30 komanda iki konfransda yarışacaq
Milli Basketbol Assosiasiyasının (MBA) həm oğlanlar, həm də qızlar arasında 12-14 yaş qrupunu əhatə edən Jr.NBA Azərbaycan Liqası ictimaiyyətə təqdim olundu. Dünən “For Seasons Hotel”də keçirilən tədbirdə gənclər və idman naziri Azad Rəhimov, təhsil nazirinin müavini Firudin Qurbanov, ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger, MBA-nın Avropa, Afrika və Yaxın Şərq ölkələri üzrə vitse-prezidenti Xesus Bueno Paskual, Azərbaycan Basketbol Federasiyasının prezidenti Nadir Nəsibov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və başqa qonaqlar iştirak etdilər. Tədbirin açılışında bir neçə gün öncə helikopter qəzasında dünyasını dəyişən əfsanəvi basketbolçu Kobi Brayantın xatirəsi birdəqiqəlik sükutla yad olundu.
Ardınca söz alan Azad Rəhimov layihənin uğurlu alınacağını vurğuladı: "İlk dəfə Azərbaycanda dünyada məşhur, milyonlarla azarkeşi olan MBA-nın aşağı yaş qrupları üzrə birinciliyi keçiriləcək. 75 ölkədə 51,5 milyondan artıq yeniyetməni birləşdirən layihədi. Bu çox sevindiricidi. İnanıram ki, basketbolun inkişafına təkan verəcək. Boks, güləş, cüdo və bir sıra növlərdə Olimpiadada uğurlar qazanırıq. Biz komanda növlərində - futbol, həndbol, voleybol, basketbolda da bunu gözləyirik. Basketbolda da maddi-texniki baza yüksəkdi. Bu gün başlanılan işin uğurlu olacağına inanıram. Bu layihə ilə MBA-nın qapıları azərbaycanlı uşaqların üzlərinə açılacaq".
Firudin Qurbanov basketbola məktəblərdə xüsusi diqqət yetirildiyini vurğulaydı. Təhsil nazirinin müavini bu layihəni yeniyetmə basketbolçuların inkişafı yolunda atılan vacib addım kimi dəyərləndirdi. Çingiz Hüseynzadə isə layihənin yaxın vaxtlarda öz bəhrəsini verəcəyinə inandığını söylədi.
MBA-nın vitse-prezidenti Xesus Bueno Paskual çıxışında Azərbaycana gəlişindən məmnun olduğunu dedi: "Bu layihə çox faydalı və möhtəşəm olacaq. Bu il liqada uşaqların sayını 60 milyona çatdırmağı planlaşdırırıq. İnanıram ki, Azərbaycan üçün də uğurlu alınacaq. Burda çempion olacaq komanda artıq MBA birinciliyinə qatılacaq və bu da ölkə basketbolu üçün mühüm əhəmiyyət kəsb edəcək. Bunun üçün Azərbaycan Basketbol Federasiyasına minnətdarlığımı bildirirəm. Biz hələ proqramın təməlini qoyuruq. İnanıram ki, bu gələcəkdə peşəkar səviyyəyə yüksələcək və gənclər də mübarizəyə qoşulacaq. MBA layihəyə 4 il əvvəl start verib. Qafqazda ilk dəfə Gürcüstanda bunu etdik. İlk ildə cəmi bir komanda var idi. İndi onların sayı 100-dən çoxdu. Avropada 80-dən çox liqamız var. Bütün yarışlar MBA-nın Əsasnaməsinə uyğun keçirlir. Hər ölkədə liqanın qalibi pley-off mərhələsində iştirak etmək hüququ qazanır. Son mərhələ Londonda təşkil olunur və qitə üzrə 4 komanda əsas mükafat uğrunda mübarizə aparmaq üçün İngiltərə paytaxtına səfər edir. Onu da qeyd edim ki, Jr.NBA Azərbaycan Liqasında 30 komanda iki konfransa bölünüb, 6 divizionda mübarizə aparacaq. Komandalar MBA klublarının adlarını daşıyacaq”.
ABŞ-ın ölkəmizdəki səfəri Litzenberger də layihənin uğurlu alınacağına ümid etdiyini vurğuladı: "Üç gün öncə məşhur basketbolçu Kobi Brayantın ölümünə mən də məyus oldum. O, 1996-cı ildən "Los-Anceles Leykers"in formasını geyməklə MBA-nın nüfuzunun qalxmasında xüsusi pay sahibi olub. Bir amerikalı və basketbol həvəskarı kimi dərin hüzn hissi keçirirəm. Basketbol aləmi bu həftə bir əfsanəsini itirdi. Kobinin MBA-nın bütün dünyada məşhurlaşmasında böyük rolu olub. Bu gün basketbol dünyanın ikinci ən məşhur idman oyunudu. Hazırda dünyada basketbolun 2 milyarddan çox azarkeşi var. Layihəyə gəlincə, bu bir daha basketbolun dünyada çox məşhur olmasının göstəricisidi. Tezliklə MBA-nın komandalarında azərbaycanlı ada da rast gələcəyimizə ümid edirəm. İnanıram ki, Azərbaycan komandalarının uğurlarını birgə izləyəcəyik”.
Sonda söz Basketbol Federasiyasının prezidenti Nadir Nəsibov verildi. O da Jr.MBA liqasının əhəmiyyətindən danışıb, uğurlu gələcəyə inandığını bildirdi. Nadir bəy gələcəkdə universitetlərarası yarışların keçirilməsinin də nəzərdə tutulduğunu söylədi: "Seçim bu günə kimi ölkə birinciliyinə qatılan məktəblər arasından ediləcək. Orda ən güclülər müəyyənləşəcək və yarışda iştirak hüququ qazanacaqlar. Ümumilikdə 30 komandanın iştirakı nəzərdə tutulub. Gələcəkdə komanda sayı arta da bilər. Hətta fikrimizdə var ki, universitetlər arasında da belə liqa təşkil edək. Proqramın fəlsəfəsinə əsasən oğlan və qızlar bir komandada da oynaya bilərlər, ayrı-ayrılıqda da. Bizdə bu layihə ilk dəfə keçirildiyindən böyük ehtimalla bu dəfə heyətlər qarışıq olacaq. Maliyyə məsələlərinə gəlincə, Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi həmişə bizə dəstək olub. Yarışın təşkilatçıları da bu dəfə kömək edəcəklərinə söz veriblər. Komandaların adları isə püşkatma yolu ilə müəyyənləşəcək”.
RƏŞAD