Sizin reklam burada

AFFA “Marafon”u da Nazim Süleymanovun üzünə bağladı

Baxış Sayı:399


“Bizim məsələmiz bu qurumla bağlıdı, başqası niyə bizə problem yaratmağa çalışsın ki?”
Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqının 2020-ci ildə növbəti iclası planlaşdırılıbmış. Lakin bu toplantı da ilk iclas kimi nəzərdə tutulan məkanda baş tutmayıb. Belə ki, ittifaq nümayəndələrinin bir müddətdi toplaşdığı məkan bu dəfə bu iclasa icazə verməyib. Nümayəndələrə bunun rəhbərliyin göstərişinə uyğun olduğu bildirilib. Ötən dəfə də mətbuat konfransının “Altus” otelində keçiriləcəyi deyilsə də, bu, baş verməmişdi. Otel rəhbərliyi bəhanələr gətirməklə tədbirə evsahibliyi etməkdən boyun qaçırmışdı.
Məsələ ilə bağlı detalları öyrənmək üçün ittifaqın sədri Nazim Süleymanovla əlaqə saxladıq: “İlk növbədə “Marafon”a təşəkkürümü bildirirəm, çünki bir müddətdi toplantılarımızı orda keçirirdik. Artıq iki dəfə idi iclaslarımız bu məkanda baş tuturdu. Ancaq bu dəfə icazə verilmədi. Ümumiyyətlə, bundan sonra iclaslarımızın orda keçirilməsinə icazə verilmir. Rəhbərliyin icazə vermədiyini bildirdilər. Amma yenə də iclaslarımız baş tutacaq”.
Süleymanov bu dəfə də məkanla bağlı yaranan problemin arxasında AFFA-nın “rolu”nun olduğunu bildirdi: “Düşünürəm ki, yenə AFFA ilə bağlıdı. Bizim məsələmiz bu qurumla bağlıdı, başqası niyə bizə problem yaratmağa çalışsın ki? Siz olsaz, nə düşünərsiz? Bəlkə xaricdən kimsə gəlir, o məkanları tapır? Açığı, AFFA-dan başqa heç nə ağlıma gəlmir. Ötən dəfə də belə problem yaranmışdı, yenə məkanla bağlı problem ortaya çıxmışdı. Bizim başqa qurum, şirkət ilə heç bir işimiz yoxdu. Yəqin bu hadisə də AFFA-nın təzyiqi ilə baş verib”.
Yeri gəlmişkən, məsələ ilə bağlı ittifaqın idarə heyətinin üzvü Anar Xanlarov sosial şəbəkədə paylaşım edib: “Son aylarda toplaşdığımız məkanda da bizə qadağa qoyuldu. Bildiyiniz kimi, AFFA-nın təzyiqindən qorunmaq üçün iclaslarımızı keçirdiyimiz məkanların adlarını gizli saxlayırıq. Məlum otel şousu haqsız olmadığımızı sübut etdi. Qadağa qoyulduğu üçün artıq məkanın adını açıqlaya bilərəm. Söhbət “Marafon”dan gedir. Noyabrdan bu yana ayda 2 dəfə məhz həmin məkanda toplaşırdıq və etiraf edim ki, daim xoş üz görürdük. Bu gün də planauyğun olaraq növbəti toplantı üçün həmin məkana getmişdik. Lakin çatanda məlum oldu ki, toplantımıza icazə verilməyəcək. Bildirildi ki, bu haqda rəhbərlik tapşırıq verib. Deyilib ki, o təşkilatın bir daha orda toplantı keçirməsinə icazə verilməsin. Gün kimi aydındı ki, yenə tapşırıq hardan gəlib”.
AYGÜL

Oxşar xəbərlər
SON XƏBƏRLƏR