“Onun təbliğat üçün lövhələrə yapışdırılan şəkilləri cırılır, seçki qərargahına təzyiq olur”
Bildiyiniz kimi, fevralın 9-da ölkəmizdə növbədənkənar parlament seçkisi keçiriləcək. Bu üzdən hazırda qızğın təbliğat-təşviqat kampaniyası gedir. Namizədlər sırasında şahmat üzrə üçqat Avropa çempionu Rauf Məmmədovun anası Lətifə Əliyeva da var. O, Biləsuvar rayonu, 66 saylı seçki dairəsindən namizədliyini irəli surub. Lətifə xanım ölkənin tanınmış hüquqşünaslarından sayılır. Amma deyəsən, müəyyən problemlərlə üzləşib. Hər halda, Raufun şəxsi sosial hesabından ölkə rəhbərliyinə müraciətindən belə qənaətə gəlmək olar: “Möhtərəm Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva! Bu gün sizə müraciət etnəyimin məqsədi 09.02.2020-ci il tarixində keciriləcək demokratik seçki ilə əlaqədardı. Bildirmək istəyirəm ki, anam Əliyeva Lətifə Oruc qızı 66 saylı Biləsuvar seçki dairəsindən namizədliyini irəli sürüb. Anamın min bir zəhmətlə keçirdiyi təbliğat və təşviqatına bütün vasitələrlə mane olunur. Onun təbliğat üçün lövhələrə yapışdırılan şəkilləri cırılır, seçki qərargahına təzyiqlər olur. İllər öncə, hələ mənim 9 yaşım olanda Ümummilli lider Heydər Əliyev şahmatçıları qəbul edərkən bizimlə fəxr etdiyini və bu uşaqların valideyinlərinə hər cür şərait yaradılmasını tövsiyə etmişdi. Lakin bu gün bəzi qüvvələr sizin demokratik islahatlarınıza kölgə salmağa çalışırlar. Möhtərəm Prezident və vitse-prezident, bilsəydim ki, bu gün orda olan namizədlərdən hansısa biri anamdan daha çox bu millətə və dövlətə xeyir verəcək, mən anamdan namizədliyini geri götürməsini xahiş edərdim. Özümü xoşbəxt hesab edirəm ki, sizin rəhbərlik etdiyiniz azad və firəvan bir ölkənin vətəndaşıyam. Seçki marafonu başlayan gündən oyunlarda olmuşam. 10 günlük Bakıya gəlsəm də, anam bu seçki təbliğatını buraxaraq məni görməyə belə gəlməyib. Cünki sizin siyasi kursunuza, demokratik seçkiyə “xalqın etimadını qazanan şəxslər seviləcək” sözlərinizə inanır və təbliğatını keçirməkdə davam edir. Anam üçun dövlətin və millətin mənafeyi həmişə hər şeydən və hər kəsdən öndə olub. Azərbaycanın gənc vətəndaşı və beynəlxalq qrossmeyster olaraq bu seçkilərin demokratik keçirilməsinə və hansısa qüvvənin bu seçkiyə kölgə salmamasına imkan verilməyəcəyinə inanıram. Möhtərəm Prezident İlham Əliyev və vitse-prezidentimiz Mehriban xanım Əliyeva, sizlərə keçirdiyiniz uğurlu islahatlara görə böyük minnətdarliğımı bildirirəm”.