Sizin reklam burada

“Sumqayıt” itirdiyi mövqeyi qaytardı

Baxış Sayı:626


64. Sumqayıt – Zirə 2:1 (1:1)
1. Mehdi Cənnətov – 5,5
44. Elvin Cəfərquliyev – 5,5
5. Camaləddin Xocaniyazov – 5,5
3. Vurğun Hüseynov (k) – 5,5
22. Sərtan Taşqın – 5,0
18. Süleyman Əhmədov – 5,0
97. Xəyal Nəcəfov – 6,0
(30. Nəbi Məmmədov, 90+1) – qiymətsiz
46. Aleksey İsayev – 5,5
90. Rəhim Sadıxov – 5,0
10. Əmir Ağayev – 5,0
(9. Amil Yunanov, 85) – qiymətsiz
8. Peyman Babayi – 5,0
(70. Mehdi Şərifi, 60) – 5,0
Ehtiyat oyunçular
13. Aydın Bayramov
33. Ələkbər Ağayev
2. Rail Məlikov
14. Elvin Bədəlov
50. İlqar Qurbanov
20. Rüfət Abdullazadə
28. Səbuhi Abdullazadə
88. Cavid Quliyev
Baş məşqçi: Ayxan Abbasov
Komandanın ən yaxşısı: Xəyal Nəcəfov

28. Boyan Zoqoviç – 5,0
88. Tellur Mütəllimov – 5,0
27. Adrian Skarlatake – 4,5
3. Ali Sisey – 4,5
55. Rauf Hüseynli – 4,0
(70. Nicat Süleymanov, 46) – 4,0
8. İlkin Muradov – 3,5
7. Cavid Hüseynov (k) – 4,0
10. Ağabala Ramazanov – 4,0
18. Anton Corc – 4,0
11. Davit Volkov – 5,5
(23. Mfo Kqasvane, 75) – 4,5
43. Riçard Qadze – 4,5
(6. Alvaro Ampuero, 57) – 4,5
Ehtiyat oyunçular
1. Orxan Sadıqlı
62. Abdulla Seyidəhmədov
33. Yovan Krneta
48. Şafik Tiqruca
25. Miloş Bakraç
20. Əli Şirinov
Baş məşqçi: Zaur Həşimov
Komandanın ən yaxşısı: Davit Volkov
Qollar: E.Cəfərquliyev, 13 (1:0). A.Ramazanov, 35 (1:1, D.Volkov). X.Nəcəfov, 66 (2:1).
Vərəqələr: A.Skarlatake, 31 (qeyri-idman hərəkəti). İ.Muradov, 33 (qeyri-idman hərəkəti). Ə.Ağayev, 41 (qeyri-idman hərəkəti). P.Babayi, 41 (qeyri-idman hərəkəti). C.Hüseynov, 41 (qeyri-idman hərəkəti). Ş.Tiqruca, 41 (qeyri-idman hərəkəti). R.Qadze, 52 (qeyri-idman hərəkəti). X.Nəcəfov, 53 (qeyri-idman hərəkəti). N.Süleymanov, 84 (qeyri-idman hərəkəti). S.Əhmədov, 90+3 (qeyri-idman hərəkəti). A.Corc, 90+4 (qeyri-idman hərəkəti) – sarı. İ.Muradov, 37 (qeyri-idman hərəkəti, ikinci sarı). A.Ramazanov, 68 (təcavüzkar davranış) – qırmızı.
Hakimlər: ORXAN MƏMMƏDOV, Pərvin Talıbov, Nahid Əliyev, Namiq Bəkirov (hamısı Bakı).
Hakim-inspektor: Əmrah İbrahimov (Bakı).
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov (Bakı).
8 fevral. Sumqayıt. Kapital Bank Arena. 800 tamaşaçı (1326 yerlik).
Birinci hissəyə 6, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Qış fasiləsində heyətini yetərincə gücləndirən, üçüncü dövrənin ilk turunda qələbə qazanaraq 4-cü pilləyə yüksələn “Zirə”nin qələbə seriyasını davam etdirəcəyini güman edənlərin sayı çox idi. Ancaq “Sumqayıt” şənbə günü, soyuq hava şəraitində baş tutan qarşılaşmada bir daha sübut etdi ki, “kimyaçılar”ı siyahıdan silmək tezdi.
Ayxan Abbasovun yetirmələri ilk dəqiqələrdən oyuna nəzarəti ələ keçirib meydanda diqtə edən tərəf oldu. Artıq 4-cü dəqiqədə Sadıxov cərimə meydamçasında əlverişli zərbə mövqeyinə çıxsa da, qapıçı onun vuruşunu ayaqları ilə zərərsizləşdirməyi bacardı. Qonaqların buna cavabı 9-cü dəqiqədə gəldi. Korner vuruşundan sonra Skarlatake hava mübarizəsindən qalib ayrılaraq topu “çərçivə”yə göndərsə də, dirəyin yanında dayanan Süleyman komandasını qoldan xilas etdi. 13-cü dəqiqədə isə meydan sahibləri hesabda önə çıxdılar. Meydanın mərkəzinə yaxın hissədə Əmirdən ötürmə alan Elvin sol cinahla uzun reyd edib cərimə meydançasına daxil olaraq, iti bucaq altında uzaq küncü dəqiq nişan aldı. Qoldan ruhlanan sumqayıtlılar böyük qüvvə ilə irəli atılıb, hesab arasında fərqi artırmaq istəyirdilər. “Kimyaçılar”ın sürətli, rəngarəng hücumları soyuqdan büzüşən azsaylı azarkeşlərə də müəyyən istilik gətirirdi. Ancaq 35-ci dəqiqədə qəsəbə təmsilçisinin vurduğu qol sumqayıtlılara “soyuq duş” təsiri bağışladı. Volkov sürəti hesabına sağ cinahdan uzun reyd edib qapı istiqamətinə paralel ötürmə edincə, Ağabala yeni komandasında keçirdiyi ikinci matçda ikinci qolunu vurmağı bacardı. Hesab arasında tarazlığı bərpa edən “qartallar” hissənin sonlarına yaxın oyun planında “artırmışdılar”. Ancaq 41-ci dəqiqədə “Pıxı”nın, daha dəqiq desək, İlkin Muradovun meydandan qovulması Həşimovun komandasının oyununa təsir göstərməyə bilməzdi.
Fasilədən sonra da ssenarı dəyişmədi. “Ağ-göylər” qələbəni rəsmiləşdirmək üçün aramsız hücumlar edir, qonaqlar isə müdafiəyə çəkilərək Sumqayıtdan heç olmasa, 1 xalla dönməyi planlaşdıraraq daha çox müdafiədən oynayır, əks-hücumlara bel bağlayırdılar. Ancaq 68-ci dəqiqədə sumqayıtlıların sevimlisi Xəyal Nəcəfov səhnəyə çıxdı. “97” nömrə cərimə meydançasının daxilində rəqibin üç müdafiəçisini Messisayağı aldadaraq, qapıçıdan uzaq küncü dəqiq nişan aldı. Bu yerdə onu da qeyd edək ki, Xəyalın qoldan əvvəlki driblinqini dəfələrlə izləməyə dəyər. 2 dəqiqə sonra Ramazanovun rəqibi bilərəkdən vurduğuna görə meydandan qovulması hesabda geri olan komandasına növbəti ağır zərbə oldu. 9 nəfərlə qalan qəsəbə təmsilçisinin sürətli, mübarizə əzmi ilə seçilən komandaya qol vuracağı o qədər inandırıcı görünmürdü ki, belə də oldu. Qalan dəqiqələrdə meydan sahibləri tempi aşağı salaraq, qələbə hesabını qoruya bildilər. Qazanılan 3 xal sayəsində “gənclik şəhəri”nin təmsilçisi 1 tur əvvəl əldən verdiyi 4-cü pilləni yenidən geri qaytardı.
RƏŞAD

Reaksiyalar
Zaur Həşımov: “Oyun göstərdi ki, Ayxan Abbasovun adı əbəs yerə millini çalışdırmağa namizədlər arasında göstərilməyib. Bu gün onun çalışdırdığı komanda bizdən üstün oyun sərgilədi. Əslində mən belə olacağını düşünürdüm. Çünki qış fasiləsindən sonra “Zirə” haqda o qədər yazırdılar, transferlərimizi o qədər qabardırdılar ki... Bizi indidən avrokuboklarda görürdülər. Bu məğlubiyyət yerinə düşdü. Çox göylərə qalxmaq lazım deyil. Əsas oyunlar bundan sonra olacaq. Futbola bu şəhərdə başlamışam, burda yaşamışam. Ancaq özünüz də bilirsiz ki, yalnız karyeramın sonunda, qısa müddətdə futbolçu kimi Sumqayıt təmsilçisinin şərəfini qorumuşam. Buna görə də baş məşqçi kimi Sumqayıta rəqib qismində gəlmək məndə xüsusi hisslər oyatmamışdı. Qırmızı vərəqələrə gəlincə, sözün düzü, komanda 9 nəfərlə qalandan sonra daha inamlı təsir bağışladı ki, bu da xoşuma gəldi. Meydanı erkən tərk edən futbolçularımızla bağlı ölçü götürüləcək, onlarla danışacam”.
Ayxan Abbasov: “Əlbəttə, matça yaxşı köklənmişdik. Fasilədən sonra doğma meydanda ilk oyunumuz idi. Futbolçularımıza 3 xal istədiyimizi demişdik. Onlarda oyun planında inkişafı görürük. Amma müəyyən çatışmazlıqlarımızın olduğunu bu qarşılaşmada da gördük. Xüsusən də qol imkanlarımızdan yararlana bilmirik. Rəqibin nəyə qadir olduğunu, heyətdə səviyyəli oyunçuların yer aldığını bilirdik və buna uyğun da tapşırıqlar vermişdik. Davit Volkovun sürəti hesabına belə keçidlərinin olduğunu bilirdik. Buna baxmayaraq, yenə onun qarşısını ala bilmədik və Davitin cinah reydindən sonra qapımızda qol gördük. Hər halda, qələbə qazanmağı bacardıq. Nəticədən əlavə, məni sevindirən yoxlama matçlarında sərgilədiyimiz oyunu çempionat qarşılaşmalarına daşımağımızdı. Nəticədən başqa nədən razı qaldım? Gənclərimiz də inkişaf edir. Elvin Cəfərquliyevlə Süleyman Əhmədovun oyunu xoşumuza gəlir. Bu gün Nəbi Məmmədova da premyer-liqada debüt imkanı yaratdıq. Bəli, o qədər də çox meydanda olmadı. Ancaq elitanın ab-havasını duydu. Ümumiyyətlə, “Sumqayıt” hazırda limitə düşən futbolçulara ən çox güvənən komandadı. İkinci qoldan sonra komandanın arxayınlaşmasına gəlincə, bu sırf nəticədən irəli gələn bir şey idi. Bu gün qələbəyə çox ehtiyacımız var idi".
Cavid Hüseynov: “Oyunun çətin keçəcəyi gözlənilən idi, "Sumqayıt"a qarşı oynayırdıq. Məqsədimiz qələbə qazanmaq idi. Təəssüf ki, alınmadı. Birinci qırmızı vərəqəyə kimi normal və sakit oyun gedirdi. Amma azlıqda qalmaq çox təsir edir. İstəmirdik ki, belə olsun. Meydanda iki yaxşı komanda var idi. Sadəcə, birini sındırmaq düzgün deyil. İlkinin epizodu gözümün qabağında idi. Həqiqəti demək lazımdı. Səhv etmirəmsə, Muradov Əmir Ağayevlə mübarizə aparırdı. Ağayev əllə oynasa da, hakim buna göz yumdu. Sözün düzü, gözləyirdim ki, referi fitini səsləndirib lehimizə qərar verəcək. Amma hər şey əksinə oldu, ikinci sarı və oyunçumuz qırmızı vərəqə aldı. Ağabala Ramazanovun epizodunda isə deyiləcək bir söz yoxdu. Əsəbləşdiyi üçün rəqib futbolçunu vurdu. Belə qarşılaşmada gərginliyin olması normaldı. Hər bir şey sənin əksinə gedir. Əsəbləşir və qıcıqlanırsan. “Sabah”la matçdan sonra hamı düşünürdü ki, "Zirə" gəlir. Bizi daha yuxarılarda görürdülər. Oyundan sonra baş məşqçi iki dəqiqə danışdı. Növbəti tur “Qarabağ”la üz-üzə gələcəyik. O matçı sabah və ya biri gün fikirləşərik. İndi çox yorulmuşuq. Dəhşət külək var idi. Özünüz də gördüz ki, topu öz meydanımızdan vururduq, geri qayıdırdı. Növbəti tur haqda yalnız onu deyə bilərəm ki, aşkar favorit "Qarabağ"dı".

Gözdən qaçmadı
* Havanın çox soyuq olması stadiona gələn azarkeşlərin də sayına təsir göstərmişdi. “Kapital Bank Arena”nın tribunalarında maksimum 300 tamaşaçı olduğu halda, nədənsə protokolda 800 azarkeş göstərilib. Əslində bu rəqəmə təəccüblənmək də lazım deyil. Belə ki, oyunun AFFA nümayəndəsi Məmmədəli Məmmədov matç başa çatandan sonra “Sumqayıt”ın təhlükəsizlik üzrə meneceri Elnur İbişova müraciət edərək “Elnur, nə qədər adam olardı” sualını verdi. 90 dəqiqə azarkeşi saymağa vaxt tapmayan AFFA nümayəndəsinin sonda protokolda tamaşaçı sayını artıq göstərməsi anlaşılandı. Ümumiyyətlə, həmin gün Məmmədəli bəyin özünü heç də rəsmi şəxs kimi aparmadığını da vurğulamalıyıq. Matçın 39-cu dəqiqəsində iki komandanın futbolçuları arasında qarşıdurma yarandı. Referi İlkin Muradovu meydandan qovsa da, sumqayıtlı azarkeşlər Cavid Hüseynovun da cəzalanmasını istəyirdi və buna görə tribunadan etirazlarını bildirirdilər. Oyunu meydanın kənarından, paltardəyişmə otağına apran yolda izləyən AFFA nümayəndəsi tribunaya boylanaraq əvvəlcə onların sakitləşməsini istədi. Fanatlardan biri dayanmadan etirazını bildirincə, Məmmədəli bəyin onu qeyri-etik ifadə ilə “meydanda hakim var. O hər şeyi görür. Sən ... içinə” deyib, azarkeşə irad bildirməsi də gözümüzdən yayınmadı.
* İlk hissənin əvvəlində topdaşıyan uşaqlardan biri laysman Nahid Əliyevə yaxınlaşaraq ona yeni “silah”, daha dəqiq desək, bayraq verdi.
* Matçın 39-cu dəqiqəsində meydanda ara qarışdı. Baş hakim “Zirə”dən İlkin Muradova ikinci sarı vərəqəni göstərib meydandan qovunca, kapitan Cavid Hüseynov referiyə kəskin formada etiraz etməyə başladı. Cavidin hərəkətlərini, etirazını xüsusi qeyd etmək lazımdı. Kapitan Orxan Məmmədovu sinəsi ilə itələyə-itələyə az qala meydanın mərkəzinə qədər apardı. Bu insidentdən sonra ara sakitləşsə də, bir neçə dəqiqədən sonra yenidən qarşıdurma yaşandı. Əmir Ağayev qonaqların ehtiyat oyunçular skamyasının qarşısında təhqirə məruz qaldı. Həmin an yenidən iki komandanın məşqçilər korpusu və oyunçuları bir-birinə “girdi”. Orda isə referi ŞafiqTiqrucaya “sarı” göstərməklə yadda qaldı.
* Hakim final fitini səsləndirdikdən sonra Ayxan Abbasov Aleksey İsayevə yaxınlaşaraq alnından öpməklə yadda qaldı.
* “Qartallar”ın yeni avtobusla təmin olunması da nəzərimizdən qaçmadı.
* Oyundan sonra jurnalistlər “Sumqayıt”a qələbə gətirən qolun müəllifi Xəyal Nəcəfovdan açıqlama almaq istədi. Ancaq Xəyal “danışmaq istəmirəm, sonra Ayxan müəllim deyər ki, bir qol vuran kimi artıq müsahibə də verirsən” söyləyib, diktofonlar qarşısına keçməkdən imtina etdi.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR