Yaşar Seyidov: “Köməyi nəyə əsasən istəmişik?”
Yanvarın 28-də “Bulvar otel”in isti divarları arasında baş tutan AFFA-nın Hesabat Konfransında bir çox maraqlı görüntülərə şahidlik etsək də, çempionatın ikinci yarısının başlaması üzündən sual doğuran məqamlara bir az gecikməklə toxunmağa məcburuq.
Hesabatda kifayət qədər anlaşılmaz və hara xərcləndiyi məlum olmayan rəqəmlər vardı. Onlardan biri veteran futbolçu, hazırda AFFA-nın İcraiyyə Komitəsində yer alan İsgəndər Cavadovla bağlıdı. Daha doğrusu, adını daşıyan akademiya ilə. Lap dəqiq deməli olsaq, 2019-cu ildə İsgəndər Cavadov Bakı Futbol Akademiyasına AFFA-dan 26550 manat vəsait ayrılıb.
Əlbəttə, uşaq futbol məktəbi üçün birillik heç də böyük məbləğ deyil. Məsələ başqadı. Bu gün adı çəkilən akademiya özəl statusa malikdi və ora gələn uşaqlar aylıq ödəniş edirlər. Həmin ödənişdən məşqçilərə maaş verilir, digər xərclər qarşılanır. Belədə 26550 manat kimə və ya nəyə xərclənib?
Vərəqin digər üzü. Deyək ki, AFFA 80-ci illərin ünlü simasının adını daşıyan akademiyaya hansısa məsələdə yardım əlini uzadıb. Hansısa məqamda çətinlik çəkiblər deyə, assosiasiyaya müraciət ediblər, ürəyiaçıq Elxan Məmmədov da “silahdaşı” olan Cavadova “yox” deyə bilməyib. Belədisə, növbəti sual çıxır: AFFA eyni münasibəti digər futbol məktəblərinə də göstərməyə hazırdımı? Məsələn, sabah “Məqsəd”, “Leon”, “Miras” kimi məktəblərin rəhbərləri futbol qurumuna əl açsalar, onların da ovcuna pul qoyan tapılacaq? Yoxsa bu səxavət ancaq Cavadovun akademiyası üçün nəzərdə tutulub?
Mövzu ilə bağlı AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla ilə danışmaq istəyirdik ki, yuxarıda göstərilən suallara cavab tapaq, məsələnin məğzini öyrənək. Əlaqə saxladıq, Firuz bəy ölkə xaricində olduğunu deyib, iki gündən sonra ətraflı izah verəcəyini bildirdi.
Belədə Yaşar Seyidova üz tutduq. Vaxtilə “Bakı”nın icraçı direktoru vəzifəsini daşıyan, hazırda İsgəndər Cavadov Bakı Futbol Akademiyasında vitse-prezident postunu tutan Seyidova. Yaşar bəy göstərilən rəqəmlə bağlı bunları dedi: “Bəli, bu məsələ ilə bağlı İsgəndər Cavadov Bakı Futbol Akademiyası olaraq AFFA-ya müraciət etmişik. Müəyyən çətinliklərimiz olduğundan, assosiasiyadan kömək istəmişik, qurum da akademiyaya yardım əlini uzadıb. Fürsətdən istifadə edib AFFA rəhbərliyinə təşəkkür etmək istəyirəm. Köməyi nəyə əsasən istəmişik? İcarə haqqına və təcili tibbi yardıma görə. Lakin məbləğin heç də hamısı bunun üçün ayrılmayıb. Bildiyiniz kimi, AFFA-nın Əsasnaməsində çempionatlarda iştirak edən 14 yaşa qədər komandalara nəqliyyat xərcləri nəzərdə tutulub. Yəni tək bizim akademiyaya yox, başqalarına da ayrılır. 26550 manatın heç də hamısı müraciət etdiyimizə görə ayrılmayıb. Dediyim kimi, müəyyən qismi Əsasnaməyə uyğun olaraq akademiyanın hesabına köçürülüb”.
Yaşar bəy dedi, biz də başa düşdük. Təbii ki, bizim də deyəcəklərimiz var, yəqin ki, başa düşərlər. Əvvəla, futbol veteranının adını daşıyan akademiya hər bir uşaqdan aylıq pul alır. Bu da xərclərin qarşılanması üçündü. Yox, qarşılamaq mümkün deyilsə, müəyyən çətinliklər ortaya çıxırsa, gecə-gündüz futbolun inkişafından danışan və imkanı kifayət qədər yaxşı olan Cavadovun öz cibindən pul çıxarması mümkündü. Çətinə düşəndə pulu AFFA verəcəksə, o zaman akademiyanın adının əvvəlinə “İsgəndər Cavadov” ad-soyadını pərçim etməyin nə mənası var? Bir adam öz adına akademiya açıbsa, zəhmət çəkib, şəxsi büdcəsindən vəsait ayırlmalıdı. Bir də ki, sabah digər futbol məktəbləri də AFFA-dan kömək istəsə, eyni münasibət onlara da göstəriləcəkmi? İnanan daşa dönsün!
HƏBİB