Sizin reklam burada

“Qarabağ” “Neftçi”nin yaxınlaşmasına imkan vermədi

Baxış Sayı:627


63. Qarabağ (Ağdam) – Neftçi (Bakı) 0:0
12. Şahruddin Məhəmmədəliyev – 5,5
5. Maksim Medvedev – 5,0
14. Rəşad Sadıqov (k) – 5,5
55. Bədavi Hüseynov - 5,0
3. Aylton – 5,5
2. Qara Qarayev – 5,5
8. Miçel – 5,0
17. Abdulla Zubir - 5,5
9. Xayme Romero – 5,5
(27. Kvabena Ovusu, 71) – 5,0
18. İsmayıl İbrahimli – 5,0
11. Mahir Əmrəli - 6,0
Ehtiyat oyunçular
13. Vaqner da Silva
94. Nicat Mehbalıyev
30. Abbas Hüseynov
7. Araz Abdullayev
19. Filip Ozobiç
99. Maqaye Geye
23. Faysal Rerras
21. Hacıağa Hacılı
66. Cavid Bayramov
24. Nihad Tamazov
71. Toral Bayramov
Baş məşqçi: Qurban Qurbanov
Komandanın ən yaxşısı: Mahir Əmrəli

30. Aqil Məmmədov – 5,5
77. Vild-Donald Gerye – 6,0
5. Anton Krivotsyuk – 5,0
3. Mamadu Mboc – 5,5
26. Ömər Buludov – 5,0
36. Mamadu Kane – 5,0
8. Emin Mahmudov (k) – 5,0
7. Namiq Ələsgərov – 5,5
10. Dario Frederiko – 4,5
(28. Stiven Jozef-Monroz, 65) – 4,5
88. Saman Nərimancahan – 5,5
(17. Rəhman Hacıyev, 90) – qiymətsiz
9. Baqali Dabo – 5,5
Ehtiyat oyunçular
1. Səlahət Ağayev
12. Kamran İbrahimov
18. Tural Axundov
22. Mirabdulla Abbasov
93. Soni Mustivar
11. Evangelos Platellas
55. İbrahim Əliyev
33. Turan Vəlizadə
80. İsmayıl Zülfüqarlı
40. Vüqar Həsənov
Baş məşqçi: Füzuli Məmmədov
Komandanın ən yaxşısı: Vild-Donald Gerye
Vərəqələr: X.Romero, 48 (hakimin qərarına etiraz). A.Silva, 81 (qeyri-idman hərəkəti). V-D.Gerye, 84 (oyun qaydalarının sistematik şəkildə pozulması) – sarı.
Hakimlər: RAUF CABBAROV, Namiq Hüseynov, Elşad Abdulla, Səbuhi Bayramov (hamısı Bakı).
Hakim-inspektor: İmanxan Sultani (Sumqayıt).
AFFA nümayəndəsi: Maşallah Əhmədov (Bakı).
8 fevral 2020. Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 3200 tamaşaçı (31200 yerlik).
Hər hissəyə 2 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
“Qarabağ” - “Neftçi” qarşılaşmasının afişası maraqlı səslənsə, cəlbedici görünsə də, oyuna azarkeş marağının yüksək olmayacağı əvvəlcədən bəlli idi. Həftəboyu hava proqnozlarından “həyəcan təbili çalınır”, kəskin soyuq və yağıntıların olacağı barədə xəbərdarlıqlar edilirdi. Görünür, bu xəbərdarlıqlar AFFA-nın binasına qədər gedib çatmamışdı. Əks halda PFL turun mərkəzi oyununu şənbə günü axşam saat 20.00-a təyin etməzdi. Onsuz da Azərbaycan çempionatının oyunlarının boş tribunaların önündə keçirilməsinə öyrəncəliyik. Mərkəzi qarşılaşmaya maraq göstərən neytral azarkeşlər soyuq havanı və oyunun gec başlamasını gözə alaraq, Respublika stadionunun yolunu tutmamışdılar. Bu səbəbdən də “Azərbaycan derbisi” adı verilən “Qarabağ” - “Neftçi” qarşılaşmasını 3-4 sektoru güclə dolduran fanklub üzvlərindən və idman jurnalistlərindən başqa heç kim stadiondan izləmirdi. Protokoldakı rəqəmlərə inansaq, tribunalarda 3200 nəfər olub ki, bu da stadionun tutumunun təxminən ondabiri deməkdi.
Soyuq hava təkcə azarkeşlərin işini çətinləşdirməmişdi. Media nümayəndələri, operatorlar da iliyə qədər işləyən küləyin, ikinci hissədə yağmağa başlayan yağış və sulu qarın “ağrısı”nı canlarında hiss edirdilər. Təsadüfi deyil ki, futbolçular da ağır görünür, sürətli hücumlar qurmağa həvəs göstərmirdilər. Top əsasən meydanın mərkəzində var-gəl edir, cərimə meydançasına qədər davam edən ötürmələr orda öz ünvanını çox nadir hallarda tapırdı. “Neftçi”nin ilk hücum cəhdi zamanı Dabonun Geryenin ötürdüyü topa yetişə bilməməsi də elə bunun göstəricisiydi. Az sonra Mahir sürətini artırıb, “Neftçi”nin cərimə meydançasına daxil olsa da, orda komanda yoldaşlarından heç kim onu gözləmirdi. Əlacsız qalan hücumçu topu “Neftçi”nin müdafiəçilərinə sürətlə vurdu ki, komandasına künc zərbəsi qazandırsın. Bayrağın yanından havalandırılan top isə Aqil Məmmədov üçün çətinlik törətmədi. Yeri gəlmişkən, “Neftçi”nin baş məşqçisi “çərçəvə”ni Səlahətə yox, Aqilə tapşırmaqla hamını təəccübləndirmişdi. Gənc çalışdırıcının Jozef-Monrozun əvəzinə ilk dəqiqələrdən Darioya güvənməsi də maraqlı addım idi. Təsadüfi deyil ki, oyuna hazır olmayan braziliyalı tez-tez səhvə yol verir, Məmmədovu özündən çıxarırdı. Çalışdırıcı ilk hissənin gedişində iki dəfə Jozef-Monrozu isinməyə göndərdi, yalnız 65-ci dəqiqədə gözlənilən əvəzləmə baş tutdu...
90 dəqiqə ərzində meydanda başverənlərdən dəftərçəmə qeyd etməyi lazım bildiklərimi ardıcıllığı ilə sizə təqdim edim ki, oyuna baxa bilməyənlər də yaşananlardan xəbər tutsun. “Neftçi” ilk dəfə 10-cu dəqiqədə böyük qüvvəylə irəli atılıb, xoşbəxtliyi rəqib qapısı önündə axtardı. Komanda yoldaşlarından ötürmə alan Nərimancahan oyundankənar vəziyyətdə idi. Maraqlıdı ki, yan xətt hakimi Elşad Abdullayev dərhal bayrağını havaya qaldırsa da, Rauf Cabbarov ona diqqət yetirmirdi və hakim “Neftçi”yə qapıya zərbə vurmağa belə imkan yaratdı. Yalnız top qapı xəttini tərk etdikdən sonra Cabbarov laysmana baxdı və oyundankənar vəziyyəti qeydə aldı. Oyun ərzində belə epizodlar dəfələrlə yaşandı ki, hakimlərin hazırlığının yetərli səviyyədə olmadığını düşünmək üçün əsaslar verir. Raufun 20-ci dəqiqədəki səhvi daha ciddi idi. Belə ki, Xayme sağ cinahdan mərkəzə doğru irəliləyib, topu cərimə meydançasındakı Zubirə ünvanladı. Ömər Buludovun başını gicəlləndirib, ondan sıyrılmağa çalışan Zubir müdafiəçinin bilavasitə ayağa müdaxiləsiylə yerdə qaldı. Epizod aşkar penalti olsa da, Cabbarov oyunu saxlamadı, dizləri üstündə oturan Zubir isə uzun müddət ona etirazını bildirdi. Buna qədər isə Romero Ayltona əla ötürmə vermiş, müdafiəçi də eyni gözəlliklə onu “çərçivə”yə yönəltmişdi. Lakin onun başla zərbəsindən sonra top dirəyə dəydi.
Hissənin sonlarına doğru Dabonun fərqlənmək üçün iki imkanı oldu. Bunların birincisində Rəşad Sadıqov onu qabaqlayaraq təhlükəni sovuşdurdu. İkinci epizodda isə Şahruddin mövqeyini vaxtında tərk edərək topu ayaqlarıyla uzaqlaşdırdı. 38-ci dəqiqədə hakim oyunu dayandırmalı oldu. Buna səbəb isə az əvvəl Miçellə toqquşan Geryenin burnundan qan gəlməsiydi. Haitili həkimlərin qısa müdaxiləsindən sonra meydana qayıtdı. Fasilə ərəfəsində “Qarabağ” daha bir fürsəti qaçırdı. Zubir Maksimin ötürməsini qəbul edəndən sonra onu özündə çox saxladı və müdafiəçilər yerlərini tutdular. 53-cü dəqiqədə Aqilin səhvi komandasına baha başa gələ bilərdi. Xaymenin uzun reydindən sonra topu tutan qapıçı onu əlində 15 saniyəyə yaxın saxlayıb, sağa-sola baxınca Cabbarovun “səbr kasası daşdı” və FİFA referisi cərimə meydançasında sərbəst zərbə təyin etdi. “Qarabağ” standart vəziyyəti heç də yaxşı yerinə yetirmədi. Düzü, “köhlən atlar”ın nə etmək istədiyi belə məlum olmadı. Rəşadın zəif zərbəsinin “hədəfi” müdafiəçilərin ayağı oldu. 10 dəqiqə sonra Mahir təkbətəkdən yararlana bilmədi. Onun qaçırdığı fürsəti Rəhmanın qazandığı şans unutdurdu. 72-ci dəqiqədə Dabo topa astaca toxunaraq onu qapının önündə yer alan Namiqə çatdırdı. Sadıqovdan sıyrılan “7 nömrə”nin zərbəsi Şahruddin üçün gözlənilməz olsa da, qapıçı son anda diziylə topun istiqamətini dəyişdirməyi bacardı ki, buna görə də azarkeşlərin alqışını qazandı. İki dəqiqə sonra Əmrəli “Səbail”lə oyundakı qəhrəmanlığını təkrarlayıb, dabanıyla qol vurmaq istədi. Amma bu dəfə hədəfə düşmək mümkün olmadı. Artıq heç kimdə oyunun qolsuz başa çatacağına şübhə qalmamışdı və görüşün bir an öncə bitməsini gözləyənlərin sayı yetərincə idi. Elə Rauf Cabbarov da bu duaları eşitdi. Təsadüfi deyil ki, əsas vaxta iki dəqiqə əlavə edən FİFA referisi bu müddət tamam olan kimi final fitini səsləndirdi.
AMAL

Gözdən qaçmadı
* Oyunun başlamasından öncə şiddətli külək Respublika stadionun tribunalarından “at oynadırdı”. Masaların üzərindəki protokolları, jurnalistlərin qeyd dəftərçələrini havaya sovuran rüzgar “CBC Sport”un nəzarətsiz qalan kameralarından birini də aşırdı. Yaxşı ki, kamera qoruyucu səddə ilişib, beton döşəməyə çırpılmadı. Yoxsa idman telekanalı ciddi xərcə düşəcəkdi. Özünü kameraya yetirən operator “çörək ağacının” qırılmadığını görüncə xeyli rahatladı və bir daha ordan ayrılmadı.
* Qarşılaşmanın seçkidən bir gün öncə keçirilməsi təhlükəsizliklə bağlı tədbirləri gücləndirmişdi. Girişdə polislər hər kəsin üst-başını axtarırdı. Stadionun perimetri boyunca isə daxili qoşunların əsgərləri “canlı sədd” qurmuşdular.
* Komandalar isinmə hərəkətləri etmək üçün meydana çıxan kimi Qurban Qurbanov qonaq komandaya tərəf gəldi. Kamran Quliyev və Füzili Məmmədovun əlini sıxan çalışdırıcını “Neftçi”nin prezidenti uzun müddət söhbətə tutdu. Əl-qol hərəkətləriylə ona nəsə izah etməyə çalışan Quliyevin söhbəti xeyli uzandı.
* Məşqçilər soyuq havada fərqli geyim dəstinə üstünlük vermişdilər. Qurban Qurbanov hazırlıqlı görünür, papaqlı gödəkçədə üşüyənə bənzəmirdi. Füzuli Məmmədov isə nazik plaşda və kostyumda o qədər də rahat deyildi. Hiss olunurdu ki, soyuq gənc çalışdırıcını üşüdür. Amma sonradan oyunun hərarəti Məmmədovun dadına çatdı.
* "Neftçi" fanatları start fitindən öncə "Aqil, "Neftçi"ni buraya gətir" çağırdılar. Qapıçı futbolçuları toplamağa çalışsa da, ona dəstək verən olmadı. Görünür, fanatların kapitan Emin Mahmudova yox, qapıçıya çağırış etməsi futbolçuların onların xoşuna gəlməmişdi.
* Oyun boyunca Mahir Əmrəli ilə Anton Krivotsyukun “ulduzu barışmadı”. İlk dəqiqələrdən Mahirə qarşı sərt oynayan “milliləşdirilmiş” müdafiəçi epizodların birində rəqibin müdaxiləsindən sonra yerdə qaldı. Ayağa qalxan kimi qisas haqda düşünən ukraynalı ilk imkandaca Mahirə qarşı sərt oyunla onu yerə sərdi ki, bu hərəkətə Rauf Cabbarovun reaksiyası şifahi xəbərdarlıq oldu.
* “İmarət”lə “Qarabağ Ordusu” ənənəvi yerlərindən dəstək göstərirdi. Sayı daha çox olan “Forza Neftçi”nin səsi qapıarxası tribunadan daha gur gəlirdi. İkinci hissədə yağış sulu qara çevrilərkən “İmarət”in üzvləri üst geyimlərini qurşağa qədər soyunub, havaya meydan oxumağa başladılar. Son dəqiqələrdə isə “Forza Neftçi” “Qarabağ”ın ünvanına ənənəvi söyüşlərdən istifadə etməklə gərginlik yaratdı.
* Mətbuat konfransında həmkarlarımızdan biri “Neftçi”nin baş məşqçisini onun qardaşıyla dəyişik salaraq, “Xaqani bəy” deyə müraciət edincə, hamının üzü güldü. Füzuli Məmmədov suala cavab verməzdən əvvəl onun səhvini düzəldərək, özünü təqdim etdi.

Reaksiyalar
Füzuli Məmmədov: “Qarabağ”ın gücündən danışmağa ehtiyac yoxdu. Komanda yaxşı futbolçulardan qurulub. Çox ciddi hazırlamışdıq, meydanda maksimum güc qoyaraq qalib gəlməyə çalışdıq. Azarkeşlərimiz bizdən həmişə qələbə gözləyir. “Forza Neftçi”nin yaranma gününü qələbəylə təbrik etməyi çox istəyirdik. Qarşıdakı oyunlarda bunu bacarmaq üçün daha səylə hazırlaşacağıq. Qapıdakı dəyişikliyə gəlincə, iki eynisəviyyəli qapıçımız var. Aqil Məmmədov toplanışda da özünü yaxşı göstərmişdi, ona orda da şans vermişdik. Bugünkü seçimimiz beləydi. Darionu taktiki gedişə uyğun meydana buraxmışdıq. Bəzən gecikirdi, göstərişlərimizdən sonra boşluqları bağlamağı bacardı. Mən deməzdim ki, Federiko qışda hazırlıq keçməyib. Bakıda yaxşı hazırlıq keçib, ona qədər isə daim əsas heyətdə oynayıb, təcrübəsi yetərincədi. Qol vurmaq üçün əzmkarlıq yetərincə idi. Namiqin qazandığı fürsətdə azca dəqiqlik çatmadı. Unutmayın ki, “Qarabağ”ın müdafiəsi də etibarlıdı. Bu futboldu, ümumi sözlərlə danışmaq istəmirəm. Mən də postumda yeniyəm. Hazırda uyğunlaşma dövrü keçirik. Gələcəkdə futbolçularımla daha yaxşı anlaşacağıq, onlar mənim nə istədiyimi biləcəklər. Qələbələr mütləq olacaq”.
Qurban Qurbanov: “Gərgin oyun oldu. Nüanslar fərqli idi. Hava şəraitinin də təsiri vardı. Hər iki komanda intizamlı oyun göstərdi. Hiss olunurdu ki, futbolçular ehtiyatlanır. Mənim üçün intizamlı oyun vacib idi. Texniki səhvlər olsa da, intizamı qoruduq. Hər bir futbolçumuz bunu dərk edir. Füzuliyə uğurlar arzulayıram. Açığı, çox sevindim ki, “Neftçi”nin baş məşqçisi oldu. Özünə qarşı tələbkardı, çalışqandı. Bu gün hər iki komanda bir xal qazandı. Ədalətli nəticə elə bərabərlik idi. Oyunun soyuq havada gec saatda keçirilməsinə gəlincə, PFL ilə aramızda hansısa razılaşma olmamışdı. Ümumiyyətlə, proqnozlara inanmıram, Allahın işidi. Havanın necə olmasını əvvəlcədən demək olmaz. Həmişə gec saatda oynamağın tərəfdarıyam. Belədə gün ərzində daha çox hazırlaşmaq imkanımız olur. Bəzən səhər məşqi də keçirik. Hava gündüz də soyuq idi, tərəfdarıyam ki, axşamlar oynayaq. İstənilən havada oynamağa hazırıq. Komandam hələ tam hazır deyil. Qış fasiləsindən sonra ritmə düşmək üçün bir az vaxt lazımdı. Bəzi oyunçular daha yaxşı hazır olur, başqaları bir qədər geri qalır. Belədə dinamika tam qaydasında olmur. Nəticəyə oynamağı hər bir halda düşünürük, futbolçular xarakter göstərir. Hər oyundan sonra 6-7 günlük fasilə olur. Bu da futbolçulara daha yaxşı istirahət və formaya düşmək imkanı verir”.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR