U-21 yığmamızın üzvü Fərid Nəbiyevin qış fasiləsində keçdiyi Çexiya "Viktoriya”sı yoldaşlıq görüşü keçirib. Jijkov təmsilçisi yerli "Varnsdorf"u 2:1 hesabı ilə məğlub edib. Fərid ikinci hissədə meydana çıxıb və hətta kapitan sarğısını da daşıyıb.
Küveyt premyer-liqasında 12-ci turun oyunları keçirilib. Kamal Mirzəyevin çıxış etdiyi "Əl-Salmiyə" dogma meydanda "Kazma"ya 1:2 hesabıyla uduzub. Kamal 90 dəqiqə meydanda olub. "Əl-Salmiyə" 20 xalla 10 komanda arasında dördüncüdü.
Birləşmiş Ərəb Əmirliklərinin çempionatında 15-ci turun oyunları keçirilib. Yığmamızın yarımmüdafiəçisi Riçard Almeydanın formasını geydiyi “Baniyas” da növbəti matçına çıxıb. Sözügedən komanda doğma meydanda “Əl Dafra”ya qalib gəlib – 1:0. Start heyətində meydana çıxan Almeyda sona qədər oynayıb. “Baniyas” 20 xalla 14 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.
Eddi İsrafilovun formasını geydiyi "Albasete" sequndada növbəti oyununa çıxıb. Adı çəkilən komanda 26-cı turda "Ovyedo"nun qonağı olub. Eddi meydan sahiblərinin 3:1 hesablı qələbə qazandığı oyuna 62-ci dəqiqədə qoşulub. Təhlükəli zonaya - 19-cu pilləyə geriləyən “Albasete"nin hesabında 28 xal var.
“Ertsgebirge”də çıxış edən Dmitri Nazarov ikinci bundesliqanın 20-ci turu çərçivəsində evdə “Arminiya”ya (0:0) qarşı keçirilən oyundan sonra fikirlərini bölüşüb: “Ötən tur uduzandan sonra bu oyunda fərqli çıxış etməliydik. Fikrimcə, pis mübarizə aparmadıq. Rəqib hazırda liderdi. Lakin pis oyun keçirmədik. Qalib gəlmək üçün şanslarımız da oldu. Ötən turdakı məğlubiyyətin ardından özümüzə gəlməliydik. Bu gün qazanılan 1 xal heç də pis deyil. Məncə, faciəvi heç nə yoxdu. Qarşıda hələ kifayət qədər oyun var. Fikrimcə, daha yaxşı nəticələr qazanacağıq”.
“Ertsgebirge” 20 turdan sonra 30 xalla 6-cı pillədə qərarlaşıb.