Sizin reklam burada

Heç kimə sərf etməyən “sülh”

Baxış Sayı:598


58. Neftçi (Bakı) – Sumqayıt 1:1 (0:1)
1. Səlahət Ağayev – 4,5
77. Vild-Donald Gerye - 4,5
6. Voislav Stankoviç – 4,0
5. Anton Krivotsyuk – 4,0
26. Ömər Buludov – 4,0
8. Emin Mahmudov (k) – 4,0
(17. Rəhman Hacıyev, 68) – 4,0
93. Soni Mustivar – 4,5
7. Namiq Ələsgərov – 5,0
11. Evangelos Platellas – 4,0
(3. Mamadu Mboc, 45+2) – 4,0
88. Saman Nəriman Cahan – 4,5
28. Stiven Jozef-Monroz – 4,0
(9. Baqali Dabo, 58) – 4,5
Ehtiyat oyunçular
30. Aqil Məmmədov
12. Kamran İbrahimov
18. Tural Axundov
10. Dario Frederiko
36. Mamadu Kane
55. İbrahim Əliyev
33. Turan Vəlizadə
80. İsmayıl Zülfüqarlı
Baş məşqçi: Füzuli Məmmədov
Komandanın ən yaxşısı: Namiq Ələsgərov

1. Mehdi Cənnətov – 6,0
44. Elvin Cəfərquliyev – 5,5
3. Vurğun Hüseynov (k) – 5,5
5. Camaləddin Xocaniyazov – 5,5
22. Sərtan Taşqın – 5,0
18. Süleyman Əhmədov – 5,5
97. Xəyal Nəcəfov – 5,5
(28. Səbuhi Abdullazadə, 87) – qiymətsiz
46. Aleksey İsayev – 5,5
90. Rəhim Sadıxov – 5,5
(8. Peyman Babayi, 80) – qiymətsiz
10. Əmir Ağayev – 5,5
70. Mehdi Şərifi – 5,0
(9. Amil Yunanov, 72) – 4,5
Ehtiyat oyunçular
13. Aydın Bayramov
33. Ələkbər Ağayev
2. Rail Məlikov
14. Elvin Bədəlov
50. İlqar Qurbanov
20. Rüfət Abdullazadə
30. Nəbi Məmmədov
88. Cavid Quliyev
Baş məşqçi: Ayxan Abbsov
Komandanın ən yaxşısı: Mehdi Cənnətov
Qollar: R.Sadıxov, 43 (0:1). B.Dabo, 72 (1:1, S.Nəriman Cahan).
Vərəqələr: S.Jozef-Monroz, 12 (qeyri-idman hərəkəti). S.Nəriman Cahan, 30 (qeyri-idman hərəkəti). A.Krivotsyuk, 65 (qeyri-idman hərəkəti) – sarı. V.Stankoviç, 41 (rəqibi aşkar qol imkanından məhrum etmək) – qırmızı.
Hakimlər: KAMAL UMUDLU, Mübariz Haşımov, Cavanşir Yusifov, Namiq Bəkirov (hamısı Bakı).
Hakim-inspektor: Fariz Yusifov (Bakı).
AFFA nümayəndəsi: Ramiz Mustafayev (Bakı).
1 fevral. Bakı. Bakcell Arena. 850 tamaşaçı (10260 yerlik).
Birinci hissəyə 3, ikinci hissəyə 5 dəqiqə əlavcə olunub.
Oyunun qiyməti: 5,5.
Qış fasiləsindən sonra komandaların necə təsir bağışlayacağı, kimin mövsümün ikinci yarısına daha yaxşı hazırlaşdığı maraqla gözlənilirdi. Bəribaşdan qeyd edək ki, “Neftçi” ümidləri doğrultmadı. Çempionluğa iddialı komandanın belə matçlarda xal itirməyə haqqı yoxdu. Meydan sahibləri oyuna çox fəal başladı. 6-cı dəqiqədə Jozef-Monroz ideal ara ötürməsiylə Platellası Mehdi ilə təkbətək çıxarsa da, ikinci vaxtında irəli çıxıb ayaqları ilə təhlükəni sovuşdurdu. 3 dəqiqə sonra isə Stiven özü real qol şansını qaçırmaqla “Neftçi” azarkeşlərini məyus etdi. Onun zərbəsindən sonra top dirəyi yalayıb çölə çıxdı. İlk 10 dəqiqədə iki təhlükəli vəziyyət yaradan komandanın “kimyaçılar”ı birnəfəsə keçəcəyini düşünmək olardı. Lakin sən demə, Füzuli bəyin yetirmələrinin biratımlıq barıtı var imiş. Qonaqların ilk hücumu 19-cü dəqiqəyə təsadüf etdi. Geryedən sıyrılan Əhmədov cərimə meydançasına şığıyan Sadıxovu “görsə”də, Rəhimin zərbəsindən sonra top qapıdan cüzi fərqlə aralı keçdi. 36-cı dəqiqədə Cəfərquliyevin iti bucaq altında vurduğu zərbə də yaddaqalan oldu. Bu dəqiqələrdə üstünlük qonaqların tərəfində idi. “Ağ-qaralar”dan fərqli “kimyaçılar” daha hərəkətli olmaqla yanaşı, kəsərli hücumlar qurmaqla yadda qalırdı. Meydan sahibləri isə çox ağır görünürdü. “Ağ-qaralar” sanki ağır fiziki məşqdən sonra meydana çıxmışdı. 41-ci dəqiqədə isə Stankoviç komandasını azlıqda qoydu. Xocaniyazovun uzun ötürməsindən sonra Mehdi mövqe səhvinə yol verənVoislavdan sıyrılıb qaçmaq istəyərkən müdafiəçi onu dartıb saxladı ki, hakim də haqlı olaraq serbiyalını “sonuncu ümid folu”na görə meydandan qovdu. Bu azmış kimi, həmin epizoda görə təyin olunan cərimə zərbəsi də qolla nəticələndi. Sadıxovun o qədər də güclü olmayan zərbəsini mövqe səhvinə yol verən Səlahət ancaq baxışlarıyla müşayiət etdi. İlk yarının son saniyələrində Stiven “status-kvo”nu bərpa edə bilərdi. Ancaq Mehdi bu dəfə də onun sevinməsinə imkan vermədi.
İkinci yarıda da eyni ssenari təkrarlandı. Qonaqlar rəngarəng hücumlarla “Neftçi”nin müdafiəçilərinin başını fırladırdılar. 1 saatın tamamında Şərifi İsayevin mükəmməl ötürməsini dəyərləndirə bilmədi. Səlahət inamlı oynayaraq topu Mehdinin ayağından “oğurladı”. 71-ci dəqiqədə isə oyunun axarına uyğun olmasa da, “ağ-qaralar” hesabı bərabərləşdirməyi bacardı. Nəriman Cahanın ötürməsindən sonra ikinci yarıda meydana çıxan Dabo adını tabloya yazdırdı. Ancaq onu da qeyd edək ki, Baqali fərqləndiyi an oyundankənar vəziyyətdə idi.
Matçın son 20 dəqiqəsi sumqayıtlıların tam üstünlüyü şəraitində keçdi. Təkcə Əmir azı 3 dəfə fərqi artıra bilərdi. Ancaq onun zərbələrində dəqiqlik çatmadı. Bir epizodda dirək, birində isə Mboc topu boş qapıdan çıxarmaqla qonaqların sevinməsinə imkan vermədi.
RƏŞAD

Reaksiyalar
Ayxan Abbasov: “Qış fasiləsindən sonra ilk oyun çətin olur. Birinci hissədə istədiyimiz qolu vurduq. Rəqib azlıqda idi. Amma qorxduğumuz başımıza gəldi. Rəqib əks-hücumdan oynayırdı. Ələ düşən imkanlardan yararlana bilmədik. Bu gün 2 xal itirdik. Rəqibin fərqləndiyi an ofsaydın olub-olmadığını siz daha yaxşı görə bilərdiz. Ümid edirəm ki, həftəiçi telekanallardakı müzakirələrdə bu məqama xüsusi diqqət ayrılacaq. İkinci yarıda 4-5 qol imkanımız oldu. Oyun qura bilməsəydik, onları yaratmazdıq. Rəqib azlıqda qalandan sonra motivasiyası, döyüşkənliyi artdı. "Neftçi"nin heyətində təcrübəli, usta futbolçular var. Bizdə bu gün son nöqtəni qoymaq çatmadı.Hər bir məşqçi istəyər ki, geniş heyəti olsun. Gənclərimiz var, hansı ki, Antalyada onlara şans verdik. Avrokuboka vəsiqə qazansaq, daha yaxşı olar. Alınmasa da, faciə sayılmayacaq. Milli hamımız üçün şərəfdi. Məni ora namizəd sayırlarsa, qürurvericidi. Qısa zamanda o siyahıda yer almaq şərəfdi. Amma indi "Sumqayıt"dayam. Nə vaxt kömək lazım olsa, heç bir təmənna güdmədən hazıram. “Zirə” ilə prinsipiallığımız yoxdu. Ötən il bunu başa vurduq (gülür). Zaur Həşimov yaxın dostumdu. Ona da uğurlar arzulayıram. Qışda lazımi mövqelərə oyunçular alıblar. Geniş heyətə malikdilər. Rəqibi təhlil edəcəyik. Azarkeşlərimizin qarşısında vacib oyuna çıxacağıq”.
Füzuli Məmmədov: “Gərgin oyun oldu. Bunu öncədən gözləyirdik. Fasilədən sonra etdiyimiz dəyişikliklər və futbolçuların göstərdiyi fədakarlığın nəticəsində qol vurduq, məğlubiyyətdən xilas olduq. Ancaq “Neftçi” hər oyuna qələbə üçün çıxır. Bu matçı təhlil edib, qarşıdakı oyunlara hazırlaşmalıyıq. “Sumqayıt” sürətli komandadı. Azlıqda qalandan sonra oynamaq ikiqat yükdü. Müdafiəyə çox güc düşürdü. Arxa xəttimiz də fədakarlıq edirdi. Orta xətt gecikdiyinə görə müdafiəyə güc düşürdü. Düşünmürəm ki, müdafiəmizdə yer alan oyunçuların keyfiyyəti aşağıdı. Bütün matçlarda güc daha çox orta xəttin üzərinə düşür. Biz yarımmüdafiəçilərə nə zaman necə oynamaq lazım olduğunu deyirik. Komandanın lazımi kondisiyaya çatmaq üçün zamana ehtiyacı var. Dabonun məni eşitməməsinə gəlincə, bəli, o bəlkə də həmin an düz etmədi. Ancaq onu da başa düşürəm, hesab istədiyimiz kimi olmadı. Bu üzdən futbolçular matçdan sonra bir az aqressiv olurlar. Ancaq o, meydana çıxdıqdan sonra hücumda kəsərlilik artdı. Dabo çox istəkli idi və bu məni sevindirdi. Futbolçuları anlamalı və onları başa salmalıyıq. Azarkeşlərə təşəkkür edirəm ki, bizi 90 dəqiqə dəstəklədilər. Onlara tərəf getmək istəyirdik, bundan sonra da gedəcəyik. Ancaq məyus şəkildə tribunadan çıxdıqlarını görəndə fikrimizdən daşındıq. Stankoviç önəmli futbolçudu. Ancaq “Qarabağ”la görüşdə Mboc da müdafiənin mərkəzində oynaya bilər. Ondan başqa gənc futbolçumuz da var, ehtiyac olarsa, onları da meydana buraxa bilərik”.
Vurğun Hüseynov: “Açığı, "Neftçi" elə bir rəqibdi ki, kimsə əvvəlcədən bu komanda ilə qarşılaşıb, 3 xal qazanacağını deyə bilməz. Həqiqətən də yaxşı komandadı. Fikrimcə, bu gün bəxtimiz gətirmədi. Bir neçə qol şansımız oldu, amma istifadə edə bilmədik. Səhv etmirəmsə, rəqibin vurduğu qol vaxtı oyundankənar vəziyyət idi. Mən heç vaxt hakimlər barədə danışmamışam. Amma belə də olmaz. Bunu necə görə bilməzlər? Bugünkü oyunda 2 xal itirdik. Bizə qarşı qərəzli bir şeyin olduğunu fikirləşmirəm. Amma belə epizodları görmək lazımdı. Futboldu, onlar da səhv edə bilərlər. Ancaq qarşıdakı oyunlarda diqqətli olsalar, daha yaxşı olar. Özünüz də görürsüz ki, necə əziyyət çəkirik. Hamımız azərbaycanlı uşaqlarıq. Hər cür zədə ala bilirik. Məsələn, birinin qaşı, birinin gözü çıxır. Hər bir komanda kimi, biz də "Neftçi"yə qarşı oynayanda əziyyət çəkirik. Məşqçilər taktiki cəhətdən daha çox işləyir. "Neftçi"yə qarşı yaxşı oynamağımızın tək səbəbi baş məşçqinin bizi taktiki cəhətdən yaxşı hazırlamasıdı. Qaşımın partladığı anda hakimin rəqib oyunçuya qırmızı vərəqə göstərəcəyini gözləyirdim. Çünki adi bir toxunuş olsaydı, niyə qaşım partlasın? Bildiyim qədər dirsəklə sifətə zərbə, toxunuş varsa, qırmızı vərəqə göstərilməlidi. İnşallah, sabahdan hər birimiz "Zirə" ilə oyuna hazırlaşmağa çalışacağıq. Həqiqətən də yaxşı komandadı. Hər bir matça 100 faiz köklənməliyik. Güclü hazırlaşsaq, yaxşı nəticə qazana bilərik. Avrokuboklar haqda danışmaq hələ tezdi. Qarşıda oyunlar var. Zaman göstərəcək. Bizim fikrimiz pillə-pillə irəliləməkdi”.

Gözdən qaçmadı
* İkinci hissənin sonlarına yaxın “Sumqayıt”ın azarkeşləri petardlar yandırdılar ki, bu da polis əməkdaşlarının xoşuna gəlmədi. Asayiş keşikçiləri çox keçmədən sumqayıtlıların 2 fanatını tribunadan tutub apardı.
* Matç başa çatandan sonra Füzuli Məmmədov Baqali Dabonu səsləyib komanda üzvləri ilə birgə minnətdarlıq üçün azarkeşlərə tərəf getməsini istədi. Ancaq “ərköyün” futbolçu baş məşqçinin sözlərinə fikir verməyib, nümayişkəranə şəkildə əlini havada yelləyib paltardəyişmə otağına yollandı.
* Baş məşqçi kimi premyer-liqada debüt edən Füzuli bəy 90 dəqiqə boyunca bir yerdə dayanmadan gah futbolçularına qışqırır, gah da hakimlərə iradını bildirirdi. 4-cü hakim dəfələrlə meydan sahiblərinin çalışdırıcısına yaxınlaşıb sakitləşməsini istədi. Məmmədov sanki sələfi Roberto Bordinin hərəkətlərini təkrarlayırdı.
* “Neftçi”nin xal itirməsi azarkeşləri də məyus etmişdi. Adətən, “Forza Neftçi”nin üzvləri oyundan sonra futbolçuları yanlarına çağırıb şüarlar səsləndirirlər. Ancaq şənbə günü hakim final fitini çalar-çalmaz fanatlar tez-tələsik tribunanı tərk etdilər.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR