Əldə etdiymiz məlumata görə, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov bu gün saat 10.00-da “Park İnn” hotelində veteran futbolçularla görüşəcək. Mənbəmizin ötürdüyü bilgiyə inansaq, görüşə elita klublarının rəhbərləri, futbol ictimaiyyətinin tanınmış nümayəndələri də dəvət olunub.
Deyilənləri dəqiqləşdirmək üçün Veteranlar İttifaqnın prezidenti Oqtay Abdullayevlə əlaqə saxladıq: “Bəli, sabah (bu gün) Elxan müəllim futbol veteranları ilə görüşəcək. Belə bir tədbirin keçirilməsini həm o, həm də biz veteranlar istəmişik. Yəni təşəbbüs qarşılıqlı olub. Tədbirin keçirilməsində əsas məqsəd ölkənin futbol həyatında yaşananları birgə müzakirə etmək, veteranları narahat edən məsələlər ətrafında fikir mübadiləsi aparmaqdı. Vaxtilə yaşıl meydanlarda tər tökən veteranlarımız da futbolumuzun inkişafına töhfə vermək istəyirlər. O ki qaldı klub prezidentlərinin tədbirə dəvət olunmasına, bu haqda məndə məlumat yoxdu. Ola bilsin, AFFA rəhbərliyi kimlərəsə dəvət göndərib”.
RƏŞAD
P.S. Günün sonunda Oqtay Abdullayev redaksiyamızla əlaqə saxlayaraq, bu gün keçirilməli olan tədbirin bəzi səbəblərdən qeyri-müəyyən müddətə təxirə salındığını bildirdi.