“Onun sözündən belə başa düşdüm ki…”
Bildiyiniz kimi, Joze Alesio Da Silvanın rəhbərlik etdiyi futzal yığması DÇ-2020-nın elit mərhələsində iştirak etmək üçün oyunların keçiriləcəyi Xorvatiyaya yollanıb. Futzalçılarımız Osiyekdə sabah meydan sahibləri, bir gün sonra Rusiya, fevralın 1-də isə Slovakiya ilə üz-üzə gələcək.
Braziliyalı mütəxəssisin çalışdırdığı komanda səfər ərəfəsində Özbəkistanla 2 yoxlama görüşü keçirdi. Ondan sonra isə Xorvatiyaya aparacağı heyəti açıqladı. Toplanışa cəlb olunan 14 futzalçıdan ikisi - Tofiq Mikayılov və “milliləşdirilən” iranlı Hadi Əhmədiyə son anda Osiyekə gedənlər arasında yer tapılmadı. Niyə? Bu suala cavab tapmaq üçün heyətdən kənarda qalan Mikayılovla danışmağı lazım bildik. Adətən, son anda bilet alınmayan oyunçular nədənsə narazılıq edirlər, haqsızlıqla üzləşdiklərini deyirlər. Ancaq uzun fasilədən sonra futzala üz tutan Tofiq baş məşqçinin qərarına hörmətlə yanaşdığını bildirdi: “Bildiyiniz kimi, 12 ildən sonra böyük futboldan ayrılıb futzala döndüm. Alesioya da təşəkkür edirəm ki, məni yığmanın toplanışına dəvət etdi. Cəmi 2 aydı futzaldayam. Xorvatiyaya aparılmadığıma görə heç də məyus deyiləm. Bununla bağlı baş məşqçi ilə aramızda söhbət oldu. Braziliyalı mütəxəssis bildirdi ki, performansımdan razıdı. Sadəcə, uzun fasilədən sonra yığmanın heyətində məni həlledici oyunlara aparmaqla riskə yol vermiş ola bilər. Onun sözündən belə başa düşdüm ki, məni “yandırmaq” istəmir. Onun fikirlərini anlayışla qarşıladım. Böyük futbol kimi, futzal da nəinki illə, ayla, saatla dəyişir, yeni taktiki gedişlər, fərqli oyun modelləri tətbiq olunur. Mən isə uzun vaxtdı futzaldan ayrı düşmüşəm. Texniki göstəricilərim, futzal anlayışım yerindədi. Lakin müəyyən detallar var ki, ona uyğunlaşmalıyam. Yenə deyriəm, oyun planında narazılığı yoxdu. Hətta məni çalışdırdığı “Araz”da görmək istədiyini də vurğuladı. Ancaq onun təklifi ilə razılaşmadım. Çünki 12 ildən sonra məni futzala qaytaran “Marafon” olub. Bu komandanı yarıyolda qoyub getmək düz çıxmazdı. Alesionun son sözü bu oldu ki, dünya çempionatına vəsiqə qazanacağımız halda məni milliyə dəvət edəcək. Çünki mundiala hazırlaşmaq, baş məşqçinin oyun fəlsəfəsini dərk etmək üçün yetərincə vaxtımız olacaq. Onları yola salanda da bütün futzalçılarımıza Xorvatiyadan uğurlu nəticə ilə geri dönməyi arzuladım”.
Elit mərhələ ərəfəsində toplanışda iştirak edən Mikayılovdan yığmanın üstün və zəif cəhətləri hada da məlumat əldə etməyə çalışdıq, şansları dəyərləndirməsini istədik: “Heç kimə sirr deyil ki, qrupun favoriti Rusiyadı. Ruslar səviyyə baxımından həm bizdən, həm də qalan iki rəqibdən üstündülər. Bəli, qrup birincisi olmağımız çox çətin görünür. Ancaq ikinci kimi pley-offa vəsiqə qazana bilərik. Hər şey Xorvatiya ilə keçirəcəyimiz ilk oyunun nəticəsindən asılıdı. Onlara qalib gələ bilsək, böyük ehtimalla ikinci ola biləcəyik. Millinin üstünlüyü Alesio kimi təcrübəli baş məşqçiyə sahib olmasıdı. Braziliyalı çalışdırıcı daha çox taktiki gedişlər üzərində işləyir və komandasını da bu yöndə mükəmməl hazırlamağı bacarır. Onun üçün əsas futbolçunun fərdi ustalığı, texniki bacarığı yox, komanda oyunudu. Bunu Xorvatiyadakı matçlarda meydana yansıda bilsələr, ən azı pley-offa yüksələ bilərik”.
RƏŞAD