Sizin reklam burada

“Zirə”ni Qadze ilə Ramazanov sevindirdi

Baxış Sayı:611


57. Zirə – Sabah (Bakı) 2:0 (1:0)
1. Orxan Sadıqlı – 5,0
4. Elvin Camalov – 5,0
27. Adrian Skarlatake – 5,0
6. Alvaro Ampuero – 5,0
3. Ali Sisey – 5,5
55. Rauf Hüseynli – 5,5
18. Corc Anton – 5,0
(8. İlkin Muradov, 63) – 5,0
7. Cavid Hüseynov (k) – 5,0
10. Ağabala Ramazanov – 6,0
11. Davit Volkov – 5,5
43. Riçard Qadze – 5,5
(23. Mfo Kqasvane, 88) – qiymətsiz
Ehtiyat oyunçular
28. Boyan Zoqoviç
62. Abdulla Seyidəhmədov
88. Tellur Mütəllimov
33. Yovan Krneta
48. Şafik Tiqruca
25. Miloş Bakraç
20. Əli Şirinov
70. Nicat Süleymanov
77. Cəlal Hüseynov
Baş məşqçi: Zaur Həşimov
Komandanın ən yaxşısı: Ağabala Ramazanov
1. Saşa Stamenkoviç – 5,5
27. Məqsəd İsayev – 4,5
19. Təmkin Xəlilzadə - 5,0
4. Bəhlul Mustafazadə - 5,0
30. Mario Marina – 4,5
11. Şakir Seyidov – 5,0
13. Filip İvanoviç – 4,0
32. Rəşad Eyyubov (k) – 4,5
(20. Yevgeni Koçuk, 46) – 4,5
77. Cavid Tağıyev – 4,5
(10. Cavid İmamverdiyev, 46) – 4,5
23. Amadu Diallo – 4,5
9. Marko Deviç – 4,0
(18. Xulio Sezar Rodriges, 63) – qiymətsiz
Ehtiyat oyunçular
71. Dmitro Bezruk
5. Kərim Diniyev
6. Vadim Abdullayev
7. Coşqun Diniyev
17. Məhəmməd Mirzəbəyov
26. Ozan Can Kökcü
97. Emil Qasımov
2. Elçin Mustafayev
38. Arsen Ağcabəyov
Baş məşqçi: Jelko Sopiç
Komandanın ən yaxşısı: Saşa Stamenkoviç
Qollar: A.Ramazanov, 45+1 (1:0, R.Qadze), R.Qadze, 78 (2:0).
Vərəqələr: A.Ampuero, 15 (qeyri-idman hərəkəti). E.Camalov, 37 (qeyri-idman hərəkəti). İ.Muradov, 71 (qeyri-idman hərəkəti). B.Mustafazadə, 83 (hakimin qərarına etiraz) – sarı.
Hakimlər: ELÇİN MƏSİYEV, Elşad Abdullayev, Qəzənfər Məmmədov (hamısı Bakı), Rəşad Əhmədov (Mingəçevir).
Hakim-inspektor: Ramil Diniyev (Bakı).
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev (Bakı).
1 fevral. Zirə. İdman Kompleksinin stadionu. 400 tamaşaçı (1500 yerlik).
Birinci hissəyə 2, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
54 günlük həsrət Zirə qəsəbəsindəki Olimpiya Kompleksinin stadionunda bitdi. Bu arenada keçirilən “Zirə” – “Sabah” qarşılaşmasıyla 15-ci tur start götürürdü. Zaur Həşimov qış fasiləsində komandasını yetərincə gücləndirməyi bacarmışdı. “Qəbələ”də özünü yaxşı tərəfdən göstərən Davit Volkov onun sərəncamındaydı. Təkcə “Səbail”in yox, Azərbaycan futbolunun ən yaxşılarından olan Ağabala Ramazanov da “Zirə”nin gücünə güc qatmalıydı. Jelko Sopiçin çalışdırdığı “Sabah” isə fasilədə toparlanıb-toparlanmadığını, xorvatiyalı mütəxəssisin oyun fəsləfəsini necə mənimsədiyini məhz bu görüşdə göstərməliydi.
Gənc Elçin Məsiyevin fitiylə start götürən oyun ilk dəqiqələrdən güclü külək və fevral ayı üçün xarakterik olan soyuq havanın da təsiri ilə sönük təsir bağışlayırdı. İlk hissədə küləyə qarşı oynayan “Sabah” meydan sahiblərinin həmlələrini mərkəzdə qarşılamağı bacarırdı. 6-cı dəqiqədə Qadze müdafiəçilərdən sıyrılmağı bacarıb, Stamenkoviçlə üz-üzə qalsa da, yan xətt hakiminin bayrağı oyundankənar vəziyyətə işarə verdi. “Sabah”ın futbolçuları hər nə qədər rəqiblə başabaş mübarizə aparmağa, diqqətli oynamağa çalışsa da, “Zirə” daha üstün görünür, topu özündə daha çox saxlayırdı. 10-cu dəqiqədə Filip İvanoviçin “Zirə”nin qapı torunu silkələməsi də oyunun məntiqi axarına uyğun deyildi. Həmin epizodda top qapı xəttini keçsə də, hakimlərin yekdil qərarıyla qol qeydə alınmadı. Səbəb isə serbiyalı müdafiəçinin ötürməni qəbul edərkən oyundankənar vəziyyətdə olmasıydı. Bu yerdə qeyd edək ki, Elçin Məsiyev hər xırda epizoda reaksiya göstərir, oyunu saxlayırdı. Belədə onsuz da sürəti yüksək olmayan oyunun tempi daha da aşağı düşürdü. Hadisələrin belə cərəyan etməsi “Sabah”ın işinə yarayırdı. “Zirə” ilə yanaşı, küləklə də mübarizə aparan qonaqlar tempin yüksəlməməsindən narazı deyildi. Əvəzində zirəlilər daha da tələsir, hesabı açmaq üçün irəli atılırdılar. Tələskənlik isə oyun intizamının pozulmasına səbəb olurdu. 20-ci dəqiqədə Ağabalaya qarşı kobudluğa görə cərimə zərbəsi təyin olundu. Bu zərbədən sonra top Corcun önünə düşdü. “18 nömrə” yaxın məsafədən “çərçivə”ni yaxşı nişan alsa da, Stamenkoviç yerində idi. Hissənin ortalarına doğru oyunun sürəti daha da azaldı. Bu da ondan irəli gəlirdi ki, “Zirə”nin futbolçuları tələsməklə heç nəyə nail olmayacaqlarını anlayıb, daha intizamlı oynamağa çalışırdılar. Artıq ötürmələr daha dəqiq verilir, heç kim topu ayağından çıxarmaq üçün tələsmirdi. Hiss olunurdu ki, yeni transferlər “Zirə”nin oyun sisteminə tam uyğunlaşmayıb, komanda yoldaşlarıyla anlaşmağa çətinlik çəkirlər.
Yarım saatın tamamında “Sabah” hesabı açmaq üçün yaxşı fürsət qazandı. Komandanın köhnə-yeni hücumçusu Deviç qapıçıyla üzbəüz qalsa da, hədəfə düşə bilmədi. Top qapının üstündən “uçdu”. Müdafiəçilərin belə diqqətsiz oyunu, rəqib hücumçunu nəzarətsiz buraxması Zaur Həşimovu da qəzəbləndirdi. Təsadüfi deyil ki, məhz həmin epizoddan sonra çalışdırıcı oturduğu yeri tərk edib, yüksək səslə yetirmələrinə səslənməyə başladı. Bununla belə, növbəti təhlükə də Orxan Sadıqlının qoruduğu qapının qarşısında yaşandı. Amma bu dəfə Amadu Diallo qeyri-dəqiq oynadı. 35-ci dəqiqədə ən fəallardan olan Şakir Seyidov zədələnərək yerdə qaldı. Bu da Sopiçi xeyli həyəcanlandırdı. Çünki Şakir limitin tələblərinə cavab verən yerli futbolçudu. Onun əvəzlənməsi üçün də meydana gənclərdən kimisə buraxmaq lazım gələcəkdi. Yaxşı ki, həkimlərin müdaxiləsindən sonra Seyidov oyuna davam edə bildi. Hissə sona yaxşınlaşdıqca “Zirə” daha da tələsir, futbolçular tez-tez kobudluğa əl atırdılar. Sözsüz ki, bunun da səbəbi meydan sahiblərinin fasiləyə üstün yollanmaq istəyi idi. Epizodların birində Elçin Məsiyevin fiti “Zirə”nin kəskin əks-hücumunu yarımçıq saxladı ki, bu da meydan sahiblərini xeyli qəzəbləndirdi. Bununla belə, “Zirə” tezliklə arzusuna çatdı. Qadze Volkovun əla ötürməsini bir toxunuşla Ağabalanın önünə atdı. Müdafiəçilərin nəzarətsiz buraxdığı hücumçu “Zirə”dəki debütünü qolla qeyd etdi. Məhsuldar ötürməni Qadze versə də, topun “Sabah”ın cərimə meydançasına qədər gəlib çıxmasında Hüseynovla Volkovun böyük zəhməti vardı.
Sopiçin oyunun axarından narazı olduğu məlum idi. Xorvatiyalı çalışdırıcı fasilədə iki əvəzetməyə birdən qərar vermişdi. “Zirə” isə rahat görünür, birinci hissədəki kimi tələsik oynamırdı. Bu da öz növbəsində oyunun “ip”ini əldə saxlamağa kömək edirdi. 56-cı dəqiqədə Qadze hesabı 2:0-a çatdırmağa borclu idi. Qanalı hücumçu hər şeyi düzgün edib, Stamenkoviçlə təkbətək çıxsa da, zərbə vurmağa macal tapmadı. İricüsəlli Saşa vaxtında irəli çıxıb, rəqibini qarşıladı. Bu epizodda Ağabala komanda yoldaşına əla ötürmə vermişdi. 6 dəqiqə sonra Qadze daha bir fürsəti qaçırdı. Bu dəfə ona qapıçı yox, müdafiəçilər sevinməyə imkan vermədi. “Sabah” isə ardıcıl iki dəfə küncdən zərbələrdən yararlana bilmədi. 72-ci dəqiqədə Stamenkoviç Volkovun sevinməsinə əngəl oldu. Serbiyalı qapıçı bu dəfə də ayaqlarını işə salaraq, təhlükəni vaxtında uzaqlaşdırdı. 78-ci dəqiqədə isə Stamenkoviç də çarəsiz idi. Qadze meydanın dərinliklərindən gələn ötürmə zamanı kobud səhvə yol verən İvanoviçi də geridə qoyaraq qarşısıalınmaz zərbə vurdu. İkinci qoldan sonra “Sabah” bir qədər fəallaşmışdı. Amma “qatar artıq getmiş”, qonaqların xal ümidlərini də özüylə aparmışdı. Bu, “Sabah” üçün premyer-liqada ardıcıl 3-cü məğlubiyyət oldu.
AMAL

Reaksiyalar
Jelko Sopiç: “Birinci hissədə oyuna nəzarət edirdik. Sadəcə, “Neftçi” ilə matçdakı kimi son dəqiqələrdə qol buraxdıq. “Zirə” yaxşı komandadı. Hücumda sürətli futbolçuları var. Bu rəqibə qarşı oynamaq asan deyildi. Fasilədən sonra hücuma atıldıq. Bu isə rəqibin sürətli futbolçuları üçün boşluqlar yaranmasına səbəb oldu”.
Zaur Həşimov: “Qış fasiləsində müəyyən qədər transferlər etdik. Bu gün 5 yeni futbolçumuz meydanda idi. Oyunumuzun daha da yaxşılaşması üçün vaxt lazımdı. Nəticə də bizi qane etdi. Əsas odu ki, 3 xal qazandıq. Şafik Tiqrucanın meydanda olmaması rəqabətlə bağlı deyildi. Rəqibin orta xəttdəki oyununa görə belə qərar qəbul etmişdik ki, müdafiəyəmeyilli futbolçularımız daha çox olsun. Hər görüşdə qələbə qazanmağı qarşımıza məqsəd qoymuşuq. Hələlik avrokuboklar barədə düşünmürük”.

Gözdən qaçmadı
* Fevralın ilk günü əsl “kiçik çilə”yə uyğun havayla yadda qaldı. Zirə qəsəbəsində də temperatur yetərincə aşağı, külək isə xeyli güclü idi. Soyuq hava tribunalardakı azarkeş sayına da ciddi təsir göstərmişdi. Ehtiyat oyunçular skamyasında yer alanlar isə gödəkçə-papaqlardan savayı xüsusi yorğanlarla isinməyə çalışırdılar. Əlverişsiz hava “CBC Sport”un şərhçisi Gündüz Abbaszadəyə də çətin anlar yaşadırdı.
* Hakimin bəzi qərararları meydan sahiblərinin ürəyincə olmurdu. Xüsusilə də ilk hissənin ortalarında “Zirə” hakimin oyunu tez-tez saxlamasından narazı idi. 41-ci dəqiqədə “Zirə”nin kəskin əks-hücumu da Məsiyevin fit səsləndirməsinə görə yarıda kəsildi. Bu isə qapı qarşısında ötürmə gözləyən Ağabalanın xoşuna gəlmədi. Hücumçu uzun məsafə qət edərək hakimə tərəf qaçdı və ona uca səslə etiraz etməyə başladı. Onun bu davranışı da başadüşülən idi. Yeni komandasında debüt edən Ramazanov qol hesabını açmaq üçün alışıb-yanırdı və arzusuna cəmi 4 dəqiqə sonra çatdı.
* Qadze İvanoviçdən sıyrılıb, hesabı 2:0-a çatdırdıqdan sonra rəqibinin könlünü almağa çalışdı. Üzüntülü olduğu görünən serbiyalı müdafiəçi onun bu jestini sözün hər iki mənasında geri çevirdi.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR