Tərlan Əhmədov: “Heç bir məşqçi bunu yaşamağı arzulamaz”
67. Neftçi (Bakı) – Keşlə 3:1 (2:0)
30. Aqil Məmmədov – 5,5
77. Vild-Donald Gerye – 6,0
3. Mamadu Mboc – 6,0
5. Anton Krivotsyuk – 5,5
18. Tural Axundov – 5,5
36. Mamadu Kane – 6,0
8. Emin Mahmudov (k) – 5,5
7. Namiq Ələsgərov – 5,5
(10. Dario Federiko, 81) – qiymətsiz
28. Stiven Jozef-Monroz – 6,0
88. Saman Nərimancahan – 6,0
(17. Rəhman Hacıyev, 69) – 5,0
9. Baqali Dabo – 6,5
(22. Mirabdulla Abbasov, 75) – 5,0
Ehtiyat oyunçular
1. Səlahət Ağayev
12. Kamran İbrahimov
93. Soni Mustivar
11. Evangelos Platellas
6. Voislav Stankoviç
26. Ömər Buludov
55. İbrahim Əliyev
33. Turan Vəlizadə
80. İsmayıl Zülfüqarlı
Baş məşqçi: Füzuli Məmmədov
Komandanın ən yaxşısı: Baqali Dabo
1. Stanislav Namaşko – 5,0
4. Slavik Alxasov (k) - 5,5
33. Tərlan Quliyev – 5,0
2. İlkin Qırtımov – 5,0
21. Miyusko Boyoviç – 5,0
5. Franko Flores – 5,5
30. Şahrux Qadoyev – 5,0
10. Sezar Meza Kolli – 6,0
17. Vüsal İsgəndərli – 5,5
7. Tural Bayramlı – 5,5
42. Aleksandr Kristovao – 4,5
(9. Lorenso Frutos, 46) – 5,0
Ehtiyat oyunçular
57. Əkpər Vəliyev
3. Cabir Əmirli
18. Ruslan Əmircanov
19. Azər Salahlı
22. Əfran İsmayılov
6. Rəşad Sadiqov
90. Orxan Fərəcov
13. Pərviz Azadov
Baş məşqçi: Tərlan Əhmədov
Komandanın ən yaxşısı: Sezar Meza Kolli
Qollar: B.Dabo, 11 (1:0). M.Mboc, 18 (2:0, A.Krivotsyuk). S.M.Kolli, 53-p. (2:1). S.Jozef-Monroz, 59 (3:1, V-D.Gerye).
Vərəqələr: T.Axundov, 30 (qeyri-idman hərəkəti). B.Dabo, 40 (hakimin qərarına etiraz). M.Mboc, 53 (qeyri-idman hərəkəti). A.Məmmədov, 54 (hakimin qərarına etiraz). S.Alxasov, 62 (qeyri-idman hərəkəti). M.Kane, 89 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: ELÇİN MƏSİYEV, Pərvin Talıbov, Qəzənfər Məmmədov, Rauf Allahverdiyev (hamısı Bakı).
Hakim-inspektor: Ceyhun Haşımov (Bakı).
AFFA nümayəndəsi: Asif Əliyev (Bakı).
16 fevral. Bakı. Bakcell Arena. 1800 tamaşaçı (10260 yerlik).
Yalnız ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.
Turun son oyununda medallara iddialılar qarşılaşırdı. Daha doğrusu, “gümüş”ə. Bir gün əvvəl keçirilən oyunda “Qarabağ”ın növbəti qələbəsini qazanması “Neftçi”ylə "Keşlə"nin çempionluq şanslarını bir qədər də azaltmışdı. Deməli, bu iki komanda daha çox 2-ci yeri tutmaq haqda düşünməliydi. Görüşə prinsipiallıq qatan təkcə bu məqam deyildi. Tərlan Əhmədovun “Neftçi”ylə köhnə haqq-hesabını bilməyən yoxdu. Klub rəsmilərini məyus etmək həvəsi onun üçün əlavə motivasiya mənbəyidi. Ötən tur doğma meydanda uduzan “Keşlə” itirilən 3 xalı “Neftçi” üzərində qələbəylə kompensasiya edə bilərdi. Amma “Neftçi” də asan təslim olmayacaqdı. Bordinin gedişindən sonra baş məşqçi vəzifəsinə irəli çəkilən Füzuli Məmmədov ilk qələbəsini qazanmağı çox arzulayırdı. Ardıcıl üç oyunda qələbəyə həsrət qalsaydı, gənc çalışdırıcı etimadı sarsıtmış olacaqdı.
İlk dəqiqələrdən “Keşlə” ərazi üstünlüyünə yiyələnib, meydan sahibləriylə başabaş mübarizə aprmağa çalışsa da, hesabı “Neftçi” açdı. Maraqlıdı ki, 7-ci dəqiqənin tamamında “Keşlə”nin 10 futbolçusu meydanın rəqibə aid hissəsində qərarlaşıb, Namaşkoni geridə yalqız qoymuşdular. Elə bu ehtiyatsızlığa görə də cəmi 4 dəqiqə sonra Dabo onları cəzalandırdı. Geryenin ötürməsini qəbul edən fransız hüçumçu sol cinahla sürətlə irəliləyib cərimə meydançasına daxil oldu. Yolüstü İlkin Qırtımovu rahat keçən Dabonun zərbəsindən sonra top “Keşlə”nin müdafiəçisi Floresin ayağına dəyib geri qayıtdı. Bu hədiyyəni tora qovuşdurmaq qapıçıyla üzbəüz qalan “9 nömrə” üçün çətin olmadı. Maraqlıdı ki, yan xətt hakimi də “Keşlə”nin futbolçuları kimi Dabonun oyundankənar vəziyyətdə olduğunu düşünüb, bayrağını havaya qaldırmışdı. Yalnız Elçin Məsiyevin işarəsindən sonra laysman mərkəzə doğru qaçdı. Qoldan sonra “Neftçi” üstünlüyə tam yiyələndi. Topu rahat Namaşkonun qoruduğu qapının önünə gətirən “ağ-qaralar” 16-cı dəqiqədə növbəti qolu vura bilərdi. Həmin epizodda bəxt “Keşlə”nin üzünə gülsə də, iki dəqiqə sonra “Neftçi” ikinci qolu vurdu. Mahmudovun künc zərbəsindən havalandırdığı topa Krivotsyuk başla toxundu. İstiqamətini dəyişən “dəri kürə”ni Mboc ustalıqla qapıdan keçirdi. 10 dəqiqə sonra Dabo yenə diqqət mərkəzinə düşdü. “Keşlə”nin müdafiəçiləri üçün əsl başağrıya çevrilən hücumçunun budəfəki fəallığı “Neftçi”yə künc zərbəsi qazandırdı. Künc bayrağının yanından havalanan topu Namaşko irəli çıxıb, ram etməyə çalışsa da, son anda onu əlindən buraxdı. Həyəcanlı müdafiəçilər təhlükəni sovuşdurmağa çalışarkən öz qapıçılarını zədələdilər.
Az sonra Jozef-Monroz qüvvətli zərbəylə Namaşkonu narahat etdi. Qapıçı bu dəfə səhvə yol vermədi. Maraqlıdı ki, “Keşlə” hesabda iki top fərqiylə geridə olsa da, futbolçular tələsmir, kəskin hücumlar qurmağa can atmırdılar. Bunun bir səbəbi “Neftçi”nin saat mexanizmi kimi dəqiq görünən oyunu idisə, digər səbəb “qırmızılar”ın müdafiəyə böyük diqqət ayırması idi. Qonaqlar böyük qüvvəylə irəli atılmır, Floreslə Boyoviç, ümumiyyətlə, müdafiənin mərkəzindəki mövqelərindən irəli çıxmırdılar. Belədə irəlidə çoxalmaq, “Neftçi”ni təzyiq altında saxlamaq da mümkün olmurdu. “Neftçi” hesabın da verdiyi rahatlıqla özünü meydanın əsl ağası kimi aparırdı. Yeganə problem Nərimancahanın tez-tez mövqeyini itirməsiydi ki, buna görə də komanda yoldaşları ona dəfələrlə irad tuturdular. 44-cü dəqiqədə “Keşlə” əks-hücum qurmağa zəif təşəbbüs göstərdi. Vaxtında mövqeyini tərk edib, uzun ötürməni qarşılayan Aqil riskə getməyərək topu auta çıxardı.
Fasilədən sonra oyunun ümumi axarı dəyişməsə də, “Keşlə” qollardan birinin əvəzini çıxa bildi. 52-ci dəqiqədə İlkin Qırtımov “Neftçi”nin cərimə meydançasının həndəvərində göründü. Onun hava ötürməsini qəbul etmək üçün yüksələn Frutosu Mboc yerə sərdi. Məsiyev tərəddüdsüz penalti nöqtəsini göstərdi. “Nöqtə”yə yaxınlaşan Sezar Meza Kolli topla Aqili fərqli künclərə göndərməklə fərqi azaltdı. Təxmin etmək çətin deyildi ki, bu qol Füzuli Məmmədov üçün ağır dəqiqələrin başlanğıcına çevrildi. Növbəti belə bir səhv hər şeyin üstündən xətt çəkə bilərdi. “Keşlə” təzyiqi artırıb, hesabı bərabərləşdirsəydi, qonaqları üçüncü dəfə məyus etmək çətin tapşırığa çevriləcəkdi. Çünki Tərlan Əhmədovun komandası müdafiəyə qapanmağı, sərfəli hesabı qorumağı bacaran futbolçulardan qurulub. Bu ssenarinin gerçəkləşməsi “Neftçi” üçün arzuolunan deyildi. Meza Kollinin penalti qolundan sonrakı növbəti 5 dəqiqəni meydan sahibləri bu gərginliyin müşayiəti ilə keçirdi. Jozef-Monrozun ustalıqla vurduğu qol “Neftçi”ni həmin gərginliyin cəngindən xilas etdi. Bu qolda da Gerye böyük pay sahibi oldu. Məhz onun ötürməsindən sonra Stiven hesab arasındakı fərqi yenidən iki topa çatdırdı. Yeri gəlmişkən, bu, fransız futbolçu üçün mövsüm ərzində 7-ci qol idi. Bu həm də o demək idi ki, Jozef-Monroz bombardirlərin yarışında ilk pilləyə yüksəldi. Onun və komanda yoldaşlarının “Neftçi”yə qazandırdığı 3:1 hesablı qələbə və 3 xal isə “xalq komandası”nın turnir cədvəlində birinci yerə çıxması üçün yetərli olmasa belə, təsəlli üçün əsas vardı. Bu qələbə sayəsində “ağ-qaralar” ikinci pillədə möhkəmlənməklə yanaşı, ən yaxın izləyicisini 4 xal qabaqlamağı bacardı. Deməli, Qəbələ səfərinə də yaxşı əhval-ruhiyyədə hazırlaşmaq olar.
Gözdən qaçmadı
* “Neftçi”nin ötən tur “Qarabağ”ı yenə bilməməsi “Forza Neftçi”nin kefinə əməlli-başlı soğan doğramışdı. Qapı arxasında yer alan sadiq fanatların sayı həmişəkindən xeyli az idi və onlar susqun görünürdülər. Yalnız hesab 2:0-a çatandan sonra fanatlar xeyli fəallaşdı. “Keşlə”ni isə “Old wolf”un üzvləri dəstəkləyirdi. Uzun müddət “fanklub oyaqdı, “Keşlə”yə dayaqdı” şüarını səsləndirən “qoca canavarlar”ın səsi Jozef-Monrozun qolundan sonra eşidilmədi.
* “Forza Neftçi”nin susqunluğu “Bakcell Arena”nın diktoru İlkin Babanın da işini çətinləşdirmişdi. Qol müəlliflərinin adını azarkeşlərlə sinxron səsləndirməyə çalışan həmkarımız məqsədinə çatmayınca, həm adı, həm də soyadı təkbaşına səsləndirməklə vəziyyətdən çıxdı.
* Oyunun qəhrəmanlarından olan Baqali Dabo xeyli əsəbi idi. Hakimin qərarlarından narazı görünən hücumçu rəqibin kobudluğu nəticəsində iki epizodda yerdə qaldı. Hər iki halda hakimdən rəqibi cəzalandırmağı tələb edən Dabo 40-cı dəqiqədə özü sarı vərəqə ilə “mükafatlandırıldı”.
* 69-cu dəqiqədə “Neftçi”nin oyunçuları arasında gərginlik yaşandı. Saman Nərimancahan özü qazandığı cərimə zərbəsini yerinə yetirmək istəyərkən Emin Mahmudov ona mane oldu. İranlını sinəsindən itələyən kapitan topu özünün vuracağına işarə etdi. Münaqişənin böyüməsini istəməyən Füzuli Məmmədov dərhal Samanı Rəhmanla əvəzlədi. Maraqlıdı ki, əvəzetmədən meydana daxil olan Hacıyev dərhal topun başına keçib, zərbəni “canlı sədd”ə vurdu.
Reaksiyalar
Tərlan Əhmədov: “İki oyun ardıcıl məğlub olmaq acı bir hissdi. Heç bir məşqçi bunu yaşamağı arzulamaz. Amma görünür ki, bizim işimizin belə uğursuzluqlarla bağlılığı var. Qarşıda hələ 11 tur var. Bugünkü oyun haqda uzun-uzadı danışacağım nəsə yoxdu. Oyun adına nəsə sərgiləyə bilmədik. Futbolçuların haqqını tapdamaq olmaz. Onlar meydanda əziyyət çəkirlər. Ən böyük məsuliyyət mənim üzərimdədi. Komandanı tam formalaşdıra bilmirik. Qışa qədər hər şey normal idi, sonradan bəzi problemlər hiss olunur. Düşünürəm ki, hər bir problemdən çıxış yolu var. Səbrlə işimizə davam etməliyik. Hələ heç nə itirilməyib. Son iki oyunda müdafiədəki problemlərdən danışmağa çətinlik çəkirəm. Boykonun uzun müddət oynamaması, Floresin qırmızı vərəqə alması işimizi çətinləşdirib. Latın Amerikasından olan futbolçuların qış toplanışına qatılmaması ciddi problemdi. Bir həftə Bakıdakı hazırlığı onlar olmadan keçdik. Bunun da acısını indi çəkirik. Çıxış yolu tapmalıyıq. Ardıcıl beş oyun qol vurmadan məğlub olmuşam, sonra 17 qarşılaşmada komandam uduzmayıb. Həyat davam edir. Hisslərə qapılmadan düzgün qərar çıxarmalıyıq. “Keşlə” toparlanacaq. Rotasiya imkanlarının az olmasına qarşı nəsə edə bilmərik. Ruslan Qurbanovun nə vaxt qayıdacağını bilmirik. Sezar Meza Kolli üç məşqdə olmayıb, virusa yoluxmuşdu. Əlimdə olan futbolçular budu. Kamara və Ruslanın dönüşünü səbrsizliklə gözləyirəm. Hər zaman kollektiv oyun qurmağa çalışmışam. Bir oyunçu olmayanda çətinlik yaranır. Yaşadığımız enişin səbəbini mətbuata açıqlamağın heç bir mənası yoxdu. Hər kəsin başına gələn hadisələrdi. Bizim işimiz insan amiliylə bağlıdı. Çox nüanslar var, bunları burda sadalaya bilmərəm. Yaxın zamanlarda əsl “Keşlə”ni görərsiz. Dabonun nəzarətsiz qalıb, geniş meydan tapması da onu göstərir ki, komanda mən istəyən kimi oynamadı. Bunları aradan qaldırmalıyıq”.
Füzuli Məmmədov: “Oyuna çox ciddi hazırlaşmışdıq. “Keşlə”nin hər bir futbolçusunu təhlil etmişdik, rəqibin necə oynayacağını bilirdik. Çətin bir qarşılaşma oldu ki, bunu da gözləyirdik. Buna uyğun oyun qurmuşduq. Planımız işə yaradı ki, buna da əzmkarlıq və tapşırıqları sonadək yerinə yetirməyimiz səbəb oldu. Qələbəni stadionda və evdəki televizorun qarşısında bizi dəstəkləyən azarkeşlərimizə həsr edirik. Bütün “Neftçi” ailəsini təbrik edirəm. Oyunları təhlil edir, nöqsanları aradan qaldırırıq. İdeal heyət anlayışı belədi ki, səhvləri araşdırıb, kimin daha hazırlıqlı olduğunu gördükdən sonra qərar veririk. 4-2-3-1 taktikasıyla oynayırıq. Bu tempi sonadək saxlamağa çalışırıq. Mən baş məşqçi postunda yeni olsam da, komandanın içindəydim, futbolçuların potensialına bələdəm. Gələcəkdə daha böyük uğurlar qazanacağıq”.
AMAL