17-ci turun oyunlarına toxunmamış qeyd edək ki, ötən həftə mövsümün ən məhsuldar həftəsi oldu. 4 görüşdə qapılara ümumilikdə 17 qol vuruldu ki, məhsuldarlığın orta hesabla 4,5 olduğunu deməliyik. Nəticələrə gəlincə, hesabat turunun ilk görüşündə “Qarabağ” səfərdə oynamağına baxmayaraq, “Zirə”ni meydana çıxmağa peşman etdi. 2018-ci ildə, premyer-liqanın 14-cü turuna təsadüf edən oyunda Samir Abasovun rəhbərlik etdiyi “qartallar” “köhlən atlar”ın qarşısında 26 dəqiqə dözmüşdüsə, Zaur Həimovun çalışdırdığı komanda cəmi 4 dəqiqə qapısının toxunulmazlığını təmin edə bildi. Yekunda isə qəsəbə təmsilçisi yenə qapısında 6 qol gördü. Ən acınacaqlısı budu ki, qış transfer dönəmində heyətinə legionerlər qatan komanda ağdamlıların qapısına yol tapa bilmədi.
Şənbə günü mövsümün ikinci yarısına inamlı başlayan “Sumqayıt” üçün də düşərli olmadı. “Kimyaçılar” doğma azarkeşləri qarşısında “Sabah”a boyun əydi. Jelko Şopiçin çalışdırdığı komanda baş məşqçinin seçdiyi düzgün taktika sayəsində ardıcıl ikinci qələbəyə sevindi. Bununla da “tələbələr” yenidən qitəmiqyaslı turnirlərə aparan qatarın sərnişini olacağını, mübarizədən qopmadığnı ortaya qoydu.
Ardıcıl ikinci matçını səfərdə keçirən “Qəbələ” üçün tur uğurlu alınmadı. “Səbail”ə məğlub olan “qırmızı-qaralar” artıq autsayder mövqeyindən bərk “yapışıb”. Ən yaxın qonşusu olan “dənizçilər”lə görüşdə qalib gələcəyi təqdirdə Elmar Baxşıyevin çalışdırdığı komanda 8-ci pilləni tərk edəcəkdi. Ancaq hesabda önə çıxmasına baxmayaraq, bölgə təmsilçisi sərfəli hesabı qoruyub saxlamağı bacarmadı. Aftandil Hacıyevin yetirmələri xarakter nümayiş etdirərək nəinki “status-kvo”nu bərpa etməyi bacardı, hətta qalan dəqiqələrdə Anar Nəzirovun qoruduğu qapıdan daha 2 top keçirdi. Qələbədə gənc Ruslan Hacıyevin xüsusi xidmətinin olduğunu da vurğulamaq lazımdı. Bir məhsuldar ötürmə ilə yadda qalan futbolçu komandasına penalti də qazandırdı.
17-ci turun mərkəzi qarşılaşmasında “gümüş”ə iddialı “Neftçi” ilə “Keşlə” üz-üzə gəldi. “Bakcell Arena”da baş tutan görüşdə “ağ-qaralar”, demək olar ki, rəqibdən bütün komponentlərdə üstün oldu. “Neftçi”nin qələbəsinə belə ad vermək olar: inamlı oyunla inamlı qələbə. Füzuli Məmmədovun komandası ən yaxın izləyicisini meydandan məyus yola salmaqla ikinci pillədəki mövqeyini bərkitdi. 17 dəqiqəyə rəqibin qapısından 2 top keçirən flaqman ikinci hissə başlar-başlamaz qapısında qol görsə də, çox keçmədən 2 topluq üstünlüyünü bərpa etdi. Məhz bu da matçın qırılma nöqtəsi oldu. Bununla da "ağ-qaralar" cari mövsümdə ilk dəfə “Keşlə”ni paltardəyişmə otağına əli ətəyindən uzun yola saldı. Yeri gəlmişkən, bu, qış fasiləsindən sonra heç-heçənin qeydə alınmadığı ilk tur idi.
Azərbaycan premyer-liqası
3-cü dövrə, 17-ci tur
15 fevral
Zirə - Qarabağ 0:6
Sumqayıt – Sabah 1:2
16 fevral
Səbail – Qəbələ 3:1
Neftçi – Keşlə 3:1
1. Qarabağ 17 11 5 1 31-7 38
2. Neftçi 17 8 6 3 26-13 30
3. Keşlə 17 7 5 5 21-17 26
4. Sumqayıt 17 6 4 7 22-24 22
5. Zirə 17 5 5 7 21-30 20
6. Sabah 17 5 4 8 19-23 19
7. Səbail 17 5 3 9 14-26 18
8. Qəbələ 17 3 4 10 18-32 13
Bombardirlər: Stiven Jozef-Monroz (Neftçi) – 7, Lorenso Frutos (Keşlə), Peyman Babayi (Sumqayıt), Mahir Əmrəli (Qarabağ) – 6.
Növbəti turun oyunları: 22 fevral – Qəbələ - Neftçi, Keşlə - Zirə; 23 fevral – Sabah – Səbail, Qarabağ – Sumqayıt.
RƏŞAD