Sizin reklam burada

Bunun harası vacib oyundu ki?

Title
Deyəsən, Əliyar Ağayevi ÇL və AL-in, dünya və Avropa çempionatlarının seçmə mərhələsinin vacib oyunlarında yox, elə uzağı Yunanıstan çempionatında görəcəyik. Belə ki, bu ölkənin çempionatının 22-ci turunun “Panatinaikos” – PAOK oyununda məhz həmyerlimiz iş başında olacaq. Əliyarın uğurunu istəməyən ürəyindən, görə bilməyən gözündən olsun. Amma öz aramızdı, bu qarşılaşmanı AFFA-nın saytında yazıldığı kimi, yəni “vacib oyun” statusu ilə təqdim etmək də ən azı mübaliğədi. “Panatinaikos” Afinanı, PAOK isə Salonikini təqdim edir, yəni bu oyun şəhər derbisi deyil. Yaxşı, bəlkə komandalar turnir cədvəlinin ilk iki pilləsində qərarlaşıblar deyə, AFFA Əliyarın təyinatını gözə soxmağa, hakimlik məktəbimizin uğuru kimi qələmə verməyə çalışır. Vallah-billah, bu da deyil. Mənə inanmırsızsa, bütün açıq qaynaqlarda tapa biləcəyiniz Yunanıstan çempionatının turnir cədvəlinə baxın. Baxmağa vaxtınız yoxdusa, mən xatırladım: PAOK 21 turdan sonra 52 xalla turnir cədvəlinin zirvəsində qərarlaşıb. Liderdən nə az, nə çox – düz 18 xal geri qalan “Panatinaikos” isə 4-cü pillədən boylanır. Deməli, hansısa prinsipiallıqdan, vacib oyundan söhbət gedə bilməz. Belə görünür ki, Azərbaycanın zəngin hakimlik ənənələrinin davamçısı kimi baxdığımız Əliyar Ağayev də tezliklə xərclənəcək, onu böyük turnirlərin final mərhələsində görmək arzumuz ürəyimizdə qalacaq.
ORXAN
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.