Elmar Abdullazadə: “Məsələ ilə bağlı hansısa addım atılacaq”
Zaur Həşimovun gəlişindən sonra xoş təsir bağışlayan, qış fasiləsindən sonrakı ilk oyunda “Sabah”ı məğlub edən “Zirə”nin Sumqayıtdan azı 1 xalla qayıdacağına hədsiz inam vardı. “Qartallar”ın qış fasiləsində etdiyi transferlərə görədi ki, artıq indidən çoxları bu komandanın Avroliqaya vəsiqə qazanacağını düşünür. Amma “sən saydığını say, gör fələk nə sayır” məsəli boşuna deyilməyib.
Əlbəttə, qələbə qələbədi və 3 xal qazanan tərəf sevinməyi haqq edir. Lakin razılaşaq ki, bu 3 xalı zirəlilər sumqayıtlılara hədiyyə etdi. Hesab 1:1 olarkən İlkin Muradovun gərəksiz vəziyyətdə “qırmızı” alması azmış kimi, meydan sahibləri hesabda önə çıxandan cəmi 2 dəqiqə sonra Ağabala Ramazanovun da vaxtından əvvəl paltardəyişmə otağına yollanması Həşimovun ehtiyat planlarını da alt-üst etdi.
Oyun başa çatandan sonra qonaqların baş məşqçisinin dediklərində sətiraltı məna var idi: “Meydanı erkən tərk edən futbolçularımızla bağlı ölçü götürüləcək, onlarla danışacam”. Ümumi götürəndə İlkinlə hansısa mövzu ətrafında danışmaq yersizdi. Əvvəla ona görə ki, adam “qırmızı”nı oyun epizodunda alıb. O başqa məsələ ki, Orxan Məmmədov bir qədər səbrli davransaydı, ikili mübarizədəki həmin hərəkətə görə əlini cibinə atmaya da bilərdi. Amma Ağabalanın etdiyi...
Onsuz da komandan hesabda geridədi. Və sən böyük ümidlərlə transfer olunan, xilaskar rolunda görünən futbolçusan. Belədə yanından sürətlə keçən Elvin Cəfərquliyevin ayağına təpik vurmağın adı nədi? Rəhbərliyə, yoxsa baş məşqçiyə hörmətsizlik? Bəlkə “burda mənəm, Bağdadda kor xəlifə” mesajı? Futbolçusan, meydanda etdiklərinin qarşılığında pul alırsan və borcun da qol vurmaq, ötürmə etməkdi. Ardıcıl iki oyunda qol vurmaq o demək deyil ki, kimsə sənin yanından keçə bilməz. Yaxud səni aldadan rəqib futbolçuya təpik atmlısan.
Qısası, klub rəhbərliyi Ramazanovla bağlı mütləq və mütləq ölçü götürməlidi. Üstəlik, burda söhbət həm də yığma üzvündən gedirsə, əlavə şərhə ehtiyac yoxdu. Çərşənbə günü İntizam Komitəsində yer alanlar məsələyə layiqli qiymət verdi: 2 oyunluq cəza, 1600 manatlıq cərimə. Heç şübhəsiz, klubdan Ağabalaya veriləcək cəza təkcə şifahi xəbərdarlıq olmayacaq. Adətən, bu cür intizamsızlıq edən futbolçular kəsilən cəriməni cibindən ödəyir. Təbii ki, söhbət peşəkar, nizam-intizama xüsusi önəm verilən klubdan gedir. Bəs “Zirə”də necə olacaq? Bəstəboy futbolçu klub tərəfindən hansı cəza və ya cəriməyə layiq bilinəcək? Qəsəbə təmsilçisinin mətbuat katibi Elmar Abdullazadə bu barədə danışmaq istəməyib, səbəbini bununla izah etdi: “Bu, klubun daxili məsələsidi. Təbii ki, məsələ ilə bağlı hansısa addım atılacaq. Amma bunu ictimailəşdirməyi doğru hesab etmirik”.
HƏBİB