subyektləri üçün perspektiv imkanlar yaradacaq. KOB-lara dəstək məqsədilə AÇ-2020-nin Bakıda təşkil olunacaq “Fan Zona”sında və stadionətrafı məkanlarda KOB-lar tərəfindən istehsal olunan məhsulların satışı təşkil olunacaq. Bu məqsədlə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və AFFA birgə əməkdaşlıq edəcək. Dünən iki qurumun təşkilatçılığı, 150-yə yaxın KOB subyektinin iştirakı ilə təşkil olunan “AÇ-2020: KOB-lar üçün perspektivlər” mövzusunda tədbirdə Avropa çempionatı kimi nüfuzlu tədbirlərdən KOB subyektlərinin faydalanması, satış imkanlarını genişləndirməsi barədə məlumat verilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb. KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov AÇ-2020 oyunlarının ölkəmizdə idmanın, xüsusilə futbolun inkişafına töhfə verməklə yanaşı, KOB subyektlərinin məhsullarının satışına da əlverişli imkan yaradacağını qeyd edib. Vurğulanıb ki, KOBİA və AFFA-nın birgə əməkdaşlığı çərçivəsində oyunların keçiriləcəyi müvafiq ərazidə KOB-ların məhsullarının satışına dəstək məqsədilə xüsusi stendlər qurulacaq. Burda KOB-lar tərəfindən istehsal olunan müxtəlif qida məhsullarının, suvenir, hədiyyə, geyimlərin və sair satışı nəzərdə tutulur. Bu əməkdaşlıq həmçinin Azərbaycan məhsullarının tanıdılması, yerli və xarici futbol azarkeşlərinin və şəhərimizin qonaqlarının oyunlar zamanı müxtəlif xidmətlərdən (alış-veriş, qidalanma və s.) istifadəsinə əlverişli imkan yaradacaq. AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov AÇ-2020 çərçivəsində Bakıda keçiriləcək oyunlar barədə məlumat verib, qarşılaşmaların ölkəmizdə təşkilinin idmanla yanaşı, turizm və sahibkarlığın inkişafı üçün də əhəmiyyətli olduğunu diqqətə çatdırıb. Tədbir çərçivəsində “AÇ-2020 və biznes imkanları”na dair təqdimat keçirilib, KOBİA-nın fəaliyyəti ilə bağlı film nümayiş olunub. Sonra KOBİA və AFFA arasında memorandum imzalanıb. Sənədi Orxan Məmmədovla Elxan Məmmədov imzalayıb.
AFFA-nın icraçı vitse-prezidenti və baş katibi bir sıra maraqlı fikirlər səsləndirib: “Avropa Liqasının finalı ərəfəsində Təşkilat Komitəsinə suvenir lazım idi. Amma bu sahə ilə məşğul olan yerli şirkət tapılmadı. Xarici şirkətlərdən suvenirlər sifariş olundu. 4 gündən sonra bütün mallar satıldı. Oyun günü heç bir suvenir qalmamışdı”.
Məmmədov “Formula-1” üzrə Azərbaycan “Qran-pri”si ilə müqayisədə AÇ-2020 zamanı futbol fan-zonalarına girişin pulsuz olacağını söyləyib: “Bunun üçün bilet sahibi olmağa gərək yoxdu. Tam açıq, əyləncə məkanıdı. Təbii ki, orda qiymətlər Avropadakı kimi olmayacaq, yerli bazara uyğunlaşdırılacaq. Biz şəhərə nəzarət edə bilmərik. Paytaxtdakı restoran və kafelərin qiymətləri süni şəkildə qaldırmaları yaxşı hal deyil. Otellərdə qiymət artımı 30 faizdən çox olmamalıdı. Elə etməliyik ki, bura gələn turist bir neçə ildən sonra yenidən ölkəmizə öz ailəsi ilə qayıtsın. Əvvəllər restoranlar xaricdən gələnlər üçün bir, yerlilər üçün fərqli qiymətlər təklif edirdilər. Bunun qarşısı alındı. Özümüz də xidmətlərin ucuz olduğu yerlərə gedirik”.
Qeyd edək ki, AÇ-2020-nin təqviminə əsasən iyunun 13-də Bakı Olimpiya Stadionunda A qrupunun Uels - İsveçrə oyunu keçiriləcək. 17-də Türkiyə - Uels, 21-də isə İsveçrə - Türkiyə matçları təşkil olunacaq. İyulun 4-də də 1/4 finalın bir oyunu Bakıda gerçəkləşəcək.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR