Azərbaycan futbolunda haqqında kitab yazılası çox az adam var ki, belələrindən biri də İqor Ponomaryovdu. Açığını deyirəm: şəxsən mənim boş vaxtım olsaydı, qəzetin qayğılarıyla yüklənməsəydim, məmnuniyyətlə İqor Anatolyeviçin futbol həyatını qələmə alardım. Hətta xəyali kitaba ad da düşünmüşəm: Mister Penalti...
Kimsə bu məqamda soruşa bilər ki, Ponomaryov Azərbaycan futbolu üçün kitaba düşəsi nə edib? Bu ritorik sualın ən doğru cavabı rəqəmlərdə və tutullarda gizlənir. Məsələn, o, SSRİ yığmasının heyətində 1978-də U-18-lər arasında Avropa çempionu, 1979-da isə U-19-lar arasında dünya ikincisi olub, ardıcıl dəqiq yerinə yetirilən penaltilərin sayına (24) görə SSRİ çempionatının rekordçusudu, SSRİ çempionatının 100 bombardiri siyahısında yer alıb, 6 mövsüm “Neftçi”nin heyətinə çempionatda hamıdan çox fərqlənib, nəhayət, həm də futbolumuzun olimpiya çempionu adını qazanan yeganə yetirməsidi.
Son günlər Ponomaryovun personasının gündəmə gəlməsi isə heç də cəmi dörd gündən sonra 60 yaşını tamamlayacağı ilə bağlı deyil. Həmkarım Natiq Muxtarlı Nazim Süleymanovun 55 yaşına həsr etdiyi yazıda “Mister Penalti”ni Azərbaycanda təzyiqə məruz qaldığını bildirməklə İsveçdən siyasi sığınacaq almaqda və beləcə, satqınlıqda suçlayıb ki, bu da səbəbkarı özündən çıxarıb. İqor Anatolyeviç “feysbuk” hesabında Natiq bəyə geniş cavab yazaraq, vaxtilə İsveçə köçməsi haqda həqiqətlərə də aydınlıq gətirib: “İsveçə heç bir köç olmayıb. SSRİ Dövlət İdman Komitəsi Azərbaycan İdman Komitəsinin razılığı ilə məni göndərib ki, buna görə Azərbaycan İdman Komitəsi və “Neftçi” heç də az olmayan məbləğ əldə edib. Şəxsiyyət və idmançı kimi həmişə Azərbaycanın bayrağını uca tutmuşam. Heç vaxt, heç yerdə və heç kim məndən sevimli ölkəm və hər tinini yaxşı tanıdığım şəhərim haqda pis söz eşitməyib. Futbolçu karyeramı bitirəndən sonra doğma ölkəmi heç vaxt unutmamışam və unutmuram. İsveç Azərbaycanlıları Konqresi tərəfindən diasporun işində fəal iştiraka görə “Dədə Qorqud” ordeni ilə təltif olunmuşam, oğlum Anatoli Azərbaycanın futbol yığmasında çıxış edib, özüm isə baş məşqçi kimi milli komandaya rəhbərlik etmişəm. Sağlamlığımı doğma “Neftçi”yə qurban vermişəm, ciddi zədə almışam və bu üzdən də karyeramı tez bitirmişəm”.
Təbii ki, Ponomaryovun futbolçu keyfiyyətlərini müzakirəyə çıxarmaq artıqdı. İlk növbədə ona görə ki, nəhəng ölkənin, demək olar bütün yaş qrupu yığmalarına istənilən futbolçunun düşməsi çətin idi. Digər tərəfdən 80-ci illər “Neftçi”sini məhz Ponomaryov – Əhmədov – Cavadov “üçbucağ”ına görə sevənlərin, komandanın həmin dönəmdəki oyununu xatırlayanların sayı bu gün də çoxdu. Açığı, ötən əsrin 80-ci illəri elə uzaq tarix də deyil ki, nələrisə yadda çıxaraq və unudaq. Məncə, burda üzərində dayanılası əsas məqam İqor Anatolyeviçin hansısa mülahizələrə söykənərək İsveçdən siyası sığınacaq alması – hərçənd bu yöndə də əlimizdə müfəssəl və dəqiq bilgi yoxdu! – yox, sadəcə, 1988-ci ildə SSRİ çempionatının elitasından gedən “Neftçi”nin yenidən ora qayıtması yolunda çiynini hansısa yükün altına verməməsi ola bilər. Amma o da var ki, Ponomaryov “Neftçi” karyerasının son illərində oyunlara elə dizi sarıqlı halda çıxırdı və futbol kuluarlarında onun xroniki zədədən əziyyət çəkməsi haqda söhbətlər gəzirdi. Səhv etmirəmsə, İsveçdə həmin zədəni təzələdi və bir daha əvvəlki səviyyəyə dönə bilmədi. “Mister Penalti”nin transferindən “Neftçi”nin valyuta qazanması da gerçəklikdi. Bu başqa məsələ ki, həmin puldan müstəqil olmayan respublikanın əsas komandasına ciddi məbləğ çata bilməzdi. O da yadımdadı ki, Ponomaryov keçmiş SSRİ-nin futbolundan xaricə yolu açılan ilk adlardan biri idi. Birinci olmasa da belə, ilk “onluq”daydı. Hər halda, şəxsən mən “Neftçi” üçün əsirgəmədiyi fədakarlığa görə “Mister Penalti”nin 60 yaşını təbrik etməyi özümə borc bilirəm. İsveçə köç məsələsini isə araşdırmağa dəyər!