Sizin reklam burada

Obradoviçin toplanışı nəyə xidmət edir?

Title
Obradoviçin toplanışı nəyə xidmət edir?
Rövlan Muradov: “Xüsusi heç bir şey yoxdu”
Bakıda 21 yaşadək futbolçulardan ibarət milli komandanın təlim-məşq toplanışı başlayıb. Hazırlıq prosesi bu gün başa çatacaq. Toplanışa cəlb olunan futbolçuların siyahısı belədi: Kamran İbrahimov, Nihad Qurbanlı, Turan Vəlizadə (hamısı “Neftçi”), Əkbər Vəliyev (Keşlə), Nicat Mehbalıyev, Nihad Tamazov, Toral Bayramov, Hacıağa Hacılı, İsmayıl İbrahimli, Musa Qurbanlı (hamısı “Qarabağ”), Rüstəm Samiqullin, Arsen Ağcabəyov, Elçin Mustafayev, Şakir Seyidov, Ozancan Kökcü (hamısı “Sabah”), Amin Seydiyev, İdris İnqilablı, Rövlan Muradov, Samir Məhərrəmli (hamısı “Qəbələ”), Murad Məmmədov (Səbail), Ümid Səmədov (Kəpəz), Səbuhi Abdullazadə (Sumqayıt).
Əlbəttə, plansız, heç bir ciddi zərurət olmadan təşkil edilən toplanışa çağırılan 22 futbolçunun hər biri əslində klubunun düşərgəsində yer almalıdı. Amma nədənsə Milan Obradoviçin və AFFA-nın bu anormal addımına narazılıq bildirən də yoxdu. Üstəlik, qeyd edək ki, analoji hazırlıq prosesi bir neçə gün öncə də təşkil olunmuşdu. Bunu nəzərə alaraq U-21-in düşərgəsində olan futbolçularla əlaqə saxladıq. Görəsən, hazırlıq necə keçir, məqsəd nədi?
“Qəbələ”nin futbolçusu Rövlan Muradov toplanışla bağlı bunları dedi: “Toplanış qısamüddətli olsa da, bütün diqqətimizi məşqlərə yönəltmişik. Çalışırıq ki, baş məşqçinin verdiyi tapşırıqları meydanda yerinə yetirək və İsveçrə ilə oyuna taktiki cəhətdən tam hazır olaq”.
Futbolçu Milan Obradoviçin komandaya xüsusi məşq keçmədiyini də bildirdi: “Xeyr, xüsusi heç bir şey yoxdu. Sadəcə, məşqlər edərək, qarşıdakı oyunlara taktiki cəhətdən hazırlaşırıq”.
“Sabah”ın futbolçusu Ozancan Kökcü isə toplanışı belə dəyərləndirdi: “Toplanış yaxşı başladı. Futbolçularla birlikdə məşqlər edib, vaxt keçiririk. Hər şey yaxşıdı. Təbii ki, AFFA klublarla danışıb, heyəti müəyyənləşdirir. Klublar da sağ olsun, kömək edirlər. İnşallah, millidə də uğurlu olarıq”.
AYGÜL
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.