Sizin reklam burada

Ramil Şeydayev “Sabah”ı seçdi

Title

“Azərbaycanda çox qalmaq istəmirəm”
Milli komandamızın hücumçusu Ramil Şeydayevin karyerasını yenidən ölkəmizdə davam etdirəcəyi rəsmiləşib. Belə ki, 24 yaşlı futbolçu dünən "Sabah"la müqavilə bağlayıb. Şeydayev cari mövsümün sonuna qədər Bakı klubun uğurları üçün çalışacaq. O, yeni komandasında “99” nömrəli formada çıxış edəcək.
Ramil futbolçu karyerasına Rusiyanın “Zenit” klubunda başlayıb. Daha sonra Sankt-Peterburq təmsilçisinin əsas komandasının, Rusiyanın “Rubin”, “Krılya Sovetov”, “Dinamo” (Moskva), Türkiyənin “Trabzonspor”, Slovakiyanın “Jilina” klublarının və ölkəmizdə “Qarabağ”ın uğurları üçün çalışıb. Rusiya millisinin aşağı yaş qruplarının, həmçinin bu ölkənin 21 yaşadək futbolçulardan ibarət komandasının üzvü olub. 2016-cı ildən yığmamızın şərəfini qoruyan Ramil 26 oyunda 4 qol vurub.
Şeydayev “Sabah”a keçidi rəsmən açıqlanmamışdan bir qədər öncə 1news.az saytına açıqlama verib: “Uzun vaxt idi oynamırdım. Böyük iddialarım və “Sabah”dan gözləntilərim var. Azərbaycanda bir komandaya keçəcəkdimsə, bu, yalnız “Sabah” ola bilərdi. Klub rəhbərliyi ilə uzun müddətdi danışıram və onlara söz vermişdim ki, Azərbaycana qayıtsam, yalnız “Sabah”ı seçəcəm. Klubun layihələri ilə yaxşı tanışam. Deyə bilmərəm ki, bu mövsüm bütün oyunlarını izləmişəm. Amma baxmışam. Hiss edirəm ki, “Sabah”a kömək edə bilərəm. Kimsə əsas heyətdə oynayacağıma təminat verə bilməz. Mütləq öz üzərimdə işləməli və nəyə qadir olduğumu göstərməliyəm.
Təkliflər var idi. Bir tərəfdən bəzi klublara keçidim alınmadı. Digər tərəfdən bəzi yerlərə özüm getmək istəmədim. “Dinamo”dakı karyerama gəlincə, indi bunu şərh etmək istəməzdim. Fikrimcə, 2019-cu ili pis keçirmədim. Bəzən alındı, bəzən isə yox. Amma hər şey Allahdan asılıdı. Deməli, qismət belə imiş. Hər şey bu mərhələni necə keçirəcəyimdən asılıdı. Amma Azərbaycanda çox qalmaq istəmirəm”.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.