Sizin reklam burada

Lider mövqeyini bərkitdi, ən yaxın təqibçisi dəyişdi

Baxış Sayı:480


54 günlük fasilədən sonra ötən şənbə premyer-liqada ikinci yarıya start verildi. 3-cü dövrənin ilk qarşılaşması “Zirə”də baş tutdu. Qış fasiləsinin transfer baxımından ən fəal klubu olan "Zirə" kubokda mübarizəni dayandırandan sonra bütün diqqətini çempionata yönəldən "Sabah"ı qəbul etdi. Əvvəlki iki dövrədə tərəflər arasında baş tutan qarşılaşmalar heç-heçə başa çatsa da, “qartallar” bu dəfə “doğma divarlar” arasında “şikarını caynağından” buraxmadı. Zaur Həşimovun komandası “tələbələr”i 2 cavabsız qolla məyus etdi. Qış fasiləsində “Səbail”dən ayrılaraq qəsəbə təmsilçisinə keçən Ağabala Ramazanovun yeni komandasında fərqlənməsini də xüsusi vurğulamaq lazımdı. Bundan başqa, görüşdə diqqəti çəkən başqa məqamlar da oldu. Yanvarda “Zirə”ni “Sabah”a dəyişən Xulio Sezar Rodriges ikinci hissədə sabiq komndasına qarşı oynadı. Moldova yığmasının iki üzvü - Corc Antonla Yevgeni Koçuk rəqib qismində üz-üzə gəldilər. Corc premyer-liqada debüt edirdisə, Koçuk artıq neçə ildi Azərbaycanda top qovur və transfer dönəmində “Səbail”dən “Sabah”a yollanıb. “Tələbələr”i evə əliboş yola salan “qartallar” qazandığı 3 xal sayəsində turnir cədvəlində bir pillə irəlilədi. 15 turdan sonra qəsəbə təmsilçisi “Sumqayıt”ı 1 xal qabaqlamaqla 4-cü pillədə qərarlaşıb.
Turun mərkəzi matçı isə "Bakcell Arena"da keçirildi. "Neftçi" ilə "Sumqayıt" cari mövsümdə artıq 5-ci dəfə görüşdü. “Kimyaçılar” “ağ-qaralar”ı ölkə kubokundan kənarlaşdırsa da, 2019/20 “futbol ili”nə təsadüf edən əvvəlki 2 qarşılaşamada sevinən tərəf bakılılar olmuşdu. Elə bu görüşdə də “Neftçi”nin qalib gələcəyinə inananların sayı çox idi. Bunu əsaslandıran şərtlərdən biri və bəlkə də başlıcası futbolçularla, xüsusilə də legionerlərlə yola getməyən Roberto Bordinin düşərgədən ayrılması, Füzuli Məmmədovun “sükan arxasına” keçməsi idi. Ancaq çempionluğa iddialı komanda öz meydanında məğlubiyyətdən zorla qaçmaqla azarkeşlərini məyus etdi. Oyun heç bir komandaya sərf etməyən heç-heçə ilə başa çatdı. Belə ki, bu qarşılaşmadan sonra sumqayıtlılar 5-ci, “ağ-qaralar” isə 3-cü pilləyə yuvarlandılar.
Bir gün öncə “Neftçi”nin xal itirməsi “Keşlə”nin işinə yaradı. Cari mövsümdə Tərlan Əhmədovun komandasının bölgəyə ilk səfəri uğurlu alınmışdı. “Qırmızı-ağlar” 3 xalı 4 qolla qazanmışdı. “Keşlə”ni “Qəbələ” üçün çətin rəqib hesab etmək olardı. Bölgə təmsilçisi öz meydanında artıq 4 oyun idi ki, bakılıları yenə bilmirdi. İkiillik ənənə bu dəfə də dəyişmədi. Tərlan Əhmədovun yetirmələri artıq ilk hissədə meydan sahiblərini 2 dəfə məyus etməklə qələbə yolunda inamlı addım atmış oldu. Elmar Baxşıyevin komandası buraxılan qollardan yalnız birinin əvəzini çıxa bildi. Qələbə sayəsində “Keşlə” xalını 26-ya çatdırıb, “Neftçi” ilə bərabərləşdirsə də, daha yaxşı göstəricilərə görə 16-cı tur ərəfəsində “ağ-qaralar”a yuxarıdan aşağı baxır.
Tura Bayılda yekun vuruldu. Lider “Qarabağ” autsayder “Səbail”in qonağı oldu. Aftandil Hacıyevin komandası ölkə kubokunu da nəzərə alsaq, ardıcıl 12 matç idi qələbənin nə olduğunu bilmirdi. Digər tərəfdən, “dənizçilər” bu oyuna kimi "Qarabağ"a (texniki qələbəni nəzərə almasaq) bütün matçlarda məğlub olmuşdu. Komandanın qış fasiləsində bəzi aparıcı oyunçularla məcburiyyətdən vidalaşması “qara zolağ”ın davam edəcəyindən xəbər verirdi ki, proqnozlar doğruldu. Aftandil bəyin yetirmələri çox çalışsalar da, “köhlən atlar”ın qələbəsinə mane ola bilmədilər. Sona 9 dəqiqə qalmış Mahir Əmrəli komandasına 3 xal qazandıran qolun müəllifi oldu. Bu qələbə sayəsində Qurban Qurbanovun komandası liderliyini bir qədər də möhkəmlətdi və hazırda ən yaxın izləyicisi “Keşlə” və “Neftçi”ni 8 xal qabaqlayır.
Azərbaycan premyer-liqası
3-cü dövrə, 15-ci tur
1 fevral
Zirə - Sabah 2:0
Neftçi – Sumqayıt 1:1
2 fevral
Qəbələ - Keşlə 1:2
Səbail – Qarabağ 0:1
1. Qarabağ 15 10 4 1 25-7 34
2. Keşlə 15 7 5 3 20-13 26
3. Neftçi 15 7 5 3 23-12 26
4. Zirə 15 5 5 5 20-22 20
5. Sumqayıt 15 5 4 6 19-21 19
6. Sabah 15 3 4 8 14-20 13
7. Qəbələ 15 3 4 8 15-26 13
8. Səbail 15 3 3 9 10-25 12
Bombardirlər: Lorenso Frutos (Keşlə), Peyman Babayi (Sumqayıt), Stiven Jozef-Monroz (Nefçi) – 6, Mehdi Şərifi (Sumqayıt), Davit Volkov (Zirə), Mahir Əmrəli (Qarabağ) – 5.
Növbəti turun oyunları: 7 fevral – Keşlə - Səbail, Sabah – Qəbələ; 8 fevral – Qarabağ – Neftçi, Sumqayıt – Zirə.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR