Sizin reklam burada

Futbolumuzun yetirməsi 50 yaşında dünyasını dəyişdi

Baxış Sayı:367

Futbolumuzun yetirməsi 50 yaşında dünyasını dəyişdi
Bu gün Mayorovla vida mərasimi təşkil olunacaq
Milli komandamızın sabiq üzvü Lev Mayorov 50 yaşında dünyasını dəyişib. Bu haqda onun futbol həyatının böyük hissəsinin bağlı olduğu Novorossiysk "Çernomorets"inin mətbuat xidməti məlumat yayıb. Azərbaycan futbol məktəbinin yetirməsi olan Mayorov 13 il "Çernomorets"də çıxış edib. O, bu komandanın (1992-2005-ci illərdə 417 oyun, 37 qol) rəmzlərindən biri olub. 1969-cu il oktyabrın 13-də Bakıda dünyaya göz açan Lev futbolun sirlərini öyrəndiyi "Neftçi"də də peşəkar çıxışına başlayıb. Ardından "Bakılı" və "Kəpəz"də forma geyib. Ötən əsrin 90-cı illərinin əvvəllərində Rusiyaya köçən Mayorov Novorossiysk klubundan öncə 2 mövsüm “Kuban”ın şərəfini qoruyub. O, ölkəmizin əsas yığmasında 2 oyun keçirib.
"Çernomorets"in rəsmi saytında yer alan xəbərə görə, bu gün, yerli vaxtla saat 11.00-da “Mərkəzi” stadionda Mayorovla vida mərasimi təşkil olunacaq. Mərhumun cənazəsi “Şimal” tribunasında yerləşdiriləcək. O yerə ki, Lev dəfələrlə avtobusla komandası ilə ora gəlir, paltardəyişmə otaxına daxil olur, sonra da meydana çıxırdı...
Veteranlar İttifaqının vitse-prezidenti Rüstəm Rəhimov mərhumla bağlı bunları dedi: “Lev Mayorov futbola “Neftçi”nin hazırlıq qrupunda başlayıb. Evləri Razində, indiki Bakıxanov qəsəbəsində idi. İlk məşqçisi Tahir Əmiraslanov olub. Mayorovun da çıxış etdiyi komanda SSRİ dönəmində yeniyetmələr arasında ittifaq çempionu olmuşdu. Tərlan Əhmədov, Elşad Əhmədov da Levlə birgə həmin kollektivdə yer alıblar. Bir müddət “Neftçi”nin əvəzedici heyətində çıxış etsə də, əsas komandaya düşmədiyindən Rusiyaya yollandı. Veteran futbolçunun karyerasının ən parlaq dövrü “Çernomorets”lə bağlıdı. Novorossiyskdə azarkeşlər onu klubun rəmzi kimi qəbul edirdilər. 14 il bir komandanın şərəfini qorumaq heç də az iş deyil. Karyerasını başa vurduqdan sonra da kluba xidmət edirdi. 3 il əsas komandanın baş məşqçisi olub. Rusiyaya yollandıqdan sonra Bakıya gəlməsə də, həmişə Tahir müəllimlə əlaqə saxlayırdı, bayramlarda təbrik edirdi”.
Sonda onu da bildirək ki, klub saytında Levin “Çernomorets”in ən sevimli futbolçusu olduğu , Bakıya səfər etmək niyyətinin olması haqda da qeyd var. Ancaq doğma vətənə səfər etmək ona qismət olmadı…
Allah rəhmət eləsin.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR